Siyasət

  • 1 308

"Azərbaycan materikin ən etibarlı nəqliyyat mərkəzlərindən birinə çevrilib" - DEPUTAT ŞƏRH ETDİ

image

"Prezident cənab İlham Əliyevin yeritdiyi məqsədyönlü, müdrik, ağıllı xarici siyasət nəticəsində beynəlxalq təşkilatlarda və qurumlarda Azərbaycanın nüfuzu getdikcə artmaqdadır. Azərbaycan özünün ərazi bütövlüyü, suverenliyi, milli maraqlarına xidmət edəcək bütün beynəlxalq layihələrdə çox fəal iştirak edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib

Onun sözlərinə görə, Azərbaycanla BMT arasında əlaqələr son zamanlar yeni mərhələyə qədəm qoyub: "BMT Baş katibi, eləcə də bu təşkilatın Azərbaycandakı daimi nümayəndəsi Azərbaycanın rolunu yüksək qiymətləndiriblər. Ölkəmiz BMT qarşısında bir sıra təşəbbüslərlə çıxış etmiş, bu təşəbbüslər və təkliflər yekdilliklə qəbul edilmişdir. BMT dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Cənab İlham Əliyevin BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında qeyd etdiyi kimi Azərbaycan dünyada 2030-cu il gündəliyinin icrası ilə bağlı 3-cü könüllü milli hesabatını təqdim edən 12 ölkədən biri, regionda isə ilk dövlətdir. 2021-ci il üzrə dayanıqlı inkişaf hesabatında Azərbaycan 165 ölkə arasında 55-ci yeri tutmuşdur. Hesabatda Azərbaycanda yoxsulluğun azaldılması yönümündə eləcə də səhiyyə, qidalanma, şəhər və yaşayış məntəqələrində, digər sahələrdə yüksək inkişaf mərhələsində olduğu da qeyd edilmişdir".

Kamilə Əliyeva sözlərinə belə davam edib: "Ölkəmiz eyni zamanda şimal-cənub, şimal-qərb, şimal-şərq nəqliyyat dəhlizlərinin qovşağında yerləşir və bu layihələrin icrasında çox fəal iştirak edir. Bununla da Azərbaycan materikin ən etibarlı nəqliyyat mərkəzlərindən birinə çevrilib. Azərbaycan eyni zamanda, Paris iqlim sazişini ratifikasiya etmişdir. Bugün ölkəmizin enerji istehsalında bərpa olunan enerjinin payı 17 faiz təşkil edir. Azərbaycanda icra ediləcək ən böyük enerji layihələrindən biri də 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək. Şərqi Zəngəzur və Qarabağ bölgələri cənab Prezident tərəfindən yaşıl enerji zonası elan edilib və bu ərazilər külək və günəş enerjiləri ilə təchiz ediləcək. Azərbaycan artıq elektrik enerjisi ixrac edən dövlətə çevrilib. Biz bu gün qonşu ölkələrə enerji ixrac edirik. Ölkəmiz bu gün beynəlxalq iqtisadi platformalarda da söz sahibinə çevrilib".

Ayşən Vəli

Digər xəbərlər