Siyasət

  • 1 570

Zəfərimizin birinci ili və Azərbaycana hücumların yeni dalğası...

image

Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları 44 günlük Vətən müharibəsində qazanılmış parlaq Zəfərin birinci ildönümünü qeyd etməyə hazırlaşır. Bir qəhrəmanlıq dastanı olan Vətən müharibəsinin hər bir günü şanlı tarix, qürur anıdır. Sentyabrın 27-dən başlayaraq Azərbaycan xalqı həm şəhidlərini anacaq, həm qaziləri, hərbçiləri ilə fəxr edəcək, həm də bir il öncəki günləri yenidən xatırlayacaq. Bir il öncə Müzəffər Ali Baş Komandanın tvitlətini səbrsizliklə gözləyən insanlarımız həmin anları bir daha yaşayacaq, həyəcanlanacaq, qürurlanacaq...

Amma çox təəssüflər olsun ki, anti-Azərbaycan dairələri Vətən Müharibəsində tarixi qələbənin birinci ildönümü ərəfəsində Azərbaycanın dövlət siyasəti, ölkədə mövcud durum və hakimiyyətdə təmsil olunmuş müxtəlif yüksək vəzifəli şəxslərə qarşı ünvanlı qarayaxma kampaniyasına başlamaq niyyətindədirlər. Səbəb də ondan ibarətdir ki, qələbə və zəfər Azərbaycan xalqının, dövlətinin yüksəlişi, Ermənistan və havadarlarının qürubudur. Ona görə də, həm xaricdən, həm də daxildən “beşinci kolon” hücumlara başlamaqla Zəfərə ləkə salmağa, xalqın qələbəsini əlindən almağa çalışacaq.
Təcrübə onu göstərir ki, Qərbin müəyyən dairələrinin və onların təsiri altında olan media və QHT-lərin, ekspertlərin bu tipli hücumları əvvəlki illərdə də müşahidə olunub. Hər dəfə Azərbaycanla bağlı mühüm məsələlər gündəlikdə duranda və ya Azərbaycanda beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək tədbirlər keçiriləndə bu tipli hücumlar və qarayaxma kampaniyaları təşkil olunur. “Eurovision-2012”ni, I Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, “Formula-1”, beynəlxalq futbol yarışlarını, mühüm enerji və iqtisadi layihələri xatırlasanız kifayət edər...
Bu dəfə 44 günlük Vətən müharibəsindəki Zəfərimizin hədəf seçilməsi də təsadüfi deyil. Qərb dairələri bununla beynəlxalq ictimaiyyətin diqqətini keçirilən tədbirlərdən yayındırmaq, əsassız və qərəzli şəkildə Azərbaycanı hədəfə gətirmək, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycana əlavə problemlər yaratmaq məqsədi güdürlər. Azərbaycanın tarixi Qələbəsindən sonra həmin dairələr ölkəmizdə müharibə dövründə daha da möhkəmlənmiş, sarsılmaz hal almış milli birlikdən bərk narahatdırlar. Buna görə də təşkil olunan yeni kampaniyanın əsas məqsədi milli birliyi, xalqın öz liderinə, hakimiyyətə olan inamını və etibarını sarsıtmaqdır. Fikir verin, Fransa, Niderland, Lüksemburq kimi ölkələr Azərbaycan əleyhinə qərarlar verir, bunun ardınca ABŞ-dan Sevinc Osmanqızı, Fransadan Qənimət Zahid, eləcə də İsa Sadıqov, Fəhmin Hacıyev, Arif Yunus, Leyla Yunus, qondarma professor Cəmil Həsənli, Azərbaycanın daxilindən Əli Kərimli, Arif Hacılı, Əli Əliyev, Tofiq Yaqublu kimilər xalqın zəfərinə kölgə salmaq, qələbənin əhəmiyyətini azaltmaq üçün həmin qərarların icrasını həyata keçirirlər.
Müəllifi müzəffər Ali Baş Komandan İlham Əliyev olan və dünya siyasəti gündəliyinə, beynəlxalq medianın leksikonuna Qarabağ Azərbaycandır, Şərqi Zəngəzur, Zəngəzur dəhlizi kimi ifadələrin daxil olması da “beşinci kolon”u, Qərb dairələri ciddi narahat edir. Məhz bu səbəbdəndir ki, Qərb dairələri Azərbaycanın müharibədə qələbəsini həzm edə bilmirlər və sülh prosesinə zərbə vurmağa çalışırlar. Almaniya və ABŞ mediasında son zamanlar təşkil olunan ünvanlı qarayaxma kampaniyalarının əsas məqsədi də budur. Həmin dairələr qondarma problemləri ortaya atır, onun beynəlxalq miqyasda müzakirəsini təşkil etməyə, mövzunu Azərbaycanın informasiya məkanına keçirməyə çalışırlar. Məsələn, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin ardıcıl olaraq “Dağlıq Qarabağ münaqişəsi”nin hələ həll olunmadığını, bu istiqamətdə səylər göstərilməsinin zəruriliyini bildirməsi, status məsələsini gündəmə gətirməsi, İranın sərhədlərimizdə hərbi təlimlərə başlaması, uçuşlar həyata keçirməsi, gizli yollarla Ermənistana və Xankəndinə yüklər daşıması, ayətullah Seyid Həsən Amili kimilərin Azərbaycanı təhdid etməsi, Azərbaycan daxilində etnik separatizm mövzularının qabardılması, qazilər, şəhid ailələri, sosial məsələlər ilə bağlı qondarma problemlərin gündəm edilməsi, eyni zamanda ABŞ-ın Azərbaycandakı səfirliyinin məişət zorakılığı, seksual azlıqların hüquqları kimi mövzuları diqqətə gətirməsi, Azərbaycanda qondarma problemlər icad etməklə xalqımızın, xüsusilə gənclərin mənəvi deqradasiyası üçün səylərini gücləndirməsi, Azərbaycanın İstanbul konvensiyasına qoşulmasına nail olması ilə ölkəmizdə seksual azlıqların hüquqlarını prioritet səviyyəyə çatdırmağa, uşaqları seksual həyata cəlb etməyə, eynicinslilərin nigahını rəsmiləşdirməyə və digər bu kimi xalqımızın milli-mənəvi dəyərlərinə zidd olan meylləri əsrlərlə formalaşmış həyat tərzimizə hakim kəsməyə, deyilən istiqamətlərdə USAİD-in, ABŞ səfirliyinin layihələr həyata keçirməyə çalışması məhz haqqında danışılan ümumi təxribat planlarının tərkib hissəsidir. Ona görə də, Azərbaycan ictimaiyyəti, mediası belə məsələlərdə həssas olmalı, bu tipli kampaniyaları təşkil edənlərə və daxildə ondan yararlanmağa çalışanlara meydan verməməli və öz qəti sözünü deməlidir. Azərbaycan ictimaiyyəti təxribatçı subyektlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd olan məsələləri gündəmə gətirməsinə ciddi etirazını bildirməlidir. Bu prosesdə yubanma, gecikmə yalnız xalqımıza, dövlətimizə zərər gətirə bilər. Ona görə də, artıq şeytanı daşlamağın zamanıdır. Həm içimizdəki, həm də çöldəki...

Ramil Vəlibəyov,
Yeni Azərbaycan Partiyası
Nizami rayon təşkilatının sədri

yap.org.az

Digər xəbərlər