Siyasət

  • 729

Ceyhun Bayramov: GUAM-a üzv dövlətləri minaların insan hüquqlarına təsiri ilə bağlı bəyanata qoşulmağa çağırırıq

image

Sentyabrın 22-də GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov bu tədbirin GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 2020-ci ildə COVID-19 pandemiyası ilə bağlı qapanmadan sonra ilk canlı toplantısı olduğunu deyib.
Qeyd edib ki, iclasda birgə fəaliyyətin artırılması üçün imkanlar nəzərdən keçirilir. Regional təşkilat olan GUAM dayanıqlı sülhün və inkişafın təmin edilməsi üçün əhəmiyyətli platformadır. Əməkdaşlığımız paylaşılan öhdəliyə və beynəlxalq hüququn hamılıqla tanınmış qaydalarına və prinsiplərinə, qarşılıqlı etimada və bir birinin maraqlarına hörmətə əsaslanır. Bunlar ticarət və iqtisadi əməkdaşlıq, həmçinin insanlar arasında mübadilə də daxil olmaqla, geniş sahələrdə əhəmiyyətli nailiyyətləri qeyd etməyə imkan verir.
Gürcüstanın təşkilata sədrliyi dövründə əməkdaşlığın əlaqələndirilmiş, fəaliyyətyönümlü və irəli baxan bir şəkildə daha da inkişaf etdirilməsi üçün ciddi səylərin göstərildiyini vurğulayan C.Bayramov quruma üzv ölkələr arasında əməkdaşlığın fəaliyyətlərin layihəyönümlü istiqamətini gücləndirməklə daha da inkişaf edə biləcəyini diqqətə çatdırıb. Deyib ki, ilk növbədə, ticarət, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları (İKT), turizm kimi sahələrdə birgə iqtisadi layihələrə diqqət ayırmaq lazımdır, çünki bu sahələr pandemiyadan sonrakı dövrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
Sahəvi əməkdaşlığa toxunan nazir "Malların mənşə ölkəsini təyin edən qaydalar haqqında Protokol"un və GUAM Konsulluq Konvensiyasının imzalanması üçün lazımi daxili proseduraları tamamlanmaqda olduğunu bildirib.
Qeyd edib ki, Azərbaycan həm regional, həm də bölgələrarası səviyyədə sülhün, təhlükəsizliyin, sabitliyin və rifahın təmin edilməsinə yönəlmiş “GUAM+” formatı çərçivəsində genişləndirilmiş əməkdaşlığın güclü tərəfdarı olaraq qalır. Azərbaycan bu gün imzalanması planlaşdırılan, lakin təəssüf ki, Xarici İşlər Nazirləri Şurasının növbəti iclasına təxirə salınan GUAM-İsrail Birgə Bəyannaməsini alqışlayır. Tərəfdaşlarımızla güclü əlaqələrimiz var, lakin digər tərəfdaşlarla əməkdaşlıq gündəmlərini yenidən nəzərdən keçirmək və işimizi ümumi prioritetlər əsasında tərtib etmək baxımından bütün tərəfdaşlarımızla əməkdaşlığı gücləndirmək üçün əlavə səylərə ehtiyac var.
“GUAM Parlament Assambleyasının 13-cü sessiyasının kommünikesi beynəlxalq və regional parlamentlərarası assosiasiyalar ilə əməkdaşlığı davam etdirməklə bağlı niyyəti bir daha təsdiqləyir. Bu xüsusda, GUAM PA digər dövlətlərlə ikitərəfli və çoxtərəfli səviyyədə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsini milli parlamentlər arasında dialoqu gücləndirmək, onların şəbəkələrini dərinləşdirmək və etimad mühiti yaratmaq vasitəsi olaraq nəzərdən keçirə bilər”, - deyən Azərbaycanın xarici işlər naziri diqqətə çatdırıb ki, ümumi maraq kəsb edən sahələrdə BMT təşkilatları ilə sıx əməkdaşlığın qurulması dayanıqlılığı təmin etmək üçün milli səyləri gücləndirəcək və ölkələrimizin çağırışlara daha yaxşı cavab verməyə hazırlığını təmin edəcək. Bu baxımından layihələrin müvafiq beynəlxalq və regional təşkilatlarla birgə həyata keçirilməsinə daha çox diqqət yetirilməlidir.
Beynəlxalq təşkilatlar çərçivəsində maraqlarımızın irəlilədilməsində fəal əməkdaşlığın və qarşılıqlı dəstəyin vacibliyini bildirən Ceyhun Bayramov deyib: “Əldə etdiyimiz müsbət təcrübəyə əsaslanmalıyıq. Bu baxımdan, GUAM-a üzv dövlətləri Azərbaycanın irəli sürdüyü minaların insan hüquqlarına təsiri ilə bağlı bəyanata qoşulmağa və bununla bağlı Cenevrədəki daimi nümayəndəliklərinə təlimat verməyə dəvət edirik. Birgə Bəyanat Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 48-ci sessiyasının gündəliyinin 4-cü bəndi çərçivəsində sentyabrın 24-də həmfikir ölkələr adından veriləcək”.
Qarabağ münaqişənin həllinin Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni imkanlar açdığını vurğulayan nazir deyib ki, 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanat xüsusilə bölgədə kommunikasiyaların açılmasını nəzərdə tutan 2021-ci il 11 yanvar tarixli üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan bəyanatı ilə tamamlandı. Azərbaycan, Ermənistan və Rusiya bölgədə nəqliyyat kommunikasiyalarının açılması üçün konkret istiqamətlər üzərində işləməyə başladılar. Əlaqələrin yenidən canlandırılması Ermənistan və Azərbaycan ərazilərindən ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə sürətləndirəcək ki, bu, həm bu ölkələrə, həm də tərəfdaşlarımıza fayda verəcək. Bu, əlaqələrin normallaşmasının əhəmiyyətli bir amili olacaq, bölgədə və ondan kənarda davamlı sülhün və sabitliyin təmin edilməsi üçün şəraitin yaradılmasında müsbət rol oynayacaq.
Azərbaycanın xarici işlər naziri, həmçinin qeyd edib: “Kommunikasiyaların açılması məsələsi ilə məşğul olan üçtərəfli işçi qrupu bölgədə konkret istiqamətlər üzərində işə başladı. Kommunikasiyaların açılmasının mühüm və mümkün bir irəliləyiş ola biləcəyinə baxmayaraq, Ermənistan danışıqları əngəlləmək və gecikdirmək taktikasına əl ataraq irəliləyişin qarşısını almağa cəhd edir. Biz konstruktiv olaraq prosesdə iştirak edirik və məsələ ilə məşğul olmaqda davam edirik. Aydındır ki, kommunikasiyaların yenidən canlandırılması həm bu ölkələrin, həm də tərəfdaşlarımızın xeyrinə Ermənistan və Azərbaycan ərazilərindən ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracaq.
Azərbaycanın azad edilmiş ərazilərində bərpa, yenidənqurma və reinteqrasiya işləri sürətlə gedir. Münaqişədən sonrakı yenidənqurma anlayışımız xalqımızın ehtiyaclarına və prioritetlərinə əsaslanır. Məcburi köçkünlərin ləyaqətli yaşayışı üçün lazım olan siyasi, hüquqi, iqtisadi və sosial şəraitin təmin edilməsi əsas prioritetlərimizdəndir. Azərbaycan etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin edərək münaqişədən təsirlənmiş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək əzmindədir”.
Azad edilmiş ərazilərin mina ilə kütləvi çirklənməsinin Azərbaycan Hökumətinin başladığı genişmiqyaslı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə mane olduğunu deyən nazir bildirib ki, ən əsası, bu, yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönmək hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir.
“ Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət Ermənistana revanşist yanaşmalardan əl çəkmək üçün təzyiq göstərməlidir ki, Ermənistan bunun əvəzinə davamlı sülh və inkişaf üçün unikal imkandan istifadə etsin. Üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsinin, müharibənin bütün nəticələrini aradan qaldırmaq və bölgədəki bütün ölkələr və onların xalqları üçün firavan bir gələcək qurmaq yolunda alternativi yoxdur”, - deyə nazir əlavə edib.
O, eyni zamanda, vurğulayıb ki, beynəlxalq hüququn tətbiqi sülh, təhlükəsizlik və inkişaf üçün əsas şərtdir. Təəssüf ki, GUAM-a üzv dövlətlərin ərazilərində həlli uzanmış münaqişələr sülh və təhlükəsizliyə təhdid yaratmağa davam edir. Bu münaqişələr suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir”.

yap.org.az

Digər xəbərlər