“Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla sülh müqaviləsini imzalamaq barədə təkliflərinə erməni tərəfi uzun müddət heç bir cavab vermədi. Çünki Rusiyanın vasitəçiliyi ilə keçiriləcək danışıqların nəticəsinin ermənilərə yaxşı heç nə vəd etmədiyini anlayırdılar. Onu da dərk edirdilər ki, Azərbaycanın dövlət başçısının 10 noyabr bəyanatının imzalanmasından sonra söylədiyi- “status cəhənnəmə getdi”- sözləri elə-belə deyilməyib və bu qətiyyətin arxasında müəyyən razılaşmalar dayanır”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.Onun sözlərinə görə, Ermənistanın Minsk Qrupunun vasitəçiliyi ilə danışıqların aparılması təşəbbüsü ilə çıxış etməsi Rusiyanı qəzəbləndirər və ermənilərə baha başa gələ bilərdi: “Bu səbəbdən uzun müddət Azərbaycan tərəfinin təkliflərini cavabsız buraxan Ermənistan Minsk Qrupu həmsədrlərinin tərəfləri onun vasitəçiliyi ilə birbaşa danışıqlara dəvət etməsi təklifindən dərhal yapışdılar. Baş nazir N.Paşinyan elan etdi ki, Minsk Qrupunun təklif etdiyi qaydada birbaşa danışıqlara hazırdır. Azərbaycan Prezidenti də belə danışıqlara hazır olduğunu bəyan etdi.Ermənilərin bu davranışında bütün işlərində olduğu kimi bir hiyləgərlik varmı? Təbii ki, var. Onlar yaxşı anlayırlar ki, istədiklərinə yalnız Minsk Qrupunun vasitəçiliyi ilə nail ola bilərlər. Təkcə Rusiyanın arbitrliyi ilə aparılan danışıqlar 44 günlük müharibədə olduğu kimi Azərbaycanın istəklərinin reallaşması ilə nəticələnə bilər. Bu səbəbdən Minsk Qrupu həmsədrlərinin 29 iyul bəyanatından “saman çöpü” kimi yapışdılar. Tamamilə mümkündür ki, bu təklifi Minsk Qrupuna ermənilər ötürmüşdülər”.A.Səmədov onu da bildirdi ki, həm Azərbaycan, həm də Rusiya Minsk Qrupunun fəallaşmasında qətiyyən maraqlı deyil: “Bu səbəbdən onun vasitəçiliyi ilə birbaşa danışıqlar aparılması təşəbbüsünün hansısa razılaşmaya gətirib çıxarması qeyri-mümkündür. Çünki, bir tərəfdən Rusiya buna imkan verməyəcək, digər tərəfdən, Azərbaycan da inzibati-ərazi vahidi kimi ləğv olunan “Dağlıq Qarabağa” hər hansı status vermək cəhdlərinə qarşı kəskin etiraz edəcək. Bu səbəbdən, təklif olunan birbaşa danışıqların hər hansı nəticəyə gətirib çıxaracağına inanmaq sadəlövhlükdür. N.Paşinyanın digər təklifi - sərhədlərin delimitasiya işlərini təcili qaydada aparılması-bizi tam qane edir. Məncə, təcili Azərbaycan tərəfindən komissiyanın üzvləri müəyyənləşməli və Rusiyanın iştirakı ilə işlər başlanmalıdır. Bu məsələdə ermənilərin Baş nazirinin “dilindən tutmalıyıq” və ona qaçmağa imkan verməməliyik”.
sia.az