Siyasət

  • 1 335

YAP-ın Qaradağ, Yasamal, Səbail və Nərimanov rayon təşkilatlarının yeni sədrləri partiya aktivinə təqdim edilib - FOTOLAR

image

Sentyabrın 21-də Yeni Azərbaycan Partiyasının Qaradağ, Yasamal, Səbail və Nərimanov rayon təşkilatlarının yeni sədrləri Qafar Əliyev, Bəxtiyar Nəbiyev, Muxtar Nağıyev və Samir Vəliyev ərazi partiya təşkilatlarının sədrlərinin də iştirakı ilə keçirilən yığıncaqlarda yerli təşkilatların partiya aktivinə təqdim olunub. SİA-nın məlumatına görə, öncə Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının inzibati binasında partiyanın qurucusu, ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb, Ümummilli Liderimizin xatirəsi yad edilib.

Tədbirlərdə çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Azərbaycanın ötən dövr ərzində möhtəşəm nailiyyətlərə imza atdığını bildirib. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasına qoşulub. Ötən il 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Azərbaycanın regionda və dünyada mövqelərini daha da möhkəmləndirib.

Ə.Tağıyev deyib ki, ölkəmizin böyük nailiyyətlər qazanmasında Yeni Azərbaycan Partiyasının da xüsusi rolu var. Belə ki, partiyamızın fəalları ölkəmizin inkişafına öz töhfələrini verir, Prezident, partiyamızın Sədri cənab İlham Əliyevin siyasətinin uğurlarını ictimaiyyət arasında aktiv şəkildə təbliğ edirlər.

Vurğulanıb ki, bu ilin mart ayında keçirilən YAP-ın VII Qurultayı və qurultayda qəbul olunmuş qərarlar partiyamızın inkişafında yeni mərhələnin əsasını qoydu. Qurultayda partiyamızın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli nitqi, yeni nizamnamənin qəbul olunması və digər mühüm qərarlar YAP-ın gələcək fəaliyyətində böyük önəm daşıyan amillərdir. YAP İdarə Heyətinin sentyabrın 10-da keçirilən iclasında partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının yeni sədrləri təyin olunub.

Tədbirlərdə çıxış edən Qafar Əliyev, Bəxtiyar Nəbiyev, Muxtar Nağıyev və Samir Vəliyev göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürlərini bildiriblər. Təşkilat sədrləri bu etimadı böyük məsuliyyət kimi qəbul etdiklərini vurğulayaraq səylə çalışacaqlarını qeyd ediblər.

Tədbirlərdə həmçinin, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov rayon təşkilatlarının yeni sədrlərini təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd edək ki, tədbirlərdə yerli təşkilatların gələcək fəaliyyəti ilə bağlı qarşıda dayanan vəzifələrə dair müvafiq tövsiyələr verilib.

Digər xəbərlər