PDF Oxu

Siyasət

  • 4 693

“Nikbin şair Vaqifin məqbərəsinin yenidən qurulması..." - MƏQALƏ

“Nikbin şair Vaqifin məqbərəsinin yenidən qurulması..." - MƏQALƏ

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının səlahiyyətlərini icra edən

Əlbəttə, heç nə təsadüfi deyil. Taleyin və tarixin öz diqtəsi var. Rasional və məntiqlə düşünsək görərik ki, əslində təsadüfləri insanlar yaradır. Lap elə Qarabağın, Şuşanın işğaldan azad olunması kimi. Bu nə hədiyyədir, nə töhfə, nə də təsadüf! Heç Qarabağın tacı olan Şuşada keçirilən mədəniyyət, ədəbi – bədii tədbirlər də təsadüf deyil. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır və orada biz 30 il əvvəl qaldığımız yerdən davam edirik.

Mədəniyyət yoldan başlayır. Fərqi yoxdur, hava, avtomobil və dəniz yolu. Çünki gedə bilmədiyin yer-yurd sənin deyil. Biz tarixi torpaqlarımıza illərlə gedə bilməsək də nə torpaqlarımız öz ruhunu, Azərbaycançılığını, müsəlmançılığını, tolerantlığını unutmuşdu, nə də biz öz torpaqlarımızı geri alacağımıza olan ümidimizi itirməmişdik. Bunu Şuşada olan hər kəs deyir. Baxmayaraq ki, şəhər tamami ilə xarabaya çevirilib, lakin hər küçədə, hər dalanda biz milli ruhumuzu görə bilərik. Azad olunduqdan sonra bütün Qarabağ kimi Şuşa da sürətlə bərpa olunur. Su, işıq, qaz və digər kommunal ehtiyaclar Şuşada təmin olunmaqdadır. Yarımstansiya tikilib, Şuşada yaşamaq üçün artıq lazımi bütün addımlar atılmışdır. Qəribəsi odur ki, Şuşaya iddialı olan ermənilər burada bir bina da tikməmişdirlər, bir yol da çəkməmişdirlər. Bəs hansı haqla və tarixi faktlarla Şuşaya qarşı iddia edirdilər? İlin əvvəlindən ötən 8 ay müddətində Şuşada həyata keçirilən işlər deməyə əsas verir ki, şəhərin əsl sahibləri geri dönmüşlər.

Füzulinin Qarabağa, Şuşaya açılan qapıya çevirilməsi də təsadüfi deyil. Axı biz ilk addımı məhz ordan atdıq, ilk şəhidlərimizi də orada verdik, ilk qələbələri də orada qazandıq. Elə zəfərə gedən palçıqlı yollar da Füzulidən keçdi. İndi üzərinə tökülən şəhid qanları, ana göz yaşları ilə Füzuli Qarabağın hava qapısı olmağa da layiqdir. Bu da təsadüfi deyildir ki, dünyada bəlkə də bu qədər sürətlə tikilmiş ikinci bir hava limanı yoxdur. Cəmi bir neçə ayın içində Qarabağın yenidən qurulması çərçivəsində belə bir beynəlxalq hava limanının tikintisi üçün yalnız maliyyə deyil, eyni zamanda da siyasi iradə, kadr potensialı və ən əsası sönməz vətənpərvər ruh tələb olunur.

Füzuli beynəlxalq hava limanı 3000 metr uzunluğunda, 60 metr enində uçuş-enmə zolağı, yük və sərnişin gözləmə zalları, ətrafında avtomobillər üçün dayanacaqları ilə qısa müddətdə yaradılmış sözün bütün mənalarında möcüzədir. Yaradılmış müasir perronlar sayəsində “İKAU” və “İYATTO” standartlı təyyarələr Füzuli beynəlxalq hava limanına enə biləcəklər. Bu hava qapısı Füzuli və bütün Qarabağın iqtisadi potensialını artıracaq, turizmi inkişaf etdirəcəkdir. Xüsusi ilə də Şuşanı görmək istəyən turistlər bu yolla qısa vaxtda və rahat bir şəkildə arzularına çatacaqlar. Bir məqam da vardır ki, müharibə bitsə də regionda revanşist hisslərlə yaşayan və lazımsız xəyallar quranlar ola bilər. Füzulidə, Zəngilanda və Laçında tikiləcək beynəlxalq hava limanları həm də strateji hərbi obyektlər olaraq fəaliyyət göstərəcəklər. Bu hava limanları hərbi texnikanın ən qısa və münasib yolla hadisə yerinə çatdırılmasında böyük əhəmiyyətə malik olacaqlar. Yaradılmış bütün infrastruktur layihələr kimi yollar, hava limanları eyni zamanda da iş yerləridir. Bu yaxınlarda oxuduğum bir elanda yazılırdı ki, Füzuli sakinlərinə beynəlxalq hava limanında iş təklifləri vardır. Bu həm də regionda iş potensiallarının formalaşması və yaşamaq üçün imkanların artması deməkdir. Şuşaya Füzulidən magistral yol da çəkilir. Tərkibində tunellər, yol ötürücüləri, keçidlər, körpülər olacaq bu magistral yolla yanaşı igidlərimizin Şuşaya getdikləri Zəfər yolunun 92 km-i artıq hazırdır. 2-3 zolaqlı bu yol bölgənin inkişafına artıq öz töhfələrini verməyə başlamışdır. İndi Şuşaya gələn bütün qonaqlar, lazımi avadanlıqlar, müdafiə üçün ekipajlar bu yol vasitəsi ilə gəlməkdədir. Doğrudan da yol olmadığı bir vəziyyətdə biz hansı mədəniyyətdən, inkişafdan danışa bilərik?! Məhz bu səbəbdən Qarabağın inkişafı yol və infrastruktur layihələrlə başlamışdır.

Biz qayıtmışıq! Bu, adi söz ola bilməzdi və deyildir. Torpaqlarınm geri alınması uğrunda canımızı, qanımızı və igid oğullarımızı itirmişik. Əlbəttə, onların itkisinin əvəzini biz heç nə ilə ödəyə bilmərik. Lakin Qarabağ nə qədər çox inkişaf eləsə, bizim ora qayıdışımız nə qədər sürətli olsa şəhidlərimizin də ruhları şad olacaqdır. Məhz bu səbəbdən cənab Prezidentin son səfəri zamanı Şuşada bir çox obyektin təməlinin atılması, şəhərin baş planının təqdim edilməsi, Qarabağ otelinin istifadəyə verilməsi, şəhəri təşkil edəcək 6 məhəllədən ibarət massivin ilk məhəlləsinin və karvansara tipli otel-konfrans mərkəzinin bünövrəsinin atılması Qarabağın tacı olan Şuşanın inkişafının yeni mərhələsini təşkil edir. İnsanlar qayıdacaqlar və həyat Qarabağda yenidən canlanacaq. Bu bizim gələcək inkişafımızı və regionda sülhü təmin edən əsas əlamət olacaqdır.

Mədəni həyat hər bir şəhəri pasportudur. İnsanlar yaşamaq üçün hər yerdə səbəb tapırlar. Lakin mənalı ömür sürmək hər bir şəhər sakininin arzusudur. Şuşa əsası qoyulduğu gündən, 270 ildir ki, Azərbaycan, türk və müsəlman mədəniyyətinin mərkəzlərindən biri olmuşdur. İşğal altındakı 30 illik müddəti nəzərə almasaq, Qafqazın konservatoriyası olan Şuşa sözün bütün mənalarında mədəniyyətin bütün sahələri üzrə əsas mərkəz rolunu oynamışdır.

Qarabağ xanlığının Pənahəli xandan sonra ən mütərrəqi xanı olan İbrahimxəlil xanın vəziri, Azərbaycan divan ədəbiyyatının və xalq yaradıcılığının ən görkəmli nümayəndələrindən biri olan Molla Pənah Vaqifin Şuşada 1982-ci ildə məqbərəsinin ucaldılması və Vaqif poeziya günlərinin keçirilməsi Sovet İttifaqı dövründə sadəcə ədəbi hadisə deyil idi. Eynin zamanda da Şuşaya iddia edən ermənilərin iddialarına cavab olmaq nöqteyi-nəzərindən çox siyasi bir qərar idi. Ulu Öndər Heydər Əliyevin bu misilsiz və ölçüyə gəlməz, tarixi addımı xalqımızın sanki gələcəkdə məruz qalacağı işğal siyasətinə verilə biləcək ən gözəl cavab idi. Bu gün isə cənab Prezident ata vəsiyyətini yalnız işğal faktının aradan qaldırılması ilə deyil, eyni zamanda da Qarabağa mədəni həyatın geriyə qayıtması ilə yerinə yetirdi. Vaqifin Azərbaycan xalq ədəbiyyatının, qoşmanın, müxənnəsin inkişafında, aşıq sənətinin tərəqqisində olduğu qədər tariximizdə də rolu böyük olmuşdur. Nikbin şair olan Vaqifin Heydər Əliyev Fondu tərəfindən məqbərəsinin təmir edilməsi, yenidən qurulması əlbəttə, təsadüfi deyil. Bu, Qarabağın bundan sonrakı inkişafına və xalqımızın bu torpaqlarda əbədi yaşayışına olan inamın təzahürü kimi başa düşülməlidir.

Şuşada açılan sərgilər, muzeylər, ev muzeyləri, yaradıcılq mərkəzləri Şuşanın, Qarabağın gələcək mənzərəsinin təsviridir. Dahi Bülbülün ev muzeyi vaxtı ilə məhz Ulu Öndər tərəfindən yaradılmışdı. Indi onun yenidən bərpa edilməsi və işğaldan əvvəl Bakıya gətirilmiş eksponatların geriyə qaytarılması tarixi hadisədir. Bu, Azərbaycan vokal sənətinə və Şuşa ifaçılıq məktəbinə verilən qiymətdir. Şuşanın başqa bir görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının himninin bəstəkarı Üzeyir Hacıbəylinin büstünün yenidən qoyulması və onun da ev müzeyinin yenidən bərpa edilməsi Şuşanın mədəni həyatının canlanmasına xidmət edən amildir. Bir sözlə, deyə bilərik ki, Şuşa mədəniyyət paytaxtı kimi öz funkiyasını tam mənada yerinə yetirməkdədir.

Şuşada mədəni tədbirlərlə yanaşı siyasi ismarıclar da oldu. Əslində hər bir mədəni tədbir özü-özlüyündə siyasi, tarixi ismarıcdır. Dövlət başçının qondarma rejimin dırnaqarası parlament binasını şeytan yuvası adlandırması xam xəyallar içində olanlara verilmiş ən məntiqli və ciddi cavab idi. Biz bir daha heç bir zaman torpaqlarımızı tərk etmək məcburiyyətində qalmayacayıq. Səriştəsiz hakimiyyətlərin tarixi səhvləri ucbatından bir daha xalqımız işğal siyasətinə məruz qalmayacaqdır. Biz bütün tarixi torpaqlarımıza qayıtmaqla ilahi ədaləti təmin edəcəyik. Əlbəttə, zaman-zaman biz ədalətin olmadığına inansaq da bizə tarix və tale ədalətin olduğunu sübut etdi. Daha doğrusu, biz öz qanımızla, iradəmizlə bütün dünyaya ədalətin olduğunu göstərdik. Allah vətən torpağı uğrunda can verən bütün şəhidlərimizə rəhmət eləsin. Onların canları, qanları bahasına və dövlət başçımızın dəmir iradəsi sayəsində biz ədaləti təmin edərək öz torpaqlarımıza qayıtmış olduq. Şuşa bundan sonra da məğrur xalqımız yaşadıqca Azərbaycanın mədəniyyət paytaxtı olacaqdır!

Digər xəbərlər