"27 sentyabr Anım Günündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Bakıda keçirilən möhtəşəm yürüşün çox böyük mənası və mənəvi dəyəri var. Yürüşdə gənc kursant və hərbçilərin İkinci Qarabağ müharibəsində həlak olmuş əsgər və zabitlərimizin, qətlə yetirilən mülki vətəndaşlarımızın fotolarından ibarət plakatları başları üzərinə qaldırıb yürüməsi, ilk növbədə, şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın əlaməti idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Əziz Ələkbərli deyib.Onun sözlərinə görə, izdihamın önündə addımlayan Müzəffər Ali Baş Komandanın Vətən müharibəsinin ən yüksək adına – Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş şəhid Adil Asəm oğlu İbrahimlinin fotosu əks olunmuş plakatı, Birinci vitse-prezident Mehriban xanımın isə bu müharibənin ən azyaşlı – 10 aylıq şəhidi Narın Teymur qızı Xalıqovanın fotosu olan plakatı aparması Azərbaycan dövlətinin və dövlət rəhbərlərinin hərbçisinə və hər bir vətəndaşına verdiyi yüksək dəyərin göstəricisi idi: "Biz 44 günlük Vətən Müharibəsinin gedişində şəhid tabutunu çiyninə qaldıran analar görmüşdük, həyat yoldaşları görmüşdük, bu yürüşdə isə bütün şəhidlərinin xatirə şəkillərini başı üzərinə qaldıran bütün millətimizi gördük, dövlət rəhbərlərimizi gördük. Bunu dünya da gördü. Bunu görən düşmənlərimiz və onun havadarları isə anlamalıdırlar ki, bu millət də, onun dövləti də, dövlət başçıları da məğlubedilməzdir.Millət vəkili həmçinin qeyd edib ki, bu yürüş bir daha dövlətin, ordunun və xalqın birliyini və həmrəyliyini nümayiş etdirdi: "Bu yürüş, eyni zamanda, Ermənistan dövləti tərəfindən insanlıq əleyhinə törədilən müharibə cinayətlərinə, bu cinayəti törətməsində ona havadarlıq edənlərə etiraz nümayişi idi. Neftçilər prospektindən başlayan yürüşün Vətən müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin ucaldılacağı Bakı şəhərinin 8 Noyabr prospektindəki əraziyə qədər davam etməsi, yürüşün ardınca Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Kompleks və Muzeyin təməlqoyma mərasiminin keçirilməsi də xüsusi məna daşıyır. Bu, Azərbaycanın tam qələbəsi ilə yekunlaşan Vətən Müharibəsinin artıq tarixə döndüyünə və muzeylərə daşındığına bir işarədir".
sia.az