Siyasət

  • 1 557

"İran dolayı yolla xristian təəssübkeşliyini önə çıxartdı" - MÜSAHİBƏ

image

Haqq Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli SİA-ya müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik:

- Son zamanlar İran tərəfindən Azərbaycana qarşı təhdid xarekterli mesajlar verilir. Hətta, İran Arazboyu sərhəd bölgəsində hərbi təlimlər keçirir. Sizcə, İranı nə narahat edir?

- 80-ci illər meydan hərəkatı zamanı və ondan sonrakı dövrlərdə Milli Azadlıq Hərəkatının rəhbəri Əbülfəz Elçibəy fars şovinizmi haqqında zaman-zaman danışırdı. O zaman bəzi insanlar deyirdi ki, Elçibəy bizi böyük bir dövləti bizə düşmən edir. Hətta, o hakimiyyətdə olanda İran tərəfdən rəsmi görüş təklifləri olurdu. Ümumiyyətlə, 35 milyonluq güney azərbaycanlı soydalaşlarımızın azadlığı ilə bağlı bəyanat istənirdi. Təbii ki, Əbülfəz Elçibəy ona gedə bilməzdi. Yəni farsın bu şovinist düşüncə, avtoritar idarəetmə, teokratik idarəetməsi demokratiyadan uzaqdır. İnsan haqlarını qovmaq onlar üçün hakimiyyəti qorumaq deməkdir. Hakimiyyəti qorumaq adı altında İranın milli və dövlət maraqları sözlərindən spekulatif istifadə etmək cəhdləri açıqca özünü göstərir. Elçibəydən sonra Heydər Əliyev dönəmində də İran Rusiyadan gələn silahların daşınmasında işlər görüb. İndi də Azərbaycan Qarabağdakı seperatçı qrupların İran tərəfindən qidalanmasına əl qoyur. Azərbaycanın demokratik ölkə olması, Türkiyə-Azərbaycan işbirliyi, Pakistanın regionda Azərbaycanla strateji tərəfdaş olması İranın maraqlarına cavab vermir. Mən bunu çox cəsarətlə deyə bilərəm ki, İran islam adı altında islami dəyərləri də ciddi şəkildə pozur. İran Azərbaycanın yanında olmalı idi. Bütün gedən proseslərdə Azərbaycana dəstək verməli idi. Müsəlman dövləti kimi təəssübkeşlik etməli idi. Axı Azərbaycan cəmiyyəti də müsəlmandır. Amma İran birbaşa yox, dolayı yolla xristian təəssübkeşliyini önə çıxartdı. O cümlədən Rusiya ilə strateji müttəfiqlik məsələsini Rusiyanın dili ilə gündəmə gətirdilər. Bunlar türk dünyasına birbaşa Türkiyə-Azərbaycan müttəfiqliyinə qarşı Rusiyanı özlərinə strateji müttəfiq görürlər. Gələcəkdə türk birliyi məsələsindən Güney Azərbaycan məsələsinə görə, ciddi şəkildə İran narahatdır. Bölgədə yeni orta doğuya təsir edəcək Mərkəzi Asiyadan tutmuş Avrasiya zolağında yeni güc mərkəzinin formalaşmasını özlərinin gələcək talelərinə təhdid hesab edirlər. Burada İran-Rusiya anlaşması ilə hesab olunur ki, Azərbaycana müəyyən şəkildə təsir etmək lazımdır. Bununla da Azərbaycandan istədiklərini alsınlar. Beləliklə də, Azərbaycanın Türkiyənin hegemonluğu ilə türk birliyi kimi yeni düşüncəyə keçidi dursun. İranın bütün hərəkətlərinin səbəbi bundan ibarətdir.

- Son zamanlar fikirlər səslənir ki, artıq biz türk birliyinə doğru gedirik. Əgər, həqiqətən, türk birliyi yaranarsa, burada İranın yeri nə olacaq?

- Dünyada müxtəlif formatlar var. Ərəb dövlətlərinin birliyi var. İslam dövlətlərinin təşkilatları var. Avropa dövlətlərinin əməkdaşlıq təşkilatları var. Mənə elə gəlir ki, türk dövlətlərinin də artıq Türksoy xətti istiqmətində 92-ci ildə təməli Azərbaycanda qoyulan bir əməkdaşlıq şurası var. Artıq onun zaman-zaman prezidentlərin zirvə toplantıları və yaxud parlamentlərarası dostluq qruplarının üzvlərinin toplantılarının keçirilməsi, Türksoyun ortaq dil, ortaq tarix barəsində ciddi araşdırmaları yeni deyil. Yəni artıq faktiki olaraq 30 ildir ki, bu proses gedir. Orta Asiyada fərqli gəlişmələr var. Şanxay havasının içərisində, o cümlədən Rusiya basqıları təbii ki, kifayət qədərdir. Bütün hallarda türk şüurunun durumunu 20 il, 30 illə müqayisədə tamamilə fərqli bir müstəvidədir. Türkiyənin kim olduğunu dərk edənlər çoxdur. Mən Mərkəzi Asiyada olanda əvvəllər deyirdilər ki, biz böyük qardaş istəmirik. Təbii ki, bununla Türkiyəni nəzərdə tuturdular. Amma bu böyük qardaş məsələsi deyil. Eyni millətsən sənin taleyin eynidir. Sən ya imperiyanın altında fərqli-fərqli hissələrə bölünüb məhv olmalısan. Ya da birləşib gücə çevrilməlisən ki, bu bölgədə tarazlıq mövqeyinin mərkəzi sənin əlində olsun. Gerçək olaraq mən hər dəfə deyirəm ki, bölgədə ədalət bayrağı Türk millətinin və Türkiyənin əlindədir. Bunu sübut etmək üçün kifayət qədər dəlilim də var.

- Zəlimxan bəy, bu türk birliyini hansı dövlətlər, hansı ölkələr, hansı güclər özünə təhdid hesab edir?

- Tək qütblü dünya mövcud idi. Rusiya qütbün bir tərəfi idi və ideoloji savaşda uduzdu. Hərbi savaşda da revanş götürməsinə baxmayaraq uduzmuş kimi görünür. Yəni Amerikanın Avropa birliyi ilə birlikdə olan tək qütblü hegemonluğunu Ərdoğanın dünya beşdən böyükdür deməsi dağıtdı. Yəni, bu gün ən populyar, özü də artıq sinirilən idealardan biri odur. Yəni, artıq türk faktorunu nəzərə almadan orta doğu da, mərkəzi Asiyada sən məsələləri həll edə bilməssən. Türkiyənin olduğu yerdə müsəlman var, müsəlmanın haqqı var, türkün haqqı var və bəşəri dəyərlərin haqqı var. Sən bunları saymadan, Türkiyənin üzərinə YPG-ni, PKK-nı qısqırt, buradan ermənini Azərbaycanın üstünə qısqırt belə şeylər olmaz. Artıq real olaraq Türkiyənin sənayeni inkişaf etdirməsi, sürətli olaraq gələcək on illik, iyirmi illik, hətta 50 illik strateji planlaması ilə meydanda mən varam deyir. Türkiyə silahları ilə inkişaf etmiş ölkələri təəccübləndirəcək müstəviyə gəlib çatdı. Deməli, türk milləti zəkidir, ağıllıdır. Ərdoğan iqtidarı o resursu ortaya çıxartdı.

- Bəzi politoloqlar düşünür ki, Rusiya artıq əvvəlki gücünü itirb. Sizcə, doğrudanmı, Rusiya öz gücünü və nüfuzunu itirib?

- Bir var viziual, virtual yanaşma, bir də reallıqlar var. Məsələn Suriya məsələsi, Yunanıstanla Egey dənizi məsələsi olsun, yaxud AB ilə dioloqların artıq ciddi şəkildə başlaması və Amerika ilə ciddi konfrontasiya mühitindən yenidən ciddi strateji tərəfdaşlığa keçməsi, NATO-nun baş katibinin Türkiyəni NATO-nun ən ciddi tərəfdaşı adlandırması bütün bunlar Türkiyənin gücü haqqında dolğun məlumat verir. Təbii ki, Türkiyənin özünün də bəzi ekonomik və iç problemləri var. Bu qədər dünyada savaş meydanına girmiş Türkiyə, hətta demokratiya məsələsini də kənara qoymur. Bununla belə demokratik gəlişmələr də var. Həm də bütün qapıları bağlamadan yeni dönəmdə tarix yazmaq missiyası var. Bu missiyanı yerinə yetirmək məsələsində Türkiyə iddialıdır. Mən buna çox ciddi yanaşıram. Sadəcə olaraq bir tük olduğuma və ya Azərbaycana dəstək verib ona görə yox. Bu dövlətin qonşu dövlətlərlə münasibəti, sözünün keçərliliyi və mötəbər məclislərdə sayılması, yeri gələndə məsələn, İsraillə kəllə-kəlləyə gəlməsi, yeri gələndə yenidən əməkdaşlıq etməsi bunlar diplomatiyada çox ciddi məqamlardır ki, bu Türkiyənin gücünü ən yaxşı şəkildə göstərir.

Digər xəbərlər