Yaxud, nədən bu qədər xoflanırsınız?
Ölkələrinin şimal-qərbində keçirilən hərbi təlimləri ilə bağlı iranlı deputatların və digər rəsmi şəxslərin bəyanatlarını (əslində, hay-həşirlərini) incələyirəm. Daha hansı riyakarlıqlar yoxdur səslənən fikirlərdə..?
* “Regionda istənilən geosiyasi dəyişikliklər, qonşu ölkələrin sərhədlərinin dəyişdirilməsi İran üçün qırmızı xətt hesab ediləcək və bizim yadların fəaliyyətinə verəcəyimiz cavab gecikməyəcək”.
* “Biz hansısa ölkənin ərazisinin sionist rejim üçün göstərdiyi xidmətinə dözməyəcəyik. Araz boyunca keçirilən “Xeybərin fatehləri” təlimləri gücün və sühün siqnalıdır, eləcə də sionist rejiminə xəbərdarlıqdır”.
* “Bizim qonşu ölkələrlə, o cümlədən qardaş Azərbaycanla münasibətlərimiz keçmişə söykənir və möhkəmdir. Düşmənlərin təxribatları bu birliyi və qardaşlığı dağıtmır. İran dəfələrlə qonşu ölkələrə, eləcə də Azərbaycana tərəf qardaşlıq və mehriban qonşuluğunu sübuta yetirib.
Necə deyərlər, xub, pəkəla və mübərrəqə! Amma bütün bu fikirlərin hər birinin arxasında o qədər çox riyakarlıqlar, siyasi klounluqlar və uğursuz tamaşalar var ki, onları saymaqla qurtarmaz.Bu baxımdan, çox hörmətsiz iranlı deputatlara bir neçə kəlmə ilə cavab ərz etmək istərdim. Axı ay “sionizm fatehləri”, çox maraqlıdır ki, Araz çayının kənarında hərbi təlimlər keçirməklə yersiz barmaq silkələyirsiniz, fəqət kimə, niyə və nə üçün? Nədən bu qədər xoflanırsınız? Müsəlman ölkə olan Azərbaycanın güclənməsi üzündənmi? Sözün əsl mənasında səlibçi, işğalçı, qonşu torpaqlarına göz dikən daşnak-radikal xristian xislətlilərini məhv etməsinə görəmi? Əgər belədirsə, onda ya siz müsəlmançılığı doğru-dürüst qəbul edə bilmirsiniz, ya da müsəlmançılıq pərdəsi altında aşkar səlibçilik siyasəti aparırsınız!Çox maraqlıdır, əgər siz iddia etdiyiniz kimi “sionizmlə mübarizə” aparırsınıza, nə üçün “mübarizənizi” Azərbaycanla sərhədlərdə deyil, misal üçün, Livanın cənubunda, yaxud Suriyanın Holan təpələrində aparmırsınız? Axı orada düşmən elan etdiyiniz İsrail hərbi hava qüvvələri gecə-gündüz və istədiyi vaxtlarda bombardmanlar həyata keçirir. Siz isə susursunuz, hətta 40 ildən çoxdur ki, oralarda baş verənlərlə bağlı boş-boş bəyanatlar verib sonra da qayıdıb-oturursunuz öz yerlərinizdə (?!)Maraqlıdır, Tehrandan “sionistlərə” barmaq silkələyirsiniz, amma ordunuzu “qardaş Azərbaycan” adlandırdığınız ölkənin sərhədlərinə doğru çəkirsiniz (?!).Məntiqsizlik isə şkalanı aşır! Çünki ortada İran siyasi nomenklaturasının anlaşılmaz dissonanslığı, yəni fikirlərin üst-üstə düşməməsi faktoru mövcuddur.Daha dəqiq izah edək: bir tərəfdən “pis sionistlər” hədəfə alınır, o biri tərəfdən ordu “qardaş Azərbaycan” adlandırılan qonşu ölkənin sərhədlərinə yürüdülən ordu hərbi təlimlər keçirir, digər tərəfdən isə “Zəngəzur dəhlizinin yolverilməzliyi” haray-həşiri qaldırılır. İndi bunu necə anlayaq, ümumiyyətlə, siz nə danışdığınızın, düşündüyünüzün fərqinə vara bilirsinizmi?Əslində, ötən gün Azərbaycan xalqının Lideri və Sərkərdəsi, Ali Baş Komandan İlham Əliyev düz Araz çayının kənarında Tehran mənsublarının hay-şivənçilərinə sərrast cavabını səsləndirdi:
* “Azərbaycan müstəqil siyasət yürüdür və bu əsasda qonşularla münasibət qurur və heç kim də bizim daxili işlərimizə qarışmasın”.
* “Hansı ölkə ilə və hansı səviyyədə əlaqələr qururuq - bu, öz işimizdir. Ermənistanla yaxın dost olan ölkələrə qarşı iddialar irəli sürmürük. Bu bizi incidə bilər, xüsusən də qonşu ölkə olanda, amma biz bunu ifadə etmirik ”
* “Biz suveren hüquqlarımıza hörmət etməyi və daxili işlərimizə qarışmamağı tələb edirik. Bizə qarşı irəli sürülən ittihamlar rəsmən sübut olunmalıdır. Qoy gəlib burda bir əcnəbi tapsınlar”
* “Bizə qarşı əsassız ittihamları qəbul etməyəcəyik. Mən bunu burada - Cəbrayılda, Araz çayının sahilində, Azərbaycan xalqına və bütün dünyaya deyirəm - bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq”.
* “Bəzi əyalət İran mollasının böhtanlarına əhəmiyyət vermədik, amma sonra dölət rəsmiləri bizə qarşı əsassız ittihamlar irəli sürərək eyni şeyi təkrar etməyə başladılar. Guya Azərbaycan İsraili bu bölgələrə gətirib. Qoy gözlərini açsınlar, baxsınlar. İsraili burada harada gördülər?!”
* “Azərbaycan xarici əlaqələrini və daxili işlərini istədiyi kimi planlaşdırmağa davam edəcək. Qoy heç kim burnunu bizim işlərə soxmasın”
O, eyni zamanda İrana işarə edərək bəzi ölkələrin bölgədəki proseslərin kənarında qaldığını söyləyib:
*Bu onların işidir, amma bütün qonşu ölkələrə əməkdaşlıq üçün bir platforma təqdim etdik”.
Ölkə rəhbərimiz onu da bildirib ki, Azərbaycan 130 km sərhədin erməni işğalından azad olduğunu və "burada hansı proseslərin baş verdiyini" yoxlayır. Bu, həm də İranın Qarabağ separatçıları ilə qeyri -qanuni ticarət, narkotik və silah qaçaqmalçılığına işarə idi. Və ən əsası, Prezident İranı coğrafiyadan xəbərsiz olduğuna görə sərt şəkildə qınayıb:
“Qoy sərhədin harada olduğunu görsünlər. İşğal etdiyimiz yerləri Azərbaycanın ərazisi hesab edirik və düzgün iş görürük. Bu gün Ermənistan ən yüksək səviyyədə açıq bəyan edir ki, Sovet İttifaqı dövrünün xəritələrində göstərildiyi kimi, Azərbaycanın haqlı olaraq Gorus-Qafan yolunun müəyyən bir hissəsində yerləşir. Biz öz ərazimizdəyik. İndi bunu Ermənistan deyir. Digərləri deyirlər ki, kiminsə sərhədini pozmuşuq, bu gülüncdür”.
Yəqin ki, bundan sonra Azərbaycanda “sionist” axtarışına çıxan və bizə sözdə “qardaş” deyib, əməldə isə hər an kürəyimizdən xəncər saplamağa hazır olan qonşu ölkənin başlarından böyük danışan başbilənləri əbalarını başlarına çəkib-qınlarında oturacaqlar. Üstəlik, birdəfəlik!Qoy bundan sonra gedib xam xəyalları müqabilində və zamanında “qohum xalq” adlandırdıqları ermənilərlə “Fars körfəzi-Qara dəniz”, “dağlar üzərində dəmir yolları çəkmək” kimi sərsəm xülyalarının “gerçəkləşdirilməsi” istiqamətindəki utopiyalarına, hallüsinasiyalarına qapılsınlar. Zatən, boş-boş bəyanatlar verməyə alışqandırlar...
Rövşən RƏSULOV
P.S. Həqiqətə qalanda isə dövlətimizə dil uzadan iranlı mollakratların “sionizm” ittihamları ilə bağlı hay-küylərinə yekun fikrim budur: DEBİLİZM!
sia.az