Siyasət

  • 529

ASRF bəyanat yayıb

image

Azərbaycan Sosial Rifah Partiyası 27 sentyabr 2021 ci il Vətən müharibəsinin birinci il dönümü ilə əlaqədar bəyanat yayıb. Bu barədə SİA-ya partiyanın sədri Əsli Kazımova bildirib.
SİA bəyənatın mətnini oxuculara təqdim edir.

“30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq qanunlarla tanınmış ərazilərini işğal altında saxlayan Ermənistan 2020-ci ildə ölkəmizə qarşı yenidən tacavüzkar siyasət yürütməyə başladı. BMT Təhlükəsizlik Şurasının, eləcə də dünyanın digər təşkilatlarının Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etmək tələbini, müvafiq qətnamələri yerinə yetirməyən Ermənistan 2020-ci ilin ilk yarısından yeni işğal siyasəti haqda bəyanatlar səsləndirir, Azərbaycan-Ermənistan dövlət sərhəddində müxtəlif hərbi təxribatlar törətməklə orada yaşayan dinc insanlara qarşı terror təhdidi yaradırdı. 2020-ci il sentyabrın 27-də Ermənistan cəbhə xətti boyunca ağır artilleriya və digər atıcı silahlardan istifadə edərək Azərbaycan Ordusunun döyüş mövqelərini və yaşayış məntəqələrini atəşə tutmuşdur. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etmək məqsədilə Vətənimizin müdafiəsinə qalxdı. Azərbaycan xalqının bu mübarizəsi regionda sülhün və əmin-amanlığın təmin olunmasına xidmət göstərirdi.

Azərbaycan Silahlı Qüvvələrin Qəhrəman şəxsi heyəti, əsgər və zabitlərimiz, o cümlədən, arxa cəbhədə Vətənin müdafiəsi üçün səfərbər olmuş xalqımız birlik və həmrəylik nümayiş etdirərək, işğalçıya layiqli cavab verməyə müvəffəq oldu. Ermənistanın 30 ilə yaxın bir milyona qədər azərbaycanlının təməl insan hüquqlarını pozmasını səsssizliklə izləyən beynəlxalq aləmin susqunluğuna, erməni terror qruplarının Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasətinə göz yumulmasına, Azərbaycanın haqlı davasına qarşı ikili standartlarla yanaşılmasına son verən Azərbaycan Odusu 44 gün ərzində regionda sülhü və davamlı barışı təmin etdi. Azərbaycan Ordusu erməni terroru üzərində qələbə qazandı.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Azərbaycanın mədəniyyət incisi sayılan Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan, Talış və Çaylı kəndlərini, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri erməni işğalından azad etdi. Şuşa işğaldan azad olunandan cəmi bir gün sonra Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini azad etdi və Ermənistan öz məğlubiyyətini etiraf edərək, kapitulyasiya aktını imzalamağa, Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.

Azərbaycan dövləti öz qətiyyəti ilə həm də BMT TŞ-nın Ermənistanın Azərbaycan torpaqlarını boşaltmasına dair məlum 4 qətnaməsinin icrasını təmin etmiş oldu.
Azərbaycan regionda sülh və əminamanlığın təminatçısı olaraq, erməni faşizmini, erməni terrorunu məhv etdi. Azərbaycan Sosial Rifah Partiyası beynəlxalq təşkilatlara səslənərək, illərdir davam edən erməni işğalına, erməni terroruna səssiz qalmamağa çağırış edir. BMT TŞ-nın müvafiq qətnamələrinə rəğmən Azərbaycanın beynəlxalq qanunvericiliklə tanınan ərazilərində təxribatlarını davam etdirməyə çalışan Ermənistana qarşı müvafiq təzyiqlər və sanksiyalar həyata keçirilməli, Azərbaycanın rəsmi hüdudları çərçivəsində qeyri-qanuni erməni silahli təxribat qruplarının tərk-silah edilməsi təmin olunmalıdır. Bununla yanaşı, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında yerləşən tarixi-dini abidələrə, milli sərvətlərimizə qarşı apardığı terrora siyasətinə, törətdiyi vəhşiliklərə görə beynəlxalq hüquq və ədalət qarşısında cavab verməli, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Sosial Rifah Partiyası beynəlxalq təşkilatlari obyektiv olmağa, beynəlxalq hüquqa qaşı məsuliyyətli davranmağa səsləyir!”

ASRP-nin sədri Əsli Kazımova

Digər xəbərlər