Tarixdə bir ilk və nümunə - “Üç Qardaş-2021” TƏHLİL

Sentyabrın 12-də Bakıda ilk dəfə olaraq strateji tərəfdaşlığa malik üç qardaş ölkənin, yəni Azərbaycan, Pakistan və Türkiyənin hərbi birliklərinin iştirakı ilə “Üç Qardaş-2021” təlimləri üç ölkə arasında müdafiə sahəsində sıx əlaqələrin uğurla inkişaf etdiyini göstərən böyük perspektivlər vəd edir. Birgə təlimlərdə əsas məqsəd qardaş ölkələrin Xüsusi Təyinatlı Qüvvələrinin peşəkar və taktiki hazırlığını artırmaq, sülh və müharibə dövründə əməliyyatlara hazırlaşmaq, bilik və təcrübə mübadiləsi aparmaqdır və bu baxımdan təlimlərin əhəmiyyəti sadaladıqca bitən deyil, olduqca genişdir.Geosiyasi və geostrateji ssenarilərin sürətlə dəyişdiyi bir zamanda hər hansı bir xarici təcavüz, yaxud hücumun qarşısını almaq baxımından, üç qardaş ölkə, Azərbaycan, Pakistan və Türkiyə arasında sıx əlaqənin yaradılması, hərbi təlimlərin keçirilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Hətta, nəinki təcavüz və hücumları, eləcə də nəzərdə tutula biləcək həmlələri cilovlamaq baxımından belə, üç qardaş ölkənin birgə keçirdiyi hərbi təlimlərin əhəmiyyəti olduqca böyükdür. Çünki, üç qardaş ölkənin birgə keçirdiyi təlimlər həm də, bu qardaş ölkələrin hər birinə özünü rəqib bilən qüvvələr üçün bir mesaj, bir ismarıc da sayıla bilər və həmin qüvvələr artıq bu qardaşlığı göz önünə almaq məcburiyyətində olduqlarını yaşxı başa düşürlər.Yaxın zamanda hərbi təlim, təhsil və eləcə də istehsal üzrə birgə hərbi müəssisələrin yaradılması məqsədi ilə müxtəlif imkanların araşdırılacağı da istisna edilə bilməz. Şübhəsiz ki, bu araşdırmaların nəticəsi olaraq hərbi əməkdaşlığın daha da genişlənəcəyi gözləniləndir. Təbii ki, belə bir şəraitdə də regional və trans-regional hərbi situasiyanın daha çox Azərbaycanın xeyrinə dəyişəcəyi tezliklə günün reallığına çevriləcək ki, bu da əslində müdafiə və təhlükəsizlik istiqamətində sıx əlaqələri nəzərdə tutan "Şuşa Bəyannaməsi" kimi tarixi əhəmiyyətli addımın davamı sayıla bilər. Nəticə etibarı ilə bütün bunlar üç ölkə arasında ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığı daha da möhkəmləndirəcək, başda Azərbaycan olmaqla, hər üç ölkənin imkanlarını, potensialını, qüdrətini daha da artıracaq, təhlükəsizliyini daha mükəmməl şəkildə təmin edəcək. Bir sözlə, əlverişli mühitin yaradılmasında, eləcə də dost və tərəfdaş ölkələrin hərbçilərinin sülh və müharibə dövründə əməliyyatlara hazırlanmasında, nəticə etibarı ilə təhlükəsizliyin, stabilliyin, sabitliyin öncədən təmin edilməsində "Üç Qardaş-2021" beynəlxalq təlimləri mühüm rol oynayır."Müharibə təhdidi" anlayışını Azərbaycan Ordusu 44 günlük savaş zamanı kökündən dəyişdirdi və hətta tamamilə yox etdi, Ermənistanın guya güclü orduya malik olması, yalançı qüdrəti barədə miflər darmadağın edildi. Ölkə başçısının, Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin iradəsi, düşünülmüş və uzaqgörən siyasəti, eləcə də regional və qlobal miqyasda möhtəşəm diplomatik addımları Ermənistana və onun tərəfdarlarına, məğlubiyyəti qəbul etməkdən, eləcə də qanunsuz şəkildə ələ keçirdikləri, işğal etdikləri ərazidən çıxamaqdan başqa heç bir seçim qoymadı. Azərbaycan Dağlıq Qarabağın bir neçə şəhərini və 300-ə yaxın qəsəbə və kəndini təxminən 30 illik işğaldan cəmi 44 günə azad etdi və bu, məhz Azərbaycan Prezidentinin, Azərbaycan Ordusunun, Azərbaycan xalqının qüdrətini, əzmini, iradəsini göstərir, ölkəmizin bircə qarış torpağı belə güzəştə getməyəcəyini, öz torpaqlarını qorumaq müqəddəratında olduğunu, hərbi qüdrətinin varlığını isbatlayır.Keçirilən birgə təlim istehsal, texniki təhsil və taktiki hazırlıq baxımından əslində üçtərəfli müdafiə əməkdaşlığını daha da gücləndirilməsi deməkdir. Gələcəkdə Pakistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli strateji dialoqun və tərəfdaşlığın, hərbi əməkdaşlığın daha da gücləndirilməsi üçün "Üç Qardaş-2021" hərbi təlimlərinin keçirilməsi əslində, həm də çox mühüm bir əlamətdir. Beləki, sözügedən təlim bundan sonra daha sıx əlaqələr üçün əsaslı zəmin yaradır desək yanılmarıq.Göründüyü kimi, bölgədə tendensiyalar sürətlə dəyişir. Bu tendensiyalar da öz növbəsində əlbəttə ki, iqtisadiyyat, ticarət və ən vacib sayılan, hərbi əməkdaşlıq baxımından sıx əlaqələri təşviq edir. Təbii ki, iqtisadiyyat, eləcə də ticarət ölkənin maliyyə təminatı baxımından olduqca vacibdir. Hər bir ölkə iqtisadiyyatının güclü olması ilə qüdrətli dövlətə çevrilir və ölkənin iqtisadi qüdrəti vacib amillərdəndir. Lakin, milli qürurun və ölkənin ərazi bütövlüyünün, suverenliyinin əsl qarantının məhz güclü müdafiə olduğu artıq tarix boyu öz təsdiqini tapıb. Həmçinin hərbi əməkdaşlıq və birgə təlimlərin daha böyük nəticələrə zəmin yatatdığı, təhlükəsizliyə ən böyük tövhə olduğuna da şahidik. Elə bu baxımdan da doğru istiqamətdə atılan ən doğru addım kimi “Üç Qardaş-2021” hərbi təlimi əvəzsizdir və əhəmiyyəti də danılmazdır.“Üç Qardaş-2021” hərbi təliminin ən böyük əhəmiyyəti isə onun tarixdə bir ilk olması, başqaları üçün bir nümunə olmasıdır. İndi bütün dünya ölkələri, eləcə də Ermənistan və onun havadarı olan ölkələr hadisələri, daha dəqiq desək, “Üç Qardaş-2021” təliminin keçirilməsini, özü də bu təlimin məhz Azərbaycanda keçirilməsini yaxşı-yaxşı izləyir və öz nəticələrini çıxarmış olurlar. Nəticə çıxarmış olurlar ki, bu təlimin məhz Azərbaycanda keçirilməsi sıradan bir hadisə və heç də təsadüfi deyil. Bu, çox önəmli bir göstəricidən xəbər verir və çox vacib bir məqamı təsdiqləyir. Təsdiqləyir ki, Azərbaycanın bölgədə lider dövlət, real güc olaraq hərbi tədbirə ev sahibliyi etməsi onun uğurlu inkişafının göstəricisidir. Təsdiq edir ki, Azərbaycan Qafqaz bölgəsinin ən böyük gücüdür. Eyni zamanda onu da isbatlayır ki, bu üç qardaş ölkə arsındakı körpü, hərbçilərin ortaq təlimləri, silah sistemlərinin sınaqdan keçirlməsi və ortaq qərarlılığın nümayişi bir tərəfdən Qafqazda dəyişilməz sülh, təhlükəsizlik və sabitlik üçün ən böyük zəmanətdir, digər tərəfdən də qlobal səviyyədəki bütün fəaliyyətlər üçün çox vacib sayılır.Bunu da diqqətə çatdıraq ki, təlimlərin adının “Üç Qardaş – 2021” olması digərləri üçün, ələlxüsus, Ermənistan və onun havadarları üçün mühüm bir mesajdır. Bu üç dost, qardaş ölkə hər zaman bir-birinə dəstək olması, beynəlxalq müstəvidə ortaq mövqe nümayiş etdirməsi yaddaşlardan silinməyib və bu gün də təlimlərə “Üç Qardaş–2021” adının qoyulması bir çoxlarının yaddaşlarını təzələmək baxımından məqsədəuyğundur. Bu, eyni zamanda təkrarən onu xatırlatdırır ki, tarix boyu mövcud olan qardaşlıq bağları bu gün də davam edir və gələcəkdə də yüksələn xətlə davam etdiriləcək. “Üç Qardaş – 2021” adı altında bu təlimlərin keçirilməsi ələlxüsus, 10 noyabr tarixində imzalanmış üçtərəfli razılaşmanı yerinə yetirməkdən hələki boyun qaçırmağa çəhd edən, bölgədə təxribatlar törədən Ermənistan üçün bir xatırlatmadır və 30 il boyunca qurulan müdafiə istehkamı 44 gün ərzində Azərbaycan Ordusu tərəfindən darmadağın edilən Ermənistan bilməlidir ki, Azərbaycan artıq daha qüdrətlidir, tək də deyil və üç qardaş ölkənin birgə təlimi məhz bu həqiqəti bütün dünyaya bəyan etdi.

sia.az