Siyasət

  • 1 881

Qələbə faktoru: onlar nə düşünürlər? ANALİTİK ŞƏRH

image

Şanlı tariximizə Vətən müharibəsi kimi yazılmış İlkinci Qarabağ savaşının başlanmasından təqribən 1 il ötməkdədir. Və bu, həm də o deməkdir ki, artıq ötən müddət ərzində Azərbaycanın qüdrətli Ordusu öz gücünü, qalibiyyət məramını, zəfər eşqini bütün dünyaya nümayiş etdirib. Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində işğalçı erməni güclərini məhv etməsi, torpaqlarımızı azad etməsi haqqında artıq beynəlxalq aləmdə də mühüm fikirlər səslənir, diqqət çəkən düşüncələr bölüşülür. O cümlədən, hərb elminə Azərbaycanın gətirdiyi müasir döyüş strategiyaları əlavə olunur.SİA müxtəlif vaxtlarda rusdilli “Caliber” analitik informasiya mərkəzinə müsahibələr vermiş xarici hərbi ekspert və siyasi şərhçilərin tərcümə edilmiş fikirlərini təqdim edir:

Gürcüstanın tanınmış ictimai-siyasi xadimi Georgi Xaindrava: “Təbii ki, bizim hamımız hadisələri diqqətlə izləyirdik və Azərbaycan ordusunun fəaliyyətinə, peşəkarlıq səviyyəsinə və döyüş qabiliyyətinə heyran qalırdıq”
Gürcüstanın tanınmış ictimai-siyasi xadimi, 2004-2006-cı illərdə ölkəsinin münaqişələrin tənzimlənməsi nazirliyinə rəhbərlik etmiş Georgi Xaindrava mövzu ilə bağlı fikirlərində bildirib ki, Azərbaycan hərb meydanında Ermənistanla təkbətək döyüşüb. Rusiya isə münaqişəyə açıq və fəal şəkildə qarışmayıb. Onun sözlərinə görə, Azərbaycandan fərqli olaraq Gürcüstandakı münaqişədə gürcülər abxaz və osetinlərlə deyil, Rusiya ilə döyüşüb. Lakin buna baxmayaraq, hətta Rusiya 44 günlük müharibədə açıq şəkildə Ermənistanın tərəfindən çıxış edərdisə belə, Azərbaycan bütün hallarda öz ərazi bütövlüyünü bərpa edə biləcəkdi, sadəcə, bir az çətinliklə.Rusiyanın 44 günlük müharibədə Ermənistanı aşkar şəkildə silahla təchiz etməsi məsələsinə gəlincə, gürcü siyasətçisi bildirib ki, silah təchizatı ayrı bir şeydir, amma Ermənistanın tərəfində dayanmaq başqa məsələdir. Belə ki, Rusiya Qarabağda Azərbaycana qarşı döyüşəcək 15 minlik kontingent saxlamırdı. Moskvanın isə İrəvana silahla köməklik göstərməsi isə aydın məsələdir, hər zaman da belə olub.Müharibənin gedişini izlədiyini deyən Georgi Xaindrava xüsusilə qeyd edib ki, Azərbaycan onun üçün çox yaxın ölkədir, burada onun nənəsi yaşayıb və dəfn olunub. “Azərbaycanlılar bizim qardaşlarımızdır. Təbii ki, bizim hamımız hadisələri diqqətlə izləyirdik və Azərbaycan ordusunun fəaliyyətinə, peşəkarlıq səviyyəsinə və döyüş qabiliyyətinə heyran qalırdıq”, deyə o bildirib.
Pakistanlı politoloq və Qafqaz üzrə ekspert Sahibzadə M.Sahib: “Azərbaycan diplomatik cəhətdən danışıqların əhəmiyyətsiz olduğunu dəqiqləşdirdikdən sonra ərazi bütövlüyünü bərpa etmək üçün doğru addım atıb”
Pakistanlı politoloq və Qafqaz üzrə ekspert Sahibzadə M.Sahib isə 44 günlük müharibə ilə bağlı bildirib ki, bu savaş Azərbaycanın gücünü göstərdi. Belə ki, Cənubi Qafqaz regionu həm strateji, həm də geosiyasi əhəmiyyət daşıyır və bu baxımdan demək mümkündür ki, ötənilki müharibə tarixi olub.“Azərbaycan diplomatik cəhətdən danışıqların əhəmiyyətsiz olduğunu dəqiqləşdirdikdən sonra ərazi bütövlüyünü bərpa etmək üçün doğru addım atıb. Ədalət Azərbaycanın tərəfində idi”.Müharibə başlayarkən qələbənin məhz Azərbaycanın tərəfində olacağına inandığını deyən pakistanlı politoloq zəfəri gözlədiyini bildirib.“Mən hələ beynəlxalq münasibətlər fakültəsinin tələbəsi olarkən Cənubi Qafqaz xalqlarının tarixi ilə maraqlanırdım, anlayırdım ki, bu regionda hansı proseslər gedir və söz yox ki, Azərbaycanın qələbə qazanmasını arzulayırdım”.Buna qədər Azərbaycanda iki dəfə olduğunu bildirən Sahibzadə M.Sahib həm politoloqlarla, həm də hərbçilərlə sıx təmaslarda olduğunu deyib: “Onlarla sıx təmasda olmaq mənə inam verirdi ki, əgər müharibə başlayarsa, Azərbaycan mütləq qələbə qazanacaq və torpaqlarını azad edəcək”.Üçtərəfli hərbi əməkdaşlıq çərçivəsində Türkiyə, Pakistan və Azərbaycan arasındakı hərbi təlimlərə də toxunan politoloq hesab edir ki, həmin təlimlər Cənubi Qafqaz regionunda üç ölkənin müxtəlif təhlükələrə qarşı mübarizə məsələsində böyük təcrübə qazandırıb, xüsusilə, Azərbaycana. Pakistan isə, öz növbəsində, silahlı terrorizmlə mübarizədə onilliklər boyu böyük təcrübəyə malikdir. Azərbaycan da böyük mənada bundan istifadə edə bilər.

sia.az

Digər xəbərlər