“Azərbaycandan kənara gedib ölkəmiz haqqında xoşagəlməz fikirlər səsləndirmək düzgün hal deyil. Demək olar ki, bunların içərisində blogerlər də, özlərini siyasətçi elan edənlər də var. Onlar Azərbaycandan kənarda söyüş ritorikasından istifadə edirlər və Azərbaycan dövlətini aşağılamağa çalışırlar. Bu və ya digər formada Azərbaycanda insan hüquqlarının pozulmasından və digər məsələləri gündəmə gətirərək özlərində bir müxalifət imici formalaşdırmağa çalışırlar”. Bunu Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, xaricdə oturub Azərbaycan əleyhinə bəyanatlar səsləndirmək, adını siyasətçi qoymuş şəxsə heç vaxt başucalığı gətirməyəcək: “Əgər ölkədə nə isə bir problem varsa və bu problemlərin həll olunmasını istəyirsinizsə, onda gəlin ölkəyə, burada sivil qaydada mübarizənizi aparın və sivil qaydada çatışmazlıqları deyin və çatışmazlıqların aradan qaldırılması üçün yolları göstərin. Əgər bunları edə bilmirsinizsə kənarda gedib danışmaq bu düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil. Azərbaycan bu 44 günlük müharibədən sonra Qərb, Cənub və Şimaldan ciddi basqılara məruz qalır və haqsız olaraq Azərbaycanın üzərinə gəlinir. Belə bir dönəmdə Azərbaycan əleyhinə hər hansı bir kənara çıxacaq fikirlər səsləndirmək, bunu ictimailəşdirmək və beynəlxalq medianın gündəliyinə gətirmək, bu, artıq Azərbaycana düşmənçilikdən başqa bir şey deyil”.A.Əlizadə bildirdi ki, qərəzli yol tutan müxalifətçilik heç bir halda qəbul oluna bilməz: “Bu, birbaşa Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq istəyən düşmənlərə növbəti dəfə Azərbaycan əleyhinə təbliğat aparmaq imkanları verməkdir ki, bu da heç cürə qəbul olunan deyil. Demək olar ki, bu şəxslər onsuzda özlərini bitiriblər. Azərbaycan cəmiyyəti onsuz da kimin kim olduğunu çox yaxşı bilir. Xaricdəki müxalifətin ölkəmizlə bağlı xoşagəlməz planları baş tutmayacaq. Yəni 3-5 bu cür şəxslərin kənardan nə isə deməyi ilə Azərbaycanda ictimai siyasi mühitində nəyisə deyişmək mümkün deyil. Bir sözlə, kənardan bu cür şəxslərin ölkəmiz haqqında xoşagəlməz ifadələr işlətmələri gülüş mənbəyinə çevrilməkdədir”.
sia.az