Siyasət

  • 2 220

Ermənistan: 30 ilin son dərsi və İran

image

44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanda bütün sferalar - həm dövlət, həm də qeyri dövlət strukturları çöküb. Yüksəliş, inkişaf haqqında deyilənlər isə yalnız kağız üzərindədir. Hakimiyyət nokautdan ayılmayıb, üstəlik erməni cəmiyyətini də şoka salmaqda davam edir. Hətta Azərbaycan ərazilərində "Ermənistan" adlı qondarma dövlət yaradanlar da Azərbaycanın ildırım sürətli gedişindən özlərini itiriblər, ermənilərə heç bir təskinlik verə, onları düşdükləri quyudan çıxacaqları yolu göstərə bilmirlər.

Ara-sıra "eks"lər hakimiyyəti ittiham etmək şərtilə milləti sakitləşdirməyə, baş verənlərin keçici olduğunu inandırmağa çalışırlar. Qarabağ klanının ən fəal üzvlərindən biri, Ermənistanda hakimiyyəti ələ keçirənlər arasında "üçüncü"lüyü qoruyan Serj Sarkisyan əvvəlcə revanşdan, əvəzçıxmadan ağızdolusu danışsa da seçkilərdən sonra havası alınmış kimi görünür. "Qarşıda çətin, şərəfli mübarizə gözlənilir", deyən Serj Sarkisyan hakimiyyəti yenidən ələ keçirəcəyi ümidini itirmədiyini addımbaşı büruzə verir.

Serjikin mesajında həmçinin qeyd olunur: “Otuz il əvvəl Üçüncü Respublikanın əsasını qoyan nəsil erməni xalqının gələcək nəsilləri qarşısında məsuliyyətini yaxşı dərk edirdi. Bu nəsil azad və müstəqil bir erməni dövləti qurmaq və müdafiə etmək üçün hər şeyi etdi. Müstəqillik nəslinin bəzi nümayəndələri vətən uğrunda qurban getdilər (yəni gorbagor oldular) və bu gün onlardan geridə qalanların bir qismi anti-milli hakimiyyət tərəfindən təqib olunur. Erməni xalqının taleyinə biganə qalan hazırkı rejim və onların tərəfdarları, təsvir edilə bilməyəcək çətinliklər hesabına əldə edilən nailiyyətləri qısa müddətdə puç etdilər. Ermənistanı və "Artsax"ı ciddi zərbə altında qoydular, milli dövlətin qorunması üçün vacib olan komponentlərə qarşı iyrənc bir kampaniya başladılar. Ermənistan vətəndaşlarını düşməndən və mövcud rejimdən təhqirlərə məruz qoyaraq könüllü olaraq düşməni müstəqil dövlətin sərhədlərinə buraxdılar. Ermənistanın suverenliyi və dövlət təhlükəsizliyi pozuldu. Minlərlə gənc həyatının qurban verilməsi və ya şikəst olması ilə nəticələnən 44 günlük müharibədə bacarıqsız idarəetmə nəticəsində və düşmənlə şübhəli "yaxınlaşma" nəticəsində dövlətin varlığı təhlükəyə atıldı. Bunun fonunda indiki rejim utanmadan "rəngarəng" bayram keçirir".

Bəli, bu fikirlər Azərbaycan xalqına xəyanət etmiş Qarabağ ermənisinin, minlərlə azərbaycanlını öz isti ocağından, ata-baba torpağından zorla qovan erməni separatçılarının başında duran, Xocalıda bəşəriyyətin ən qanlı soyqırımını törədən və sonradan xristian qardaşlarının demokratik ölkə adlandırdıqları Ermənistanın prezidenti olmuş və nəhayət tipik erməni terrorçusuna, qulduruna aiddir. Uzun illər bu xəyanətə, qətliama, separatçılığa hazırlaşan ermənilərin o zamankı nəsli "miatsum" adı altında Azərbaycandan bir tikə qoparmaq həvəsinə düşdülər. Və bunu cəmi 30 illiyə əldə saxlamağı bacardılar. Yadınızdadırsa, Sarkisyan hakimiyyətinin son illərində Qafan şəhərində bölgənin gəncləri ilə bir araya gəlmişdi. 25-30 il beynəlxalq təşkilatların susqunluğundan ilham alan, işğalçılığa geydirdiyi "azadlıq" donuna dünya birliyi tərəfindən heç bir təzyiqin olmayacağını yəqin etdiyindən ruhlanan bu gəda: "Biz Qarabağı aldıq, sizin nəsil isə "Ararat"a (Türkiyə ərazisindəki Ağrı dağı - müəllif) sahib çıxmalıdır", ifratçılığına vararaq əslində bütün erməniləri ifşa etmişdi.

Ermənistanın ikinci prezidenti, "titul"larının sayına görə Sarkisyandan geri qalmayan Koçaryan da təxminən eyni sözləri və eyni fikirləri irəli sürmüşdü. Ermənilərin birinci prezident isə xələflərindən fərqli olaraq hadisələrə obyektiv yanaşmağın tərəfdarı olsa da ona düşündüklərini reallaşdırmağa imkan vermədilər.

Bu günün reallığı isə başqadır. Azərbaycan 44 günlük müharibədə heç kimin ağlına gətirmədiyi uğura imza atıb. 30 il dağlı-aranlı Qarabağı işğal altında saxlayan, bu azmış kimi ara-sıra bizi Bakıya qədər qovacaqları ilə hədələyən ermənilər sonda özlərinin cızdığı qondarma sərhədlərdən də məhrum oldular.

Bugünkü ermənilər hələ də 30 illik işğalın eyforiyasındadırlar. Çox az qismi həqiqəti qavraya bilir, əksəriyyət nə beynəlxalq qanunları, nə dünya ölkələri tərəfindən təsdiqlənən sərhədləri, nə kitabı, nə də sənədləri tanıyır. Gah Romadakı daş üzərində çəkilən cızmaqaraya, gah da ABŞ-ın 28-ci prezidenti (1913-21-ci illər) olmuş Vudro Vilsonun kağız üzərində qalan (Konqres tərəfindən rədd edilib) tezislərinə söykənərək sərhədlərin təyin edilməsinə çalışırlar. Amma unudurlar ki, onların istinad etdikləri sənədlər heç vaxt olmayıb və bu gün də mövcud deyil. Ermənilərin saxta tarixinə qarşılıq masaya 5-6 imperiyaya sahib Azərbaycan dövlətinin şanlı tarixini qoymaq olar - Böyük Səlcuqlular, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Afşarlar, Qacarlar. Nə olsun ki, tarixin müəyyən dönəmində xanlıqlara parçalanıb, amma Azərbaycan olaraq bu gün var və bundan sonra da olacaq. Hələlik o tayda da bir Azərbaycan var. Amma...

Müharibədən məğlub çıxan Ermənistan məkrli niyyətlərini hələ də sürdürməkdədir. Bu dəfə qanı, canı, dini-imanı bir qardaşlarımızla bizi üz-üzə qoymaq niyyəti ortadadır. Ermənistanda dəqiq bilirlər ki, ölkəni düşdüyü ağır durumdan Qərbin sanksiyaları, təhdidləri altında qalan İran xilas edə bilməyəcək. Bəs onda İrəvan niyə Tehrandan "pirim" deyib yapışıb? Belə bir deyim var, dostumun düşməni, mənim düşmənimdir. Düşmənimin düşməni mənim dostumdur. İranla ABŞ-ın düşmənçiliyi 42 ildir ki sürür, Ermənistan da Amerika ilə dostdur. Deməli İran Ermənistanın dostunun düşmənidir. "Dostumun düşməni mənim düşmənimdir" nəzəriyyəsinə görə, İranla Ermənistan düşmən olmalıdırlar. Ortada isə fərqli mənzərədir. İran düşməninin dostu ilə düşmən olmaq əvəzinə, onunla dostluq edir, ona süni nəfəs verir. Eyni zamanda Azərbaycanın timsalında din, dil, məzhəb qardaşlarına qarşı çıxır, əzələ nümayiş etdirmək istəyir.

Proletariatın atası Lenin yazırdı ki, Ukraynadakı "velikoderjava" şovonisti, Rusiya "velikoderjava" şovonistindən daha qorxulu və təhlükəlidir. Bu fikri bilirsiniz niyə yazıram, Leninə sevgimdən yox, Ərdəbil imamının farsdan çox fars olmaq iddiasından qorxduğum üçün. Ərdəbil Şərqi Azərbaycan ostanlığının paytaxtıdır. Bu şəhərin imamı düşündüyünüz adi "molla" deyil əslində. Bizim ölçü vahidimizlə götürüləndə akademikə bərabər birisidir. Onun oxuduğu xütbələr o vaxt Leninin yazdığı tezislərindən daha kəsərlidir, desək yanılmarıq. Bu şəxs İranın tarixini bildiyi kimi, üzərində gəzdiyi torpağın keçmişini, mənsub olduğu xalqın kimliyini də bilmək zorundadır, çünki sadə bir iranlı deyil. O yəqin bilməmiş deyil ki, Arazın o tayında da, bu tayında da Azərbaycan türkləri yaşayır, amma fərqli ölkələrdə. Nəqliyyat vasitələrinin hərəkəti də beynəlxalq qanunlara, o cümlədən iki ölkə arasında imzalanmış momerandumlara əsasən tənzimlənir. Ərdəbil mollası onu da bilir ki, İran ərazisinə daxil olan Azərbaycan maşınlarından müxtəlif ölçülü rüsumlar alınır. Bəs xeyir ola, İran maşınları, xüsusən də erməni separatçılarına qida, yanacaq, silah daşıyan nəqliyyat vasitələri niyə Azərbaycan ərazisinə daxil olanda yoxlanmamalı, rüsum alınmamalıdır? Əzələ nümayişinə qalxmazdan əvvəl Ərdəbil mollası Seyid Amini Həsəni iki ölkə arasında imzlanmış sənədlərə diqqət etsə dünya dağılmaz ki.

Bəs onda İran rəsmilərinin ara-sıra sərgilədikləri təhdidlərin arxasında nə dayanır? Eyni soy-kökdən olan, eyni dildə danışan, eyni dinə-məzhəbə qulluq edən cənublu qardaşlarımızı narahat edən nədir ki, düşmənə yardım etmək qədər xəyanətə qol qoysun? Təbii ki, bu sualın cavabını qismən də olsa bilirik, amma bildiklərimizin bir-ikisini yazmaqla Ermənistana cənublu qardaşlarımızın əli ilə yük göndərənlərin niyyətini üzə çıxara bilərik. Əvvəla qeyd edək ki, məsələnin kökündə sırf iqtisadi maraqlar dayanır. Hadisələrin gedişatı göstərir ki, Zəngəzur dəhlizinin açılması Naxçıvana daşınan yüklərin İrandan keçməsinə son qoyacaq. Bu da İranın ildə milyonlarla dollar gəlirdən məhrum olması deməkdir.

İkincisi, Ermənistan Türkiyə və Azərbaycanla iqtisadi əlaqələr qurmaqla İran bazarına güclü alternativlər yaranacaq ki, bu da böyük itkilər deməkdir. Bir sözlə, rəsmi Tehran hələlik Ermənistandan bir alət kimi istifadə etməyi düşünür. Digər niyyətlər isə zamana bağlıdır.

V.VƏLİYEV

Digər xəbərlər