Siyasət

  • 2 795

“Dəmir yumruq öz sözünü bundan sonra da deyəcək” - DEPUTAT ŞƏRH ETDİ

image

“27 sentyabr mənim üçün ilk növbədə Azərbaycan tarixində düz 220 il davam edən bir tarixi prosesin bitdiyi gün, yeni bir tarixi prosesin isə başladığı və hələ də davam etdiyi və hələ bir müddət də davam edəcəyi bir gündür. Mən 220 il deyəndə 1801-ci ildə Çar Rusiyasının Şərqi Gürcüstanı işğalı zamanı Azərbaycanın qərb ərazilərinin bir hissəsinin də işğal olunması faktını nəzərdə tuturam”. Bu sözləri SİA-ya açıqlamasında deputat Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, həmin tarixdən başlanan proses az sonra Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələrinin bağlanması, Azərbaycan ərazilərinin parçalanması, bölüşdürülməsi və yadelli xalqlarla, o cümlədən dünyanın ən yaramaz xalqı olan ermənilərlə məskunlaşdırılması ilə nəticələndi: “Bu proses 2020-ci il sentyabrın 27-nə kimi davam etdi. Həmin gün isə bu tarixi proses dayandırıldı və bitdi, yeni bir tarixi proses – geriyə sayım başladı. Əgər bir tarixi proses bitirsə və geriyə sayım başlayırsa, həmin proses mütləq əvvəlki sıfır nöqtəsinə qədər davam edir. Biz bunun 1-ci mərhələsinin şahidi olduq – 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan 20 faiz torpaqlarımızı işğaldan azad etdik. Bundan sonra Qərbi Azərbaycan qaçqınlarımız öz tarixi torpaqlarına qayıdacaqlar və biz sovet dövrü ərzində Azərbaycandan qanunsuz alınıb Ermənistana verilən bütün əraziləri geri qaytaracağıq.

Daha sonra Zəngəzur, Dərələyəz, Göyçə mahallarımız geri qayıdacaq və ermənilər 1918-ci ildə onlara hədiyyə etdiyimiz 9 min kv km əraziyə qədər geri çəkiləcəklər. Bundan sonra proses 1801-ci ilə qədər geriləyəcək və ermənilərin və onları bura köçürənlərin Cənubi Qafqazı tərk etməsi ilə nəticələnəcək. Bu, elə bir tarixi prosesdir ki, onun qarşısını heç bir qüvvə ala bilməz, bir az ləngidə bilər, amma qabağını ala bilməz. Həm də bu 220 illik geriyə sayım çox davam etməyəcək və biz hamımız bu tarixi görəcəyik. Mən demirəm 30 illik işğalın 44 gündə sona çatması nisbətində tez görəcəyik, amma mütləq görəcəyik”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev sıradan bir dövlət başçısı deyil, bu tarixi prosesi sonlandırmaq missiyasını üzərinə götürmüş biridir və belə bir tarixi missiya ilə şərəfləndirilmiş şəxsiyyətlər, adətən, fövqəl güc və iradə sahibi olurlar: “Təsadüfi deyil ki, torpaqlarımızın 30 illik işğalına son qoyulduqdan sonra çoxları fikirləşə bilərdi ki, artıq proses bitdi, amma gördülər ki, bitmədi, cənab Prezident bildirdi ki, Zəngəzur, Göyçə, İrəvan da bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Sentyabrın 27-dən düz bir il ötür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün qazilərimizi sağlamlığına qovuşdursun və bütün veteranlarımızı var eləsin. Bu müharibə nəticəsində biz təkcə şəhidlərimizin qisasını almadıq, biz həm də əcdadlarımızın nigaran ruhları qarşısında öz övladlıq borcumuzu yerinə yetirdik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır və bundan sonra yönümüz tarixi torpaqlarımızadır – Zəngəzuradır, Göyçəyədir, İrəvanadır və Qərbi Azərbaycandakı digər tarixi torpaqlarımızadır. Dəmir yumruq öz sözünü bundan sonra da deyəcək”.

Arzu Qurbanzadə

Digər xəbərlər