“Azərbaycan xalqı işğalla heç vaxt razılaşmayacağını dəfələrlə bildirmişdi və SSRİ dağılanda Azərbaycan rəhbərliyinə təsadüfi adamların gəlməsi, SSRİ-dən qalma hərbi resursların böyük bir hissəsinə Ermənistanın yiyələnməsi və xaricdən erməni işğalçılarına ilk növbədə siyasi dəstəyin verilməsi çox təəssüf ki, həmin dövrdə Azərbaycan torpaqlarının bir hissəsinin itirilməsinə səbəb oldu. Sonradan Ermənistanla aparılan danışıqlarda Ermənistan konstruktiv yanaşmadan imtina etdi, ərazi bütövlüyünü tanımaq istəmədi və Azərbaycan ərazisində yeni bir erməni dövləti yaratmaq istəyini daim ortaya qoydu. Həm Ulu Öndər Heydər Əliyev, həm cənab Prezident İlham Əliyev bununla barışmayacağını və istənilən halda torpaqları işğaldan azad edəcəyini bəyan etdilər. Bunun üçün çox ciddi hazırlıqlar görüldü.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan dövlətçiliyinin yenidən qurulması, iqtisadiyyatın yeni modelinin tətbiq edilməsi, beynəlxalq birlikdə əlaqələrin gücləndirilməsi, ən əsası ordunun yenidən qurulması Azərbaycanı öz ərazi bütövlüyü uğrunda mübarizəyə tam hazırladı və ötən ilin 27 sentyabrında Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq əks hücuma keçilməsi Azərbaycan Ordusunun ciddi hazırlığı nəticəsində mümkün oldu.
“Ermənistanın 3-4 il ərzində işğal etdiyi torpaqlar 44 gün ərzində işğaldan azad edildi və nəzərə alsaq ki, Ermənistan bir neçə pilləli istehkam qurğuları qurmuşdu, Ermənistan coğrafi cəhətcə üstün hərbi mövqelərdə möhkəmlənmişdi, ərazinin böyük bir hissəsini minalamışdı, bütün bunlara baxmayaraq Ermənistan Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədi. Qısa bir zamanda hər gün əhəmiyyətli bir ərazinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun hazırlığını, Azərbaycan əsgərinin qətiyyətini və ruh yüksəkliyini göstərir. Bir-birinin ardınca işğal altında olan müxtəlif zonaların işğaldan azad edilməsi ilk növbədə Azərbaycan üçün əhəmiyyət daşıyan Talış və Suqovuşan kəndlərinin işğaldan azad edilməsi, Tərtər zonasında böyük bir ərazinin düşmən təxribatlarından qorunması Azərbaycan Ordusunun qüdrətini göstərir. Qısa bir zamandan sonra 4 oktyabrda Cəbrayılın işğaldan azad edilməsi, bir-birinin ardınca digər rayonların işğaldan azad edilməsi Ermənistanı çıxılmaz vəziyyətə qoydu. Əsgərimizin ayağa qalxaraq düşmən üzərinə yeriməsindən, torpaqlarımızı işğaldan azad etməsindən sonra nəticədə qeyd-şərtsiz üç rayonumuzun bir güllə atmadan işğaldan azad edilməsinə gətirib çıxardı.
Suqovuşanın, Talış kəndlərinin işğaldan azad edilməsi hər bir azərbaycanlını sevindirdi. Bu, qələbəmizin çox da uzaqda olmayacağına, Azərbaycan Ordusunun güclü olduğuna və işğala son qoyulacağına çox ciddi bir mesaj idi və bu qələbələrlə başlayan yürüş 8 noyabrda Şuşanı işğaldan azad olunmasına, 10 noyabrda isə artıq məlum sazişin imzalanmasına gətirib çıxardı. Azərbaycan xalqı öz ərazi bütövlüyünə nail oldu, öz suveren hüquqlarını qorudu. Bunlar, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiiyinin bünövrəsini düzgün qurması, Azərbaycanın inkişaf edəcəyi yolu düzgün müəyyənləşdirməsi, indiki Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan qarşısında duran məsələləri düzgün həll etməsi, milli maraqlarımıza cavab verən qərarların qəbul edilməsi, bütün sahələrdə inkişafa, ordumuzun güclənməsinə və torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxardı. Düşmən bilməlidir ki, qarşısında güclü, qüdrətli, öz hüquqlarını bilən və onları qoruya bilən Azərbaycan xalqı var”, deyə Aydın Mirzəzadə bildirib.