Siyasət

  • 2 381

"Haqqın və ədalətin bərpa olunmasından doğan tarixi qərar" - MƏQALƏ

image

Xalqımızın çoxəsrlik və zəngin dövlətçilik tarixinə konkret faktlar və reallıqlar əsasında nəzər saldıqda aydın olur ki, bir əsrdə iki dəfə müstəqillik qazanmış Azərbaycan tarixin heç bir dönəmində indiki qədər güclü, qüdrətli olmamışdır. Təbii ki, müasir müstəqil Azərbaycan dövləti bugünkü yüksəliş və tərəqqi mərhələsinə heç də asanlıqla çatmayıb. Əlbəttə, bütün bu məsələlərin mahiyyətini daha yaxşı anlamaq üçün xalqımızın uzun müddət ərzində keçdiyi tarixi yola siyasi, sosial-strateji və beynəlxalq məsələlər kontekstində xüsusi nəzər salmaq məqsədəuyğun olar.Bədnam qonşumuz emənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq zaman kəsiyində Çar Rusiyası zamanında əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları ilk gündən münbit sahələri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrindən azərbaycanlıları sıxışdırmışlar. Bu etnik dözümsüzlük həm Çar Rusiyası, həm də Sovet dönəmində davam etmişdir. 1905-1907; 1918-1920; 1948-1953; 1988-ci illərdə soydaşlarımıza qarşı xüsusi amansızlıq sərgilənmiş, “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyanın həyata keçirilməsi cəhdləri yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsilə nəticələnmişdir.1991-ci ildən başlayaraq xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 %-ni işğal etdilər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, misilsiz mədəniyyət abidələri ya tamamilə məhv edilmiş, ya da mənimsənilmişdir. Nəticədə Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurulmuşdur. Dinc azərbaycanlılara qarşı törədilmiş qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.Lakin dünya birliyi nədənsə bu amansızlıqlara susdu. Bu münaqişənin həlli üçün təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində Dağlıq Qarabağ münaqişəsinin həllinə yox, dondurulmasına çalışmış və beləliklə danışıqlar nəticəsiz qalmışdır. Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. BMT də Ermənistana təzyiq göstərməkdə acizlik çəkmiş, tərəfləri sülhə çağırmaqla kifayətlənmiş və nəticədə 4 qətnamə 27 il kağız üzərində qalmışdır. Bu illər ərzində Ermənistan işğalçılıq siyasətini davam etdirmiş, təmas xətti boyunca dinc əhaliyə atəş açaraq təxribatlar törətmişdir. Təbii ki, törətdiyi bütün cinayətlərə görə Ermənistan beynəlxalq müstəvidə cavab verməlidir. Rəsmi İrəvan hərbi cinayətkardır. Basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətkar olmasının daha bir sübutudur.Onu da qeyd etmək lazımdır ki, bu zaman kəsiyində Azərbaycan bu işğalla barışmadığının siqnallarını vermişdir. 2016-cı il aprel ayında Lələtə, 2020-ci il iyul ayında Tovuz döyüşləri ermənilərə verilən gözdağı idi. Bu döyüşlərdən nəticə çıxarmayan Ermənistan Azərbaycana qarşı diversiyaları davam etdirmiş, təxribatçı bəyanatlar vermişdir. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilmiş, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutulmuşdur. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə birdəfəlik son qoyuldu. “Yüksək döyüş hazırlıqlı ordu, düzgün siyasi və hərbi manevrlər edən Ali Baş Komandan və xalqın yumruq kimi birliyi”. Bu 3 komponentli formul idi bizi qələbəyə aparan.Müxtəlif dövrlərdə Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevr etmə səriştəsi əsaslı şəkildə artmışdı. Bu gün Azərbaycan ordusu MDB məkanında yüksək döyüş təcrübəsinə görə ön sıralardadır. Bu gün dünya ölkələri Azərbaycan ordusunun novator döyüş taktikasını nümunə götürür.Vətən müharibəsinin qələbə ilə tamamlanmasında heç şübhəsiz rəşadətli Azərbaycan ordusu zirvədə qərarlaşır. Bəs ordumuz bu motivasiyasını haradan və kimdən alırdı? Əlbəttə ki, birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşən Azərbaycan xalqından. O xalq ki, bütün siyasi partiyalar, müxalifətçi qüvvələr, azsaylı xalqlar- hamı yumruğu bir nöqtəyə vururdu və hamı Ali Baş Komandanına arxa, dayaq olduğunu göstərirdi. Bu gün Azərbaycan dövləti yenə də birlik nümayiş etdirir: “Yaşat” fondu Vətən müharibəmizdə şəhid olanların ailələrinə, yaralanan qazilərimizə dəstək olmaqla bu birliyi bütün dünyaya nümayiş etdirir. Yaralanan döyüşçünün yarası hər bir azərbaycanlının yarasıdır.“Mən hər zaman qazilərin yanında olacağam” deyən Prezident İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş oldu. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşüb ali zirvəyə yüksəlmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı imzaladığı Sərəncam şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Çünki onların sayəsində biz bu cümləni hayqırarkən sevincimizi iliklərimizə qədər hiss edirik: Qarabağ Azərbaycandır!

Nüşrəvanova Gülnar Ağabəy qızı
E.Şəmiyev adına 149 nömrəli tam orta məktəbin müəllimi

sia.az

Digər xəbərlər