Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev cənablarının 44 günlük müharibənin zəfərlə bitən və işğaldan azad edilən bölgələrə dərhal səfərləri hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır. Təbii ki, bu Qələbə zəfərdən sonra işğaldan azad olunan rayonlarına səfər Qalib Komandanın öz sevincini, görüləcək işlərlə bağlı məlumatları xalqı ilə paylaşması məqsədi daşıyır. Ən əsası isə, işğalçı ölkə ilə bərabər, bütün dünya da şahidi oldu ki, torpaqların əsl sahibləri qayıdıb. Azərbaycan öz əbədi və əzəli torpaqlarını işğalçılardan azad etdi. Qalib ölkənin Müzəffər Komandanı qazanılmış Qələbəyə möhürünü vurmaq üçün həmin ərazilərə tarixi səfərlərini etməklə səfər tarixini yazır. Ən əsası isə bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Və bu səfərlərlə dövlət başçımız bildirir ki, Azərbaycan 28 ildən sonra Qarabağı işğaldan azad etdik, Qarabağa qayıtdıq, Qarabağa sahibləndik. Ali Baş Komandanımızın dediyi kimi: “Buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”.
Hər səfər həm də dünyaya bir çağırışdır: Qarabağ Azərbaycandır!
Artıq 44 günlük qələbəmizdən keçən qısa bir zamanda - 7-8 ay müddətində işğaldan azad olunmuş torpaqlarımızda həyat canlanır, torpaqlarımız təmiz nəfəs alır, hər yerdə bərpa-quruculuq işləri aparılır. Çünki bu torpaqların yeri də göyü də bizimkidir, bizə məxsusdur. Çünki bu torpaqlara əsl sahibləri qayıdıb, hava limanı tikirik, asfalt yollar salırıq, dəmir yolu çəkirik. Çünki artıq bu torpaqlarımıza Böyük qayıdış başlayıb və bu torpaqları düşmən tapdağından azad edən Qalib Lider İlham Əliyev bu yerləri də cənnətə çevirəcək!Elə bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya sayca beşinci səfərləri və Vaqif Poeziya Günlərinin açılışında iştirak etmələri Zəfər tariximizi növbəti mühüm hadisələrlə zənginləşdirdi. İşğaldan azad edilmiş ərazilərimizə, o cümlədən Qafqazın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya ilk səfərində qədim şəhərin əvvəlki simasına qaytarılacağını bildirən Prezident İlham Əliyev həmişə olduğu kimi yenə də hər vədini konkret əməli ilə təsdiqləyir. Mədəniyyət paytaxtımızın dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. İşğaldan azad edilmiş ərazilərimizdə yeni idarəçilik sisteminin yaradılmasının təsdiqi kimi Prezidentin xüsusi nümayəndəsinin ilk olaraq Şuşada fəaliyyətə başlaması, Ağdamdan sonra Şuşanın baş planının təqdim olunması, yeni yaşayış kompleksinin təməl daşının qoyulması, Zəfər Yolunun çəkilişi, Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, büstünün, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin açılışı və ev-muzeyində aparılacaq işlərlə tanışlıq, “Otel və Konfrans Mərkəzi”nin təməlinin qoyulması mədəniyyət paytaxtımızın bərpası və yenidən qurulması istiqamətində atılan addımların tərkib hissələridir. Belə ki, Qarabağın hava qapısı kimi dəyərləndirilən Füzuli Hava Limanında görülən işlər, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının ardınca Vaqif Poeziya Günlərinin ənənəsinin bərpası Ermənistana və ona havadarlıq edən dövlətlərə növbəti mesaj oldu.Bu reallıqlar bir daha Vətən müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində Müzəffər Ali Baş Komandanın “Şuşasız bizim işimiz yarımçıq olar” fikrinin məqsəd və məramına işıq salır. Onu da vurğulamaq lazımdır ki, bərpasına 2021-ci il yanvarın 14-dən, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı Zəfərimizdən sonra Şuşaya ilk səfərindən başlanan işlərin miqyasının böyüklüyü qürur doğurmaqla yanaşı, Böyük Qayıdışın tezliklə reallaşacağının təsdiqidir.
“Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”
“Ən önəmli tədbir dünən yeni yaşayış kompleksinin təməl daşının qoyulması idi. Bu yaşayış kompleksi Şuşanın baş planı əsasında inşa ediləcək. Şuşanın baş planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur - üç, dörd və beş mərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar”. Bunu Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında bildirib. Dövlətimizin başçısı onu da bildirib ki, bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar: “Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik».Prezident çıxışında təxminən 40 il bundan əvvəl baş verənləri xatırlatdı. “Bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”.Bir sözlə, Prezident İlham Əliyevin hər bir səfəri və həyata keçirdiyi uzaqgörən siyasət, çoxlarının xəyal etmədiklərini belə gerçəkliyə çevirir. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qalıb. Dövlət başçımızın Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxışı ermənilərə bir daha tutarlı və zərbəedici mesajı oldu: “Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, Şuşanı biz dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!».
MUXTAR NAĞIYEV,
YAP Səbail rayon təşkilatının sədrinin müavini
sia.az