44 günlük Vətən müharibəsində demək olar ki, bütün dünyanın diqqəti Azərbaycanda idi. XXI əsrin müharibəsini aparan Azərbaycanın hərbi gücü, qüdrəti dünyaya səs saldı. 44 günlük Vətən müharibəsində Azərbaycan böyük döyüş yolu keçərək qısa bir zamanda 30 ilə yaxın işğalda olan torpaqlarını azad etdi. Bu müddət ərizində dünyanın aparıcı KİV-ləri Azərbaycanın həqiqətlərini dünyaya çatdırdılar. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın 30-dan artıq KİV nümayəndələrinə müsahibələr verdi.Bu gün müharibədən sonrakı müddətdə də dövlət başçısı bir sıra dünya dövlətlərinin KİV-lərinə müsahibələr verərək, Azərbaycan reallıqları ilə onları tanış edir. Bu günlərdə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın "France-24" televiziya kanalına müsahibə verib."Keçən həftə BMT-də müharibə bitəndən bəri ilk dəfə hər iki ölkənin - Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşdü. Bu, hər iki tərəf arasında dialoqun yenidən başlaması və sülhə ümidin olacağı deməkdirmi?" sualına cavab olaraq dövlət başçısı bildirib ki, "Ümid etmək istərdim ki, bu, belədir. Çünki Azərbaycan artıq neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq".Cənab Prezident qeyd edib ki, hər iki ölkənin xarici işlər nazirlərinin görüşü bu səylərin yaxşı göstəricisidir: "Ümid edirəm ki, bu, təkcə bir görüş yox, yeni bir prosesin başlanğıcı, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin və Cənubi Qafqaz regionunda geniş əməkdaşlığa yeni bir miqyas verəcək proses olacaq".
"BİZ MÜNAQİŞƏNİN HƏLL OLUNDUĞUNU HESAB EDİRİK, KEÇMİŞƏ QAYIDIŞ OLMAMALIDIR"
Dialoqa yenidən başlamağa cəhd etmək və sülhə doğru irəliləmək üçün Ermənistan rəhbərliyi - Ermənistanın baş naziri ilə əlaqə yaratmağa gəlincə, dövlət başçısı bildirib ki, keçən ilin noyabr ayında müharibə bitəndən bəri bizim bir-birimizi görmək üçün yalnız bir imkanımız olub: "Bu, yanvar ayında Rusiya Prezidenti Vladimir Putin tərəfindən Moskvada təşkil olunan üçtərəfli görüş zamanı olub. Görüşün məqsədi müharibədən sonra hadisələrin gedişatını planlaşdırmaq idi. Bizim bir-birimizi görmək üçün başqa imkanımız olmayıb. Yəqin ki, bu pandemiya ilə və ya başqa səbəblərlə əlaqədar olub. Lakin Azərbaycan heç vaxt, hətta müharibə zamanı, hətta işğal zamanı belə istənilən yüksək səviyyəli təmaslara etirazını bildirməyib".Əlbəttə ki, dövlətlərarası münasibətlərdə əlaqələrin sülh üzərində qurulması regionun inkişafına böyük töhfəsini verər. "Biz münaqişənin həll olunduğunu hesab edirik, keçmişə qayıdış olmamalıdır, Ermənistanda revanşizm əlamətləri olmamalıdır. Biz gələcək haqqında, sülh haqqında və regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında danışmalıyıq", - deyə Prezident bildirib.
"MÜNAQİŞƏNİN HƏLL OLUNMAMASI İLƏ BAĞLI İSTƏNİLƏN BƏYANAT YERSİZ OLMAQLA YANAŞI, TƏHLÜKƏLİDİR"
Artıq bu gün ermənilərin yaratmaq istədikləri mif dağıdılıb. Ölkəmizin dinamik inkişafı, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi ölkəmizin nüfuz və mövqeyini yüksəldib. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
"Siz Qarabağa muxtariyyət verməyə hazırsınız? Minsk qrupunun üzvü ABŞ hələ də bəyan edir ki, Qarabağ məsələsi öz həllini tapmayıb. Siz bəyan edirsiniz ki, məsələ həllini tapıb və Qarabağ sizə məxsusdur. Lakin illər ərzində bu münaqişədə vasitəçilik edən bir sıra ölkələr iddia edir ki, məsələ həll edilməyib", sualına Cənab Prezident qətiyyətli mövqeyini bir daha bəyan edərək bildirib: "Mənim məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər. Niyə onlar hesab edirlər ki, hər hansı hüquqi, siyasi və tarixi əsaslar olmadan Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmalıdır? Mən deyəndə ki, münaqişə həllini tapıb, bu, mənim mövqeyimdir. Mən bu mövqeyi müdafiə edirəm".Mövcud reallığa əsaslanan Cənab Prezident münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanatın yersiz olmaqla yanaşı, təhlükəli olduğunu bildirib: "Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o, necə həll olunmalıdır. "Dağlıq Qarabağ" dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Bu səbəbdən münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir".Cənab Prezidentə ünvanlanan muxtariyyətlə bağlı sualına gəldikdə, dövlət başçısı Minsk qrupunun həmsədrlərinin 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdar olduqlarını bildirib: "Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman "yox" deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır".
sia.az