Əlbəttə ki, müharibədə qələbə sonrakı qələbələrlə möhkəmləndirilməlidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Sahil İsgəndərov deyib.

Politoloqun sözlərinə görə, döyüş meydanlarındakı qələbə sonradan həm siyasi, həm diplomatik, həm də ki, iqtisadi, mənəvi, mədəni, quruculuq işlərində öz əksini tapmalıdır və bununla da möhkəmləndirilməlidir.
“10 noyabr üçtərəfli bəyannaməsindən sonra artıq regionda həm Azərbaycanın maraqlarına cavab verən, 3+3 formatının meydana gətirilməsi, Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa bəyannaməsi və ümumiyyətlə, Rusiya ilə Türkiyə, Türkiyə ilə Azərbaycan, Azərbaycanla Rusiya arasındakı münasibətlərin daha da sıxlaşması kontekstində regionda bir sıra işlərin görülməsi və ümumiyyətlə, yeni geosiyasi reallığın əməli işlərdə öz təsdiqini tapması konkret olaraq sözsüz ki, 44 günlük müharibənin məntiqi məticəsidir. İlk növbədə Azərbaycanın abadlıq və quruculuq işləri ilə əlaqədar, ümumiyyətlə ərazilərin minalardan təmizlənməsi ilə bağlı həm Rusiya ilə, həm Qərblə əməkdaşlığı, artıq üç rayonun minalanmış ərazilərinin xəritəsinin Azərbaycana təqdim olunması, daha doğrusu Azərbaycanın konkret siyasəti nəticəsində həmin xəritələrin alınması və həmin ərazilərin minalardan təmizlənməsi və bunun ardınca orada quruculuq işlərinin aparılması, insanların tədricən ora köçürülməsi ilə ən böyük nailiyyətlərdən biri olacaq. Əlbəttə, biz bilirik ki, Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, bu məsələdə tələskənlik olmaz. Çünki, biz bilirik ki, hər bir insanın həyatı qiymətlidir. Yəni, hər bir insanın həyatını ümumiyyətlə qiymətləndirmək qeyri-mümkündür. Bu baxımdan Azərbaycan rəhbərliyi orada konkret təmizləmə işlərindən sonra və xüsusilə də cənab Prezidentin vurğuladığı kimi, orada bizim ən müasir tələblərə cavab verən ağıllı kənd, ağıllı şəhər layihələrinin həyata keçirilməsi ilə insanların ora köçürülməsi başlayacaq ki, bu da konkret olaraq həm humanitar sahədə, həm də ki, sosial-iqtisadi sahədə ən böyük addımlardan biridir. Eyni zamanda uzağa getməyək, həmin ərazilərdə üç beynəlxalq dərəcəli aeroportun salınması ilə bağlı aparılan işlər və artıq Fizuli rayonu aeroportunda ilk sınaq təyyarəsinin enməsi bunu göstərir ki, bax bu da 44 günlük müharibənin nəticələrinin növbəti qələbə dəyərində davamıdır.
Düşünürəm ki, Azərbaycanın hələ bundan sonra görəcəyi işlər çoxdur və əslində Azərbaycan Prezidenti də bunu dəfələrlə vurğulayıb ki, bütün cəmiyyət bu işlərin görülməsində əlbir olmalıdır. İkinci bir tərəfdən mən düşünürəm, diplomatik sahədə uğurlardan, yəni, 44 günlük müharibədəki qələbədən sonra diplomatik sahədə uğurlardan biri dünyanın müxtəlif ölkələrinin və burada təmsil olunan dövlətlərin səfirliklərinin nümayəndələrinin, təmsilçilərinin dəfələrlə həmin düşmən tapdağından azad olunmuş ərazilərə səfər etməsi, ya da bunun təşkil olunması və onlara bütün reallığı, erməni vandalizminin bütün təzahürlərini onlara əyani şəkildə göstərmək və bunu dünyaya yaymaq, konkret olaraq həmin qələbənin fundamentinə, təməlinə yeni bünövrənin qoyulması məsələsində ən önəmli addımdır. Çünki, biz bilirik ki, əslində Azərbaycan yalnız öz ərazilərini təmizləməklə kifayətlənməyəcək. Ümumiyyətlə, indiyə qədər işğal dövründə Azərbaycana dəymiş bütün iqtisadi ziyanı və bütün iqtisadi-mənəvi ziyanın, zərərin hamısını hesaba alıb Ermənistandan tələb edəcək və beynəlxalq qurumlara müraciət edəcək. Bunun üçün də sözsüz ki, bir sıra beynəlxalq qurumların, beynəlxalq missiyaların, ümumiyyətlə, səfirliklərin və dövlətlərin buradakı missiyalarının, beynəlxalq qurumların buradakı missiyalarının həmin bölgələrə səfəri çox zəruridir ki, Azərbaycan da bunu dəfələrlə təşklil edib və bunlar hamısı sənədləşdirilib. Yeri gəlmişkən, həmin qurumların özləri də həmin səfərlər zamanı müxtəlif çoxsaylı faktların qeydə alınmasında yaxından iştirak ediblər. Daha doğrusu özləri üçün bunu qeyd ediblər və sözsüz ki, bunlar da lazım gələndə Ermənistan tərəfindən hesabata və tələbata konkret birləşdiriləcək və onlar müəyyən bir kontekstdə, müəyyən bir çərçivədə tələb olaraq qarşıya qoyulacaq. Həmin bu səfərlər zamanı qeydə alınan faktların da bu məsələdə çox müstəsna rolu olacaq.
Mən düşünürəm ki, bu baxımdan digər tərəfdən, bizim mənəvi qələbəmizin, yəni, döyüş meydanından sonrakı mənəvi qələbəmizi şərtləndirən əsas məqamlardan da biri məhz Şuşada ənənəvi “Xarı Bülbül” festivalının keçirilməsi oldu ki, orada yalnız Azərbaycan dövlətinin başçısı yox, ümumiyyətlə, Azərbaycan ictimai-siyasi həyatının görkəmli təmsilçiləri, o cümlədən dünyanın bir sıra önəmli, tanınmış ziyalılarının iştirakı bunu təşkil etdi və bunun da hamısı şahidi oldular. İkinci bir tərəfdən Azərbaycanda bir sıra muzeylərin konkret olaraq artıq bərpası və ümumiyyətlə, Şuşa şəhərində konkret olaraq aparılan abadlıq işləri və Şuşanın Azərbaycanın mədəniyyət Paytaxtı elan olunması ilə bağlı görülən işlər, mən düşünürəm ki, döyüş meydanlarındakı qələbəmizin məntiqi davamıdır və onu bir növ daha da möhkəmləndirir və sarsılmaz edir. Bir şeyi yadda saxlamaq lazımdır ki, qələbə yalnız döyüş meydanlarında yox, həm siyasi-diplomatik, həm də mənəvi-mədəni müstəvidə də qazanılmalıdır. Çünki, yalnız döyüş meydanında qazanılan qələbə möhkəm deyilsə, sözsüz ki, sənin döyüş qüdrətin, döyüş gücün də döyüş meydaqnlarında qələbə qazanmaq qüdrətin yoxdursa, sənin mənəvi, mədəni, tarixi qələbənin də əhəmiyyəti itir. Yəni demək istədiyim odur ki, döyüş meydanında qazanılan qələbə mütləq ictimai, siyasi, iqtisadi, diplomatik, mənəvi, mədəni sahədə qələbələrlə bir-birini tamamlamalıdır və yaxud da əksinə, həmin qələbələr döyüş meydanlarında sənin qələbəni tamamlamalıdır ki, sən bir tam varlıq kimi bütün sahələrdə qələbəni də tam şəkildə ortaya qoya biləsən”, deyə Sahil İsgəndərov bildirib.