PDF Oxu

Siyasət

  • 3 659

“Biz Şuşanı dirçəldirik” - ŞƏRH

“Biz Şuşanı dirçəldirik” - ŞƏRH

Tarixi şəhər bu gün yeni inkişaf və yüksəliş dövrünü yaşayır

Qədim tarixi olan Şuşa şəhəri bu gün müasir dövrünü yaşayır. Yeni inkişaf və yeni yüksəliş dövrünü. İşğaldan azad olunuan şəhər qısa bir zamanda müsir bir şəhərə çevriləcək və dünyanın ən müasir şəhərləri sırasında yer alacağına şübhə yoxdur. Çünki hər gün şəhərdə həyata keçiriən abadlıq-quruculuq işləri bundan xəbər verir. Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda aparılan işlər, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Qarabağ” hotelinin açılışı, xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa işlərinin aparılması və s. real gerçəkliklərdir. Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxışı zamanı bildirdiyi kimi “Şuşanın bərpası yanvarın 14-dən başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi. İndi gəldiyiniz Zəfər yolu nə vəziyyətdə idi biz onu yanvarın 14-də gördük. Biz Füzulidən təqribən iki saat yarıma-üç saata gəldik. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir”.

“Şuşanın tarixi abidələrinin bərpasına start verildi”

Dövlət başçısı Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yolun tikildiyini bildirib. “Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Yəni, Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi”, - deyən Prezident bildirib ki, düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı: “Şuşaya suyun verilməsini biz bərpa etdik. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi”. Bütün bunlar 27 ildən sonra Şuşa şəhərində görülən işlərin məntiqidir. Bu və ya digər görülən işlərlə yanaşı, tarixi dini abidələrimizin bərpa və təmiri istiqamətində də uğurlu işlər icra olunmaqdadır. Bildiyimiz kimi, ermənilərin Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində 1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edildi və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirildi. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 -ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv ediblər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun, müğənni Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilib.

Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdir

Bu gün artıq üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri yaxın günlərdə başa çatacaq. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verilib. Dövlət başçısı bildirib ki,bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə türmüşdür: "Natəvan bulağı bərpa edildi, indi su gəlir. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular. Əgər bu, erməni şəhəri idisə, nə üçün siz bu bulaqları qurudursunuz? Ondan sonra “Xarıbülbül” oteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi və digər addımlar atıldı".

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Şuşaya səfəri yaddaqalan hadisələrədlə tarixiləşir. Dövlət başçısının Sərəncamı ilə Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Həyata keçirlilən abadlıq quruculuq və təmir bərpa işləri sırasında böyük Azərbaycan şairi M.P.Vaqifin də məqbərəsi yera alıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan büst öz əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb. Vurğulayaq ki, 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilib, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqifin məqbərəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. Büst 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq dağıdılıb. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, abidə bu il onun müəllifi, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub. Bildiyimiz kimi, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi “Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır”.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nətcəsində torpaqlarımız işğaldan azad olundu və bu gün yeni bir yüksəliş dövrü başlayıb. Şuşa şəhərində tarixi-dini abidələrimiz bərpa olunur. Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində infrastruktur layihələr icra olunur. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. «Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq”- deyən Prezident bunun bir həqiqət olduğunu bildirib: “Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər