“Azərbaycan-Qətər münasibətləri əslində yeni qurulan münasibətlər deyil. Bu münasibətlər 90-cı illərin sonlarına uzanır. Birinci Qarabağ müharibəsindən sonra məcburi qaçqın və köçkünlər üçün bir sıra ərəb dövlətləri ilə yanaşı, o cümlədən Qətərdən Azərbaycana humanitar yardımlar gəlib. Zaman keçdikcə iki ölkə arasındakı əlaqələr də genişlənməyə başlayıb. Azərbaycan Prezidentinin Qətərə səfəri və həmçinin Qətər Əmirinin təxminən 7-8 il öncə Azərbaycana səfərləri iki dövlət arasındakı münasibətlərin inkişafına daha da töhfə vermiş oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyi Xarici layihələr direksiyasınınun rəhbəri, Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu deyib.Onun sözlərinə görə, Azərbaycan-Qətər münasibətləri hazırda iqtisadi-siyasi müstəvidədir: “Lakin düşünürəm ki, gec-tez bu əlaqələr daha da dərinləşəcək. Bunun üçün bir sıra səbəblər də var. Beləki, bu gün Qətər ərəb dövlətləri arasında ən dinamik inkişaf edən dövlətlərdən biridir. Bir çox Avropa ölkələri bura investisiya qoymaqda maraqlıdırlar və eyni zamanda artıq Qətər investisiya qəbul edən dövlətdən daha çox investisiya ixrac edən dövlətə çevrilib. Bu da Qətərin uğurlarından biridir. Azərbaycan, Türkiyə, Pakistan, Qətər formatı əslində qeyri-rəsmi şəkildə mövcuddur. Bu formatın rəsmiləşdirilməsinə ehtiyac olub-olmadığını zaman göstərəcək. Yəni, Azərbaycan və Türkiyə əsasən üçlü formatlarda əməkdaşlıq edirlər. Məsələn, Azərbaycan, Türkiyə, İran üçlü əməkdaşlıq formatı, həmçinin Azərbaycan, Türkiyə, Türkmənistan və s. bu siyahını uzatmaq da olar. İki qardaş ölkə arasında əsasən üçlü formatlar mövcuddur. Dördüncü formatın yaradılması üçün münbət şərait olmalıdır və bu məsələ zamanın axarına buraxılan bir məsələdir. Bəli, bu gün qeyri-rəsmi olaraq Azərbaycan, Türkiyə, Pakistan üçlü formatı var və bu formatın rəsmiləşdirilməsi hesab edirəm ki, yaxın zaman kəsiyində baş tuta bilər. Lakin dördlü formatın baş tutması üçün hələ zaman lazımdır”.Ekspert qeyd edib ki, Qətər Azərbaycan üçün Körfəz dövlətlərinə açılan bir bazardır və Azərbaycan bu bazarda təəssüflər olsun ki, hələ yenidir: “Bizim Yaxın Şərq, Körfəz, Ərəb ölkələri bazarında ən böyük tərəfdaşlarımızdan biri Türkiyə, digəri isə Orta Asiya ölkələrindən olan Özbəkistandır. Bu iki dövlət Yaxın Şərq, dolayısı ilə Körfəz dövlətləri bazarında ən böyük rəqibimizdir. Bu baxımdan hazırda bizim üçün əsas məsələlərdən biri Qətərin Azərbaycan investisiya yatırması məsələsidir. Fikrimcə, Qətərin XİN nazirinin Azərbaycana səfəri zamanı başlıca müzakirə predmetlərindən biri də Azərbaycana investisiyanın cəlb edilməsi məsələsidir. Bu da təbii ki, bizim maraqlarımıza xidmət edir. Qətər rəsmilərinin Azərbaycana səfərinin yekun nəticələri ilə əlaqədar proqnoz vermək hələki tezdir”.R.Hafizoğlu vurğulayıb ki, investisiya yatırmaq üçün Azərbaycanda münbit şərait var, lakin bu bir anda verilə biləcək bir qərar deyil: “Bütün bunların fonunda Azərbaycan, Türkiyə, Qətər iqtisadi əməkdaşlıq forması əslində mövcuddur. Azərbaycan, Türkiyə, Pakistan formatı da həmçinin qeyri-rəsmi mövcuddur. Biz bunu savaş dönəmində də gördük və buna bütün Azərbaycan xalqı da şahidlik etdi. Lakin Azərbaycan, Türkiyə, Qətər formatının rəsmiləşdirilməsi və yaxud daha cari forma alması biraz çətin ola bilər. Çünki burada bariz etnik fərqliliklər var. Düzdür, etnik fərqlilik Pakistanla da var, amma müharibə zamanı Pakistanın Azərbaycana açıq dəstəyi bu etnik fərqi ortadan qaldırıb. Yəni, insanlar bu barədə heç düşünmədilər belə. Qətər formatı isə daha fərqlidir. Qətər ərəb, eyni zamanda Yaxın Şərqin dinamik inkişaf edən dövlətidir. Bütün bunlara baxmayaraq bu formatın yaxın zamanda rəsmiləşəcəyi və yaxun bu format üstündə durulacağına inanmıram. Ölkələrin üçlü və dördlü formatlarda birləşməsi çox çətin idarə olunan prosesdir. Burada hər bir dövlətin öz maraqları olur və onlar öz maraqlarını təmin etmək məcburiyyətindədirlər. Bu dövlətlər arasında münasibətlər onsuz da üst səviyyədədir, bunu rəsmiləşdirmək və ya hansısa formata çıxarmaq isə zamana bağlı bir şeydir”.
sia.az