Siyasət

  • 460

XİN rəhbəri BMT-nin Baş katibi ilə görüşüb

image

Sentyabrın 25-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, görüş zamanı tərəflər Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Antonio Quterreşi BMT-nin Baş katibi seçilməsi münasibətilə təbrik edib.

Daha sonra tərəflər regiondakı son vəziyyət ətrafında müzakirə aparıblar.
Nazir Ceyhun Bayramov BMT Baş katibinə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında normallaşdırılması imkanlarının yarandığı, habelə işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi barədə məlumat verib.

Nazir, həmçinin Ermənistanın hələ birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4000-ə yaxın azərbaycanlı barədə bu günədək hər hansı məlumat verməkdən imtina etdiyini qeyd edib və bunun qəbuledilməz olduğunu vurğulayıb.

Baş katib Bakıya səfərlərini və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq, salam və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Antonio Quterreş Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini qeyd edib.

Baş katib, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası sayəsində Azərbaycanda milli səviyyədə görülən işləri təqdir edərək, BMT-nin bu istiqamətdə Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşdirilməsində marağını ifadə edib.

Baş katib, o cümlədən COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunan Baş Assambleyanın Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən xüsusi sessiyasının əhəmiyyətini vurğulayıb.

O, Ermənistan - Azərbaycan münaqişəsinin humanitar fəsadlarının aradan qaldırılması və regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.

Görüşdə tərəflər, həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Digər xəbərlər