Dövlət başçısının sərəncamları ilə paralimpiya komandasının üzvləri təltif olunublar
Azərbaycan "Tokio-2020" Yay Paralimpiya Oyunlarında iştirakını uğurla başa vurdu. XVI Yay Paralimpiya Oyunlarında idmanın 22 növü üzrə 529 dəst medal uğrunda yarışlar keçirildi və yarışlarda Azərbaycan möhtəşəm uğurlara imza atmış oldu. Belə ki, Azərbaycan millisi yarışlarda 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 19 medal qazanmış oldu. Bu, Azərbaycanın idman tarixində yeni hadisəyə çevrildi. Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 20-ci, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri sırasında 1-ci, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb. Dörd idmançımız isə "Tokio-2020"də rekordlara imza atıb. Atletika idman növü üzrə idmançımız Həmid Heydəri (F57) nizəatma növü üzrə 51,42 metr nəticə göstərərək dünya rekordunu yeniləyib. Elvin Astanov ( F53 - nüvəitələmə) növü üzrə 8,77 metr nəticə göstərərək yeni dünya rekordu müəyyənləşdirib. Üzgüçülük yarışında Vəli İsrafilov, atletika idman növü üzrə isə Lamiyə Vəliyeva göstəriciləri ilə Paralimpiya rekorduna imza atıblar. Əlbəttə ki, bu Azərbaycan idmanının, paralimpiyaçılarımzın gücünün göstəricisidir. Azərbaycanın 25 illik paralimpiya tarixində bu, ən uğurlu Paralimpiya Oyunları kimi tarixiləşdi.
ÖLKƏDƏ PARALİMPİYA HƏRƏKATI SÜRƏTLİ İNKİŞAF YOLUNDA
Qeyd edək ki, dünyada Paralimpiya Hərəkatının tarixi Böyük Britaniyanın Elsberri şəhərindəki Stok Mandevil xəstəxanasının neyrocərrahı Lüdviq Qoutmanın təşəbbüsü ilə 1948-ci ildə Londonda, Olimpiya Oyunlarınının açılış mərasimi zamanı ilk dəfə kolyaskalı əlillər arasında Böyük Britaniyanın 1-ci milli yarışlarının keçirilməsi ilə hesablanır.
Azərbaycanda Paralimpiya hərəkatının yaranma tarixi isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı ilin fevral ayının 9-u ölkəmizin idman salnaməsinə Azərbaycan Respublikası Milli Paralimpiya Komiitəsinin yaranma tarixi kimi daxil olmuşdur. İlk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında cəmi iki idman növü üzrə iki idmançı ilə iştirak etmişlər. Ümummilli Lider Heydər Əliyev paralimpiyaçılarımız üçün Sumqayıt şəhərində yeni, beynəlxalq standartlara cavab verəcək Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında tapşırıq verməsi ölkəmizin idman həyatında böyük müsbət dəyişikliklər və qələbələrə təkan vermiş oldu. Həmin dövrdən ölkədə paralimpiya hərəkatı daha sürətli inkişaf yoluna qədəm qoydu. Xüsusi qeyd etmək lazımdır ki, MDB məkanında ilk dəfə olaraq, Paralimpiyaçılar üçün belə bir kompleks çox yüksək səviyyədə, beynəlxalq standartlara uyğun şəkildə tikilib istifadəyə verilmişdir.
PARALİMPİYAÇILARA DİQQƏT VƏ QAYĞI DAVAMLIDIR
Ulu Öndər Heydər Əliyevin siysətinin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin ayırdığı diqqəti paralimpiyaçılarımız hər zaman öz üzərlərində hiss ediblər. Müntəzəm olaraq, qələbə qazanmış idmançılarımız, onların məşqçiləri Prezidentin sərəncamları ilə orden və medallarla təltif olunmuşlar. Həyata keçirilən tədbirlərin, ayrılan diqqətin davamı olaraq sentyabrın 6-da "Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbər şəxsləri Rəhimov İlqar Elxan "Şöhrət" ordeni ilə, Məmmədov Kamal Cabir oğlu isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunublar. Dövlət başçısının "Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında" Sərəncamı ilə XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə bir qism Azərbaycan idmançıları və onların məşqçiləri "Şöhrət" ordeni, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 3-cü dərəcəli "Əmək" ordeni, "Tərəqqi" medalı ilə təltif olunublar.
Bütün bunlarla yanaşı, dövlət başçısı "Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında" da Sərəncam imzalayıb. Paralimpiya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının əlilliyi olan idmançılarını və onların məşqçilərini həvəsləndirmək məqsədilə mükafatlar müəyyən edilib. Belə ki, birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat, ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat, üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat müəyyən edilib.
Bu gün ölkəmizdə paralimpiyaçıların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Paralimpiyaçılarımızın maddi rifahı yaxşılaşdırılır, onlar mənzillər, minik avtomobilləri ilə təmin olunurlar. Görülmüş məqsədyönlü işlərinin nəticəsi olaraq, paralimpiyaçılarımız yeni-yeni nailiyyətlərə imza atırlar.
Zümrüd BAYRAMOVA