“Prezident İlham Əliyev sentyabr ayının 27-də Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində Azərbaycan və Ermənistan arasında başlamış müharibəyə aparan səbəblər haqqında dünya ictimaiyyətini də maraqlandıracaq çox önəmli məsələlərə aydınlıq gətirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.Onun sözlərinə görə, Ermənistan 30 il Azərbaycan torpaqlarını işğal altında saxladı: “Son dövrlərdə Ermənistan tərəfi Azərbaycana qarşı təxribatları daha da genişləndirdi. Ermənistan tərəfinin yersiz açıqlamaları, eləcə də 2020-ci ilin iyul ayında Ermənistanın hərbi təcavüzü nəticəsində hərbiçilərimizlə bərabər mülki şəxslərimizin də qətlə yetirilməsi onların artıq yeni müharibəyə başlamaq niyyətindən xəbər verirdi. Cənab İlham Əliyev bütün beynəlxalq təşkilatlara xüsusilə BMT-yə Ermənistana təcavüzə son qoymaları üçün təzyiq göstərməyə çağırırdı. Çox təəssüflər olsun ki, beynəlxalq təşkilatlar erməni təcavüzünə göz yumurdular.Münaqişənin nizamlanması missiyasını öz üzərinə götürən ATƏT-in Minsk Qrupu vaxtında Ermənistana təzyiqlər göstərsəydi, bu müharibə də baş verməzdi. Bölgəyə yersiz səfər edən həmsədrlər bəyanatlar verməklə tam kifayətlənirdilər. Minsk Qrupunun əvvəllər status klonu qəbulolunmaz olduğunu söyləsələr də sonradan bu fikirlərindən də yayındılar. Azərbaycan tərəfi də haqlı olaraq Minsk qrupunun bu məsələni həll etmək fikrində olmadığının qənaətinə gəldi. Azərbaycan tək başına beynəlxalq hüququn prinsiplərinə tam uyğun olaraq öz torpaqlarını hərb və siyasi yolla işğaldan azad etdi. Bu gün bəzi dövlətlərin rəsmiləri Qarabağın status məsələsi həll olunmadığını söyləyirlər. Prezident İlham Əliyev qətiyyətlə erməni havadarlarına, ümumiyyətlə hər kəsə bəyan etdi ki, Qarabağ münaqişəsi bitmişdir və status barədə heç bir söhbət gedə bilməz. Cənab Prezident bu müsahibəsində bir daha Azərbaycanın sülhsevər dövlət olmaqla yanaşı həm də istər iqtisadi, istərsə də hərbi cəhətdən güclü bir dövlət olduğunu bəyan etmiş oldu”.
sia.az