"Azərbaycan Vətən müharibəsi ilə çox parlaq qələbəyə imza atıb". Bunu SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.
.jpg)
Onun sözlərinə görə, bu qələbə üçün böyük işlər görülməli idi. Hansı ki bu işlər Müzəffər Ali Baş Komandanımız tərəfindən həyata keçirildi. Birincisi cənab Prezident 2003-cü ildə ilk dəfə Prezident seçildikdə qeyd etmişdi ki, güclü və qüdrətli Azərbaycan konsepsiyasını hədəf kimi götürəcəm. Ən əvvəl güclü iqtisadiyyat yaratmaq və xaricdən asılılıq olmamasına çalışmaq lazım idi.
Bu haqda Cavid Osmanov fikrini belə izah edib: "Cənab Prezidentin səyləri nəticəsində Azərbaycan tezliklə müstəqil iqtisadiyyatını qura bildi. Digər tərəfdən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız bütün platformalarda, beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasəti yeritdiyini qeyd edirdi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini təsdiq edən sənədlərin qəbul edilməsi üçün diplomatik addımlar atırdı. Bütün bunlardan sonra nəhayət hədəf güclü ordunun yaradılması idi. Cənab Prezident həqiqətən bu illər ərzində ordunun güclü şəkildə quruculuğuna nail oldu. Azərbaycan hazırda 50 ən güclü ordular sırasındadır. Birinci Qarabağ müharibəsində ermənilər qalib gələndə informasiya müharibəsində də qalib gəlmişdi. Onlar Azərbaycanı işğalçı dövlət kimi tanıtdılar. Ancaq ikinci Qarabağ müharibəsi dönəmində cənab Prezident informasiya sahəsində də erməniləri susdurdu. Başqa bir məsələ Azərbaycanda milli birliyin yaranması oldu. Müharibədə qalib gəlməsi üçün insanların vətənpərvərlik ruhu vacib idi. Xalqımız bunu müharibə zamanı göstərdi. 27 sentyabrda başlanan və cəmisi 44 gün davam edən müharibədə Müzəffər Ali Baş Komandanın prinsipiallığı, qətiyyətli davranması, Azərbaycanın haqlı olmasını səciyyələndirir. Azərbaycan ordusunun döyüş meydanında rəşadətli mübarizə aparması qələbəmizi şərtləndirib".