Siyasət

  • 2 231

"Biz bunu unuda bilmərik, unutmayacağıq" - POLİTOLOQ AÇIQLADI

image

“Əvvəla bir Qarabağ müharibəsi veteranı kimi Ali Baş Komandanıma minnətdaram. Çünki birinci Qarabağ müharibəsindən sonra Azərbaycanda müharibə veteranları, qazi və şəhid ailələri belə bir anım gününün qeyd olunmasını öz qürurlarına sığışdırmadılar. Çünki həqiqətən də məğlub xalqın istər şəhidləri, istərsə də qaziləri, bu tip məsələlərdə bir qədər utancaq mövqedə dururlar. Ancaq çox şükürlər ki, ötən il Azərbaycan ordusu 44 gün ərzində torpaqlarımızı düşməndən azad etdi. Torpaqların azad olunması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, eyni zamanda Azərbaycan xalqının qüruru, şərəfi yerinə gəldi və biz bir qürurlu xalq olduğumuzu dərk etdik. Ona görə də Prezidentin 2 dekabr 2020-ci il sərəncamı ilə 27 sentyabrın anım günü olması çox mühüm əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, ikincisi, bu təkcə anım günü deyil, həm də qürur günüdür: “Qazilərimizə, şəhidlərimizə hörmət günüdür. Onların Azərbaycan dövlətinə, Azərbaycan torpağına olan sədaqətinin, məhəbbətinin qeyd edildiyi, onların şücaətinin, cəsarətinin gündəmə gəldiyi gündür. Yəni, bu həm də yetişən gənclər üçün çox böyük mənəvi bioloji əhəmiyyətə malikdir. 44 günlük müharibə bizə Azərbaycanın əvvəlcə qürurlu, şərəfli bir xalq olduğunu, ikincisi nə qədər güclü hərbi kontingentinin olduğunu, hərbi sursatla təminat-təchizat səviyyəsinin yüksək olmasını, döyüşçülərin hazırlıq səviyyəsinin yüksək olmasını gündəmə gətirərək sübut etdi.Azərbaycan bir dövlət kimi onu icra etdi və dünyaya bir nümunə göstərdi ki, işğal olunmuş ərazilərin dövlətləri və xalqları hamısı eyni cür deyil. Yəni, xalqlar özünə düzgün rəhbər seçəndə həmin əraziləri qaytarmaq iqtidarına malikdir”.Cümşüd Nuriyev sözlərinə belə davam etdi: “Baxmayaraq ki, Azərbaycan 10 milyonluq bir dövlətdir, amma Azərbaycanın göstərdiyi güc artıq 100 milyonluq bir dövlətin gücüdür. Çünki, nəzərə alsaq ki, Ermənistanı hansı dövlətlər dəstəkləyir və hansı silahlı qüvvələri var, onlara necə yardım ediblər, bugün də onu dəstəkləyirlər. Bu Azərbaycanın həm də bir göstəricisi idi. Anım gününün şəhidlərin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla bütün ölkə ərazisində qeyd olunması da bir yenilikdir, həm də bir ideoloji şüuraltına təsir edən ideoloji bir piardır. Azərbaycanın buna ehtiyacı var idi. Ümumiyyətlə, bizdə ancaq Xocalı soyqırımı anım kimi qalmışdı. 20 Yanvar da həmçinin. Amma bugün biz sevinclə, fəxarətlə, şərəflə həmin günü qeyd edirik. Mən bütün şəhid ailələrinin qarşısında baş əyirəm, qazilərimizə şəfa diləyirəm, ikinci Qarabağ müharibəsi veteranlarına can sağlığı arzulayıram. Dövlətimiz daim onların yanındadır”.“Bilirsiniz ki, bu müharibə müddətində erməni vandalları 13 beynəlxalq əhəmiyyətli, 232 ölkə əhəmiyyətli, 330 yerli əhəmiyyətli, tarixi və digər abidələri məhv etmişdilər. 67 məscidin 65-ni dağıtmışdılar. Yəni, Azərbaycan indi bir növ özü öz yarasını sağaldır. Bu müddət ərzində, yəni, keçən 10 ay ərzində Azərbaycan artıq ərazisini və infrastrukturunu bərpa etmək üçün hələlik milyard yarım manat vəsait xərcləyib. Azərbaycan dövləti qısa müddət ərzində bu yaralarını sağaldacaq. Mən buna inanıram, çünki, bizim xalq çox qüdrətli, çox qoçaq bir xalqdır. Burada mən Azərbaycanda yaşayan bütün xalqları nəzərə alıram. Talışı da, tatı da, kürdü də, ləzgisi də, yəhudisi də, hətta rusu belə bunların hamısına biz minnətdarıq. Bunlar dar gündə bizi tək qoymadılar, bizim yanımızda oldular. Biz bunu unuda bilmərik, unutmayacağıq və Azərbaycanda yaşayan bütün etniklərə də minnətdarlığımızı bildiririk. Ümumiyyətlə, bizdə onlara qarşı böyük bir sevgi var və bu sevginin olduğunu da onlar gördülər, hiss etdilər və bu müharibədə onlar da öz sevgilərini bizə izhar etdilər. Azərbaycan ərazi bütövlüyü bərpa olunub. İnşallah, qısa bir müddət ərzində biz torpaqlarımıza qayıdacağıq”.

sia.az

Digər xəbərlər