Siyasət

  • 2 143

"Bəzi dairələr bilməlidirlər ki..." - POLİTOLOQ ŞƏRH ETDİ

image

“ATƏT-in Minsk Qrupunun hər üç dövlətinin Laçın dəhlizi və ümumiyyətlə Qarabağın dağlıq hissəsi ilə bağlı vəziyyətin indiki halda qalması, təsir mexanizminin məhz Rusiyada olması, Qarabağın dağlıq hissəsindəki ermənilərin vəziyyətinin bundan sonra Minsk qrupunun və Rusiyanın əlində olmasında israrlıdırlar. Onlar de-fakto burada kuratorluğu Rusiyaya veriblər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.Ekspert bildirib ki, nə qədər paradoksal səslənsə də, biz görürük ki, rus sülhməramlılarının yalnız olması və eyni zamanda Rusiyanın dirijor rolunda çıxış etməsi ABŞ və Fransa tərəfindən dəstəklənir: “Təəssüf ki, ABŞ, Rusiya, Fransa, həmçinin İranın dünyada yeganə baxış bucaqları məhz Qarabağ problemi ilə bağlı üst-üstə düşür. Təbii ki, Azərbaycan dəfələrlə bunu qeyd edib ki, Laçın dəhlizi, Xankəndi ümumilikdə Azərbaycan torpağıdır və bu ərazilərə qanunsuz gediş-gəlişə son verilməli, hərbi yüklərin daşınmasına son qoyulmalıdır. Biz rus sülhməramlılarının bu aylar ərzində qanunsuz hərbi yüklərin daşınmasında bilavasitə rol oynadıqlarını gördük. Onlar Xankəndinə həm İrandan Ermənistan vasitəsilə gedən müxtəlif hərbi təyinatlı yüklərin, həm də Ermənistandan gedən hərbi yüklərin keçirilməsində rol oynadılar. Bütün bu hadisələrin rəhbəri rolunda da Rusiyanın özü çıxış etdiyindən burada təəccüblü heçnə yoxdur. Rusiya da, İran da başa düşməlidirlər ki, 30 il ərzində Laçın dəhlizi vasitəsilə Qarabağdakı separatçılar silahlanır, Ermənistan dəfələrlə milyardlarla dollarlıq pulsuz hərbi texnika alırdı. Amma onların hərbi texnikaları məhv edildi və həmin texnikalar bu gün Bakıda "Hərbi Qənimətlər Parkı"nda nümayiş etdirilir. Bundan sonra da həmin hərbi silah-sursatlar məhv ediləcəkdir”.Z.Məmmədov vurğulayıb ki, yaxşı olardı ki, Rusiya 3 tərəfli bəyanatda göstərilən öhdəliklərini yerinə yetirsin, sülhməramlılar da əsas vəzifələrinin nədən ibarət olduğunu yaxşı dərk etsinlər: “Məsələ burasındadır ki, rus sülhməramlı institutu Abxaziya, Cənubi Osetiya və Dnestrdə də bu kimi təxribatlara daim yol verirdi. Maraqlı məqamlardan biri də odur ki, ABŞ və Qərb nə Gürcüstanda, nə də Moldovada rus sülhməramlılarının qarşısını bir dəfə də olsun kəsmədi. Rusiyanın faktiki olaraq bu torpaqlardakı davranışına hər hansı qadağa qoya bilmədi və yaxud bunu bilərəkdən etmədi. Baxmayaraq ki, Abxaziyada BMT-nin xüsusi missiyası vardı və onlar monitorinqlə məşğul idilər. Lakin nəticə etibarilə bu gün biz Gürcüstan torpaqlarının işğalının əyani sübutunu görürük. İndi kimlərsə yəqin ki, Qarabağın dağlıq hissəsi ilə bağlı da eyni ssenarinin təkrarlanmasını istəyirlər. Vurğulayım ki, Azərbaycan nə Gürcüstan, nə də Moldovadır. Təsadüfi deyil ki, biz son vaxtlar Türkiyə və Pakistanla kifayət qədər ciddi şəkildə öz hərbi əməkdaşlığımızı genişləndirmişik. Azərbaycanla Türkiyə arasında faktiki vahid ordu yaranır və dünyanın müxtəlif dairələri də başa düşməlidirlər ki, Azərbaycan sona qədər öz məqsədinə gedəcək. Əgər, bu məqsəd uğrunda kimlərsə bizim qarşımızda dayanacaqsa, onlara əsil niyyətimizi və məramımızı deməkdən çəkinməyəcəyik”.

sia.az

Digər xəbərlər