"Haqq savaşımızın başlanmasının birinci il dönümü Azərbaycan üçün kifayət qədər məsuliyyətli bir dövr idi və və bu baxımdan dövlət başçısı cənab İlham Əliyevin “France-24” televiziyasına müsahibəsi bizim qələbənin nəticələrini qoruya biləcək güc olduğumuzu beynəlxlaq ictimaiyyətə, xüsusən Fransa siyasi dairələrinə nümayiş etdirmək üçün yaxşı imkan oldu. Açıq demək lazımdır ki, cənab Prezident bu imkandan əla istifadə etdi və fərqli gözləntiləri və qeyri-sağlam niyyətləri olan qüvvələri sərrast mövqe ilə yerinə oturtdu". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, hər şeydən öncə prezident İlham Əliyev ölkənin birinci şəxsi kimi, Azərbaycanın Ermənistanla yekun sülh müqaviləsinin imzalanması üçün danışıqlara hazır olduğunu qəti formada bəyan etməklə Bakını qələbə sonrası militarist meyllərdə günahlandırmaq istəyən məqsədli təbliğatı kökündən fiaskoya uğratdı: "Üstəlik, rəsmi Bakı sülhə yalnız Azərbaycan-Ermənistan prizmasından yox, bütövlükdə region üçün sülh, əməkdaşlıq, dayanıqlı inkişaf kontekstindən baxmaqla prosesdəki regional məsuliyyət meyarını ortaya qoydu. İkincisi Azərbaycan regionda milli maraqlarımızı təhdid etməyən istənilən formatda kommunikasiyaların tərəfdarı olduğunu bəyan etməklə, əslində regionda hələ də sülhə, sabitliyə İrəvanın və onun havadarlarının əngəl yaratdıqlarını Avropa auditoriyasına sadə dillə izah etdi. Məsələn, bitmiş münaqişə sonrası terror və təxribat fəaliyyəti ilə məşğul olan yaraqlıların hərbi əsir adlandırılması kimi gülünc və axmaq yanaşmanın ortaya atılmasının kimə və nəyə xidmət etdiyini faktiki ortaya qoydu. Həmçinin, bitmiş bir münaqişəni yenidən alovlandırmaq cəhdləri fonunda cənab Prezident İlham Əliyev lazımi güclərə mesaj verdi ki, qatar artıq gedib, keçmişi qaytarmaq mümkün deyil və bundan sonra Azərbaycanın iradəsi ziddinə bu prosesə cəhd etmək əvvəlcədən uğursuzluğa məhkum olan ağılsızlıq və bəşəri dəyərlər üçün təhlükəlidir. Müsahibədə digər vacib məqam, yanlış təbliğatın təsirindəki fransız auditoriyayasına münasibətdə əsl reallıqların səsləndirilməsi, Fransanın özünün ikili standartlar və qərəzli münasibəti barədə konkret misallarla mövqenin ifadə olunmasıdır. Dövlət başçısı, bütün bunlara baxmayaraq rəsmi Parisə dost və bir çox layihələri ortaq həyata keçirdiyimiz dövlət kimi yanaşdığını ifadə etməklə əməkdaşlığa bundan sonra da açıq olduğumuzu bəyan etdi".
Arzu Qurbanzadə