Siyasət

  • 1 810

Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir

image

Vətən müharibəsi dövründə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, əzəli-əbədi torpaqlarımızda bütün beynəlxalq təşkilatlar tərəfindən tanınan əraziləri uğrunda BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq (BMT üzvü olan hər bir ölkə silahlı hücuma məruz qaldığı halda özünümüdafiə hüququna malikdir) mübarizə apardı. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin birmənalı şəkildə işğal olunmuş torpaqlarımızı tərk etməsi haqqında icra olunmayan, illərdir kağız üzərində qalan 4 qətnaməsini icra etdi. Azərbaycanın atdığı hər bir addım beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandı. Bütün proseslərdə, o cümlədən danışıqlarda da Azərbaycan hər zaman konstruktiv və ardıcıl mövqe nümayiş etdirdi. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu heç vaxt mülki obyektləri hədəf almadı, dinc sakinlərə zərər vermədi. Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davranmağı bacardı; Ordumuz XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi də aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə davrandılar və mülki vətəndaşlara zərər yetirmədilər. Azərbaycan haqq mübarizəsi apardı, tarixi ədaləti bərpa etdi.Ali Baş Komandan İlham Əiyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Qələbə xalqımızın bütün dünyaya haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Azərbaycan Ordusu dünya hərb tarixində qalib Ordular sırasına daxil oldu. Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Vətən müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər

Dünyaya səs salan Qələbəmiz müstəqil Azərbaycanımızı dünyada qalib xalq, məğlubedilməz dövlət kimi yenidən tanıtdı.
Ermənistan hərbi, siyasi, diplomatik sahədə ağır məğlubiyyətə uğradı. Azərbaycan Ordusu erməni ordusunu məğlub etdi, demək olar ki, bütün texnikaları məhv edildi, düşmənin illərlə qurduqları istehkamlar Azərbaycan əsgərləri tərəfindən keçildi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında üçrəngli bayrağımızın dalğalanması ilə Azərbaycan tarixinin ən parlaq səhifələri yazıldı. Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı Azərbaycan yaratdı .
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” şüarı, qələbəyə səsləyən lider çağırışı kimi xalqımızın müqəddəs torpaqlarımız uğrunda savaşının ideya qayəsinə çevrildi. Xalqımızın, cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik, hər kəsin bir nəfər kimi ölkə Prezidentinin ətrafinda sıx birləşərək böyük qələbəni reallığa çevirməsi bütün dünyada qüdrətli Azərbaycanın özünütəsdiqi kimi qəbul edildi.
Müzəffər ordumuzun Zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, torpaqlarımızın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, illərdir düyününün açılması müşkülə çevrilən Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi hazırda dünya siyasətçilərinin, ictimaiyyətinin diqqətinin yönəldiyi məsələlərdəndir. Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi uğuru həm də regionda sülhə və təhlükəsizliyə əvəzsiz töhfə oldu. Müharibəni zəfərlə, qələbə ilə başa vuran Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə həyat bərpa edir. Tarixi ədalətin bərpa edilməsi nəticəsində əsl sahibinə qaytarılan Qarabağda aparılan quruculuq işləri sayəsində bölgənin həyatında keyfiyyətcə yeni mərhələ başlayıb. İşğalçı, faşist ideologiyasından qaynaqlanan Ermənistanda isə siyasi qüvvələr hələ də məğlubiyyətin acısını müzakirə edirlər, səbəblərini araşdırır və bir-birini ittiham edirlər. Anlamaq belə istəmirlər ki, mövcud vəziyyətdən yeganə çıxış yolu işğalçılıq ambisiyalarına son qoymaq, haqq, ədalət qarşısındakı məğlubiyyətləri ilə barışmaqlarıdır. Rəsmi İrəvanın revanşist cəhdləri sadəcə intihar – Ermənistan dövlətçiliyinin sonu ola bilər. Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara qapılmasın.
Vətən müharibəsi xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda, Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Bu qələbə son əsrlərin ən böyük qalibiyyəti, dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi ilə tarixə yazıldı.

Pərvin Kərimzadə,
Milli Məclisin deputatı

yap.org.az

Digər xəbərlər