PDF Oxu

Siyasət

  • 2 883

“Bir millət, iki dövlət”in böyük zəfəri

“Bir millət, iki dövlət”in böyük zəfəri

Prezident İlham Əliyev: “Türkiyə bizim yanımızda olaraq bütün dünyaya mesaj verdi ki, qarışmayın, müdaxilə etməyin, Azərbaycan haqq yolundadır”

El arasında gözəl bir məsəl var: «Yaxşı dost dar gündə tanınar!». Bu deyimi, təkcə fərdi-insani münasibətlərə deyil, həmçinin xalqlar, dövlətlər arası münasibətlərə də şamil etmək olar. Yaxın keçmişdə erməni təcavüzkarları tərəfindən xalqımızın başına gətirilən müsibətlər danılmaz bir həqiqəti – Azərbaycan Türkiyə arasındakı qədim dostluq-qardaşlıq bağlarını bir daha yenilədi, bu bağların əbədi və sarsılmaz olduğunu göstərdi. Çünki onların kökləri çox dərindədir. Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıbdır”.Bəli, həyatımızın hər sahəsində izi görünən, nəfəsi duyulan ümummilli liderimiz Heydər Əliyevin illər öncə müdrikcəsinə söylədiyi – “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi.Elə bu günlərdə Azərbaycan Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində bir daha bu qardaşlığın sarsılmaz və qırılmaz olduğunu sübut etdi.
“Türkiyə mesaj verdi ki, əgər qarışsanız…”
“Türkiyənin Azərbaycan üçün, Azərbaycanın da Türkiyə üçün nə qədər candan yaxın bir ölkə olduğunu bilirsiniz. Onillər boyu böyük yol qət etdik və münasibətlərimizi ən yüksək səviyyəyə çıxardıq. Dünya miqyasında buna bənzər əməkdaşlıq, dostluq və qardaşlıq olmadığını söyləmişdim. Tarixləri, etnik kökləri, dilləri eyni ölkələrin olduğunu, fəqət aralarında nə qədər ixtilaf, etibarsızlıq və problem olduğunu da söyləmişdim. Belə misallar çoxdur. Həm Yaxın Şərqdə, həm də postsovet məkanında. Güclü tarixi və mədəni təməl üzərində belə gözəl münasibətlər sarayını inşa etmək bizim xüsusi xidmətimizdir. Həm cənab Prezident Rəcəb Tayyib Ərdoğanın, həm də mənim”.Bunu Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib və bildirib ki, İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi: “İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Türkiyə bizim yanımızda olaraq bütün dünyaya mesaj verdi ki, qarışmayın, müdaxilə etməyin, Azərbaycan haqq yolundadır. Əgər qarışsanız, müdaxilə etsəniz, Türkiyəni görəcəksiniz. Bu, əlbəttə çox böyük üstünlük idi”.
“Demişdim ki, Ərdoğan Şuşaya gəlməyənə qədər...”
Azərbaycan Prezidenti Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində Rəcəb Tayyib Ərdoğanın və türk xalqının hər zaman Azərbaycanın yanında olduğunu deyib: “Cənab Prezident Rəcəb Tayyib Ərdoğan əvvəlki illərdə yüksək platformalardan Azərbaycanın haqq işi haqqında çox geniş məlumatlar verirdi. Hər zaman bu məsələ onun xarici siyasətlə bağlı gündəmində bir nömrəli məsələ idi. Bu dəfə zəfərdən sonra bu sözləri orada (BMT Baş Assambleyasında) deməsi bizi çox sevindirir. Bu bir daha onu göstərir ki, Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycanın yanındadır”.Dövlət başçısı Türkiyənin Azərbaycan üçün, Azərbaycanın Türkiyə üçün nə qədər doğma və əziz ölkə olduğunu bildirərək vurğulayıb ki, belə bir əməkdaşlıq, dostluq və qardaşlıq nümunəsi yoxdur: “Necə ki, müharibənin ilk saatlarında bildirmişdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu bizə əlavə güc verdi və mənəvi güc verdi. Türkiyənin Azərbaycan üçün, Azərbaycanın Türkiyə üçün nə qədər doğma və əziz ölkə olduğunu bilirsiniz. Biz son illər ərzində nə qədər böyük yol keçdik. Demək olar ki, münasibətlərimizi ən yüksək zirvəyə qədər qaldırdıq. Yəqin siz də bunu xatırlayırsınız, mən demişdim ki, dünyada belə bir əməkdaşlıq, dostluq və qardaşlıq nümunəsi yoxdur”. “Onu da demişdim ki, bir çox ölkələr var ki, onların da tarixi birdir, etnik kökləri birdir, dili birdir, ancaq onların arasında nə qədər ixtilaf var, nə qədər inamsızlıq var, nə qədər problem var. Yəni, etnik, dini və mədəni köklər hələ o demək deyil ki, belə ölkələr qardaş ölkələr olacaq. Belə hallar çoxdur. Həm Yaxın Şərqdə, həm də postsovet məkanında. Ona görə mən hesab edirəm ki, çox güclü bir tarixi və mədəni zəmin üzərində belə gözəl bir münasibətlər sarayını tikmək bizim xüsusi xidmətimizdir»,-deyən Azərbaycan Prezidenti bildirib ki, bu, həm cənab Prezident Rəcəb Tayyib Ərdoğanın, həm də mənim xidmətimizdir: «Burada mən təvazökarlıqdan uzaq olmalıyam və bu həqiqətdir. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Türkiyə bizim yanımızda olmaqla, bütün dünyaya mesaj göndərdi ki, qarışmayın, müdaxilə etməyin, Azərbaycan haqq yolundadır və əgər qarışsanız, əgər müdaxilə etsəniz qarşınızda Türkiyəni görəcəksiniz. Bu, əlbəttə çox böyük üstünlük idi.İkinci Qarabağ müharibəsindən sonra münasibətlərimiz daha da yüksək pilləyə qalxdı. Mən müharibə bitəndən sonra cənab prezidenti Şuşaya dəvət etdim. O vaxt demişdim ki, o, Şuşaya gəlməyənə qədər başqa ölkələrdən heç kim Şuşaya getməyəcək. Hətta Türkiyədən gələnlər olmuşdu, ora getmək istəyənlər olmuşdu. Mən onlara dedim ki, sağ olun, amma gözləyin, qardaşım gəlsin, Şuşaya getsin, ondan sonra yolunuz açıqdır».Bəli, bu dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, «Bir millət, iki dövlət» tezisinə əsaslanan reallığın təcəssümüdür. Bu gün hər iki dövlət yaxşı gündə də, pis gündə də bir-birinin yanındadır, hər iki dövlət eyni yolu yaşayır. Tarixi həqiqətlər göstərir ki, Azərbaycan-Türkiyə dostluğu etibarlı dəyərdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də dediyi kimi: “Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir... Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir”.Bəli, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”i hələ çox Zəfərlər gözləyir! Çünki bu gün Ulu Öndər Heydər Əliyevin adı türk dünyasının birlik rəmzidir.

sia.az

Digər xəbərlər