Siyasət

  • 889

Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib

image

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Salamov Vüsal Yəhya oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib. SİA-nın verdiyi məlumata görə, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİHBA-nın məsul əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı, İctimai Birliklərin rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidin uyuduğu məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunub.Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhidin ailəsinə başsağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb.Mərasimdə şəhid Vüsal Salamovun keçdiyi qısa və mənalı həyat yolundan söz açılmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildikləri vurğulanıb.Şəhidin ailə üzvləri çıxış edərək ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.Salamov Vüsal Yəhya oğlu 1993-cü ildə Bakı şəhəri, Buzovna qəsəbəsində anadan olub. Həqiqi hərbi xidmətini Murovda manqa komandiri kimi başa vurmuş və 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə oktyabrın 5-də könüllü olaraq qatılıb. Füzuli və Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak etmiş və 18 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Xəzər rayonu, Buzovna qəsəbəsində dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il və 29.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Salamov Vüsal Yəhya oğlu ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

sia.az

Digər xəbərlər