“İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri də 44 günlük müharibə qədər sürətlə aparılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da işğaldan azad edilmiş rayonlara səfərləri çərçivəsində onlarla yeni obyektin açılışını etdilər. Bu sırada yer alan obyektlər arasında Molla Pənah Vaqifin büstünü, Bülbülün ev-muzeyinin bərpadan sonra açılışını, Üzeyir Hacıbəylinin heykəlinin açılışını, Şuşada “Qarabağ” hotelinin açılışını, “Otel və Konfrans Mərkəzi”nin təməlinin qoyulmasını və digərlərini göstərmək olar”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Media eksperti Müşfiq Ələsgərli SİA-ya açıqlamasında bildirib.Onun sözlərinə görə, ərazidə həm mədəniyyət abidələrimiz bərpa edilir, həm də yaşayış üçün vacib infrastruktur yaradılır: “Bu sırada Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi xüsusilə maraq yaradır. Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunur. Baqaj konveyerlərinin, qeydiyyat və digər sistemlərin işə salınması nəzərə alınmaqla, sentyabr ayının sonuna qədər sərnişin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq. Uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı artıq istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək. Bu, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dünyada ən qısa müddətdə, sürətlə tikilmiş hava limanıdır. Digər işlər də, əslində, çox sürətlə aparılır. Demək olar ki, bərpa-quruculuq işləri 44 günlük müharibə qədər sürətlə, həm də uğurla aparılır. Arzu və ümid edirik ki, bərpa-quruculuq işləri də 44 günlük müharibədə olduğu kimi, qalibiyyətlə başa çatacaq. Nəticədə işğaldan azad edilmiş ərazilərdə məskunlaşma baş tutacaq, bu ərazilərdə həyat öz axarına düşəcək”.
sia.az