PDF Oxu

Siyasət

  • 3 178

Azərbaycanın nicatı Ümummilli Lider Heydər Əliyev ideyalarındadır - MƏQALƏ

Azərbaycanın nicatı Ümummilli Lider Heydər Əliyev ideyalarındadır - MƏQALƏ

“...Azərbaycanın bəxti onda gətirib ki, tarixinin ən mürəkkəb və həlledici məqamlarında ona dahi şəxsiyyət Heydər Əliyev rəhbərlik edib”

Dövlət qurmaq, dövlətçilik ideyalarını həyata keçirmək və bu prosesin dönməzliyini təmin etmək bir xalqa göstərilə biləcək ən böyük xidmətdir. Optimall dövlət modeli yaratmağın əsas yolu onun gələcək maraqlarının da nəzərə alınaraq ideoloji, siyasi və iqtisadi əsaslarının formalaşdırılmasından keçir. Müstəqil bir dövlət o zaman yaranır, möhkəmlənir və davamlı inkişaf yoluna qədəm qoyur ki, tarixi-siyasi səbəblərdən başqa xalqı həmin dövlət ətrafında birləşdirəcək güclü bir ideya olsun. Müstəqilliyimizin ilki illərinin Azərbaycan xalqı üçün çox ağır bir dövr olduğu hamıya məlumdur.Bunun əsas səbəbi isə 1991-1993-cü illərdə yeni yaradılmış dövlətdə siyasi hadisələrə düzgün qiymət verilməməsi, gələcəyi görə bilməmək, vəziyyətdən çıxış yolunun tapılması qarşısında aciz qalınması idi. Bu zaman xalq haqlı olaraq hələ 70-80-ci illərdən ölkənin inkişafı istiqamətində atdığı qətiyyətli addımlardan yaxşı tanıdığı, geniş dünyagörüşə, dərin zəkaya, ensiklopedik biliyə malik tarixi şəxsiyyətin – Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişini təkidlə tələb etdi. Xalqın müraciətlərini və dövlətin durumunu nəzərə alaraq umummilli lider 1993-cü ilin iyununda Bakıya döndü. Həm xalqın istəyi, həm də tarixi zərurət kimi tarixə düşən bu qayıdış insanların inam hissini artırdı. Çünki Azərbaycan xalqı Ulu Öndəri sovet dövrünün rəsmi ideoloji basqılarına baxmayaraq öz Vətənində milli şüurun yüksəldilməsi üçün atdığı qətiyyətli və ardıcıl addımlardan yaxşı tanıyırdı.Bu qayıdışla Azərbaycanın tarixində yeni bir inkişaf mərhələsi başladı.Ulu öndər hər zaman öz çıxışlarında dilimizin saflığının, zənginliyinin qorunmasının nə qədər vacib olduğunu deyirdi. Bir dilin dövlət dili statusu alması şübhəsiz ki, hər bir dövlətin formalaşması ilə bağlıdır.1918 -ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin qarşısında böyük imkanlar açıldı. Gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqeyinin bərqərar edilməsinə imkan vermədi. Sonrakı dövrlərdə dövlət dili haqqında Konstitusiyada heç bir məlumat olmamışdır. Bütün maneələrə baxmayaraq Ulu Öndər 1978-ci ildə qəbul edilən konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması barədə müddəanın daxil edilməsinə müyəssər oldu. Müstəqil Azərbaycan Respublikası 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, cəmiyyətdəki mövqeyi tam bərpa edildi. Dövlət dili anlayışı əslində dərin bir anlayışdır. Ümummilli Lider bu ifadəni strateji məqsədlə işlədirdi. Həqiqətən Azərbaycan müstəqil dövlət olduqdan sonra bu strateji məqsəd həyata keçdi. Xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Buna görə də bütün mütəxəssislərin qarşısına konkret vəzifələr qoyulurdu. Yazılı və şifahi dil arasında yaxınlaşmağa nail olunması sabitləşmiş normalara malik dilin formalaşmasında mühüm amil olduğuna görə nitq mədəniyyətinin inkişaf etdirilməsi zəruri bir məsələ kimi qarşıda dururdu. Nitq mədəniyyəti varsa, nitq etiketləri də var. Nitq mədəniyyəti varsa, yazılı və şifahi dilin normaları da var. Haqlı olaraq dövlət dilinin formalaşmasında nitq mədəniyyəti onun əsas təməli hesab edilir. Heydər Əliyev dili xalqın böyük sərvəti adlandırır, onu insanlar arasında əsas ünsiyyət vasitəsi olması fikri ilə məhdudlaşdırmır, dilin funksiyasının məsafədən-məsafəyə, nəsildən-nəsilə informasiya vermək olduğu tərifini verir – “Mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə, dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır.Azərbaycan ədəbi dilinin saflığına, kütlələrin nitq mədəniyyətinə daim qayğı göstərilməlidir.Çünki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan onun dilidir”.Heydər Əliyev hər zaman ana dilimizə, müqəddəs Azərbaycan dilinə böyük hörmətlə yanaşmış və ona biganə yanaşmağın, etinasız qalmağın, xüsusən də onun adının kimsə tərəfindən dəyişdirilməsinin qətiyyən yolverilməz olduğunu göstərmişdir.Ümummilli Liderin ikinci dəfə xalqın təkidi ilə Azərbaycana rəhbərlik üçün dəvət edilməsi elə bir zamana təsadüf edirdi ki, burada təkcə ədəbiyyat, dil, mədəniyyət məsələlərinin həll edilməsi ilə kifayətlənmək olmazdı.Siyasi islahatlara start verməyin vacibliyi qarşıda duran ən mühüm və zəruri məsələlərdən biri, bəlkə də birincisi idi. Bu səbədən də Konstitusiyadan irəli gələn vəzifələrə xidmətini təmin etmək şərti ilə dövlətin müstəsna səlahiyyətləri çərçivəsində ordu quruculuğuna dövlət rəhbərliyi təmin edildi. Ordunun maddi-texniki bazası təkmilləşdirildi, ehtiyaclarının vaxtlı-vaxtında aradan qaldırılması üçün dövlətin bütün orqanlarının cavabdehliyi artırıldı. Hələ 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmasına nail olmuşdu ki, bu da dahi şəxsiyyətin uzaqgörənliyindən irəli gəlirdi.Hansı ıki, Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 80%-ə qədəri həmin liseyin yetirmələri idi.Hər zaman çıxışlarında güclü ordu üçün güclü iqtisadiyyatın lazım olduğu məsələsini ön plana çəkən Ulu Öndər ölkə iqtisadiyyatının yenidən qurulması, neft sektorunun inkişaf etdirilməsi, xarici investisiyaların ölkəyə cəlb edilməsi kimi iqtisadi islahatlara start verdi. İqtisadiyyatın yaxşılaşması ilə Azərbaycan ordusu yeni silahlarla, hərbi texnika ilə təmin edildi, müdafiə imkanları və döyüş qabiliyyəti gücləndirildi. Ümummilli Lider hər zaman çıxışlarında hərbi peşənin ən gərəkli peşə olduğunu, Milli Ordunun zabitinə, əsgərinə hörmət və ehtiramın vacibliyini dilə gətirirdi. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini Heydər Əliyev məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət etmişdir. Xalqımız Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanır. Ötən hər gün Azərbaycanı daha böyük tərəqqiyə qovuşdurur.Azərbaycan Ordusunun uğuru bunun sübutudur. Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qoruması üçün aparılan müharibədir. Bunun üçün də insanın daxilində vətənpərvərlik hissi olmalı, xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Biz xalq-ordu birliyinin nə qədər əhəmiyyətli olduğuna 44 günlük Vətən müharibəsində bir daha şahid olduq. Körpə uşaqdan tutmuş ahıl insanlara qədər, hamı bir nəfər kimi Azərbaycan əsgərinin yanında oldu. Yaralı əsgərlərimizin, zabitlərimizin bir arzusu var idi ki, haqlı savaşlarının davamı üçün tezliklə sağalıb yenidən döyüş bölgələrinə getsinlər. Bu iradə, qətiyyət və dövlət-xalq-ordu birliyi sayəsində bu gün bayrağımız 30 ilə yaxın həsrət qaldığımız əbədi və əzəli torpaqlarımızda, o cümlədən Azərbaycanın tarixi mədəniyyət mərkəzi Qarabağın baş tacı və hərbi strateji əhəmiyyətə malik qədim şəhərimiz Şuşada dalğalanır. Ali Baş Komandan Prezident İlham Əliyev müstəqil dövlətimizin tarixinə qürurverici səhifələr yazdı və dövlət-xalq-ordu birliyi sayəsində bundan sonra yazacaqdır. İllər, qərinələr ötdükcə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin tarixi xidmətləri, bir insan ömründə yaratdığı xarüqələr daha aydın görünəcəkdir. Zaman keçdikcə ulu öndərimizin böyüklüyünü daha çox hiss edəcəyik. O, Azərbaycanın yalnız bu gününü düşünmürdü, xalqımızın sabahını, dövlətimizin gələcəyini düşünürdü. Mənalı ömrünü öz xalqına həsr etmiş ulu öndərimizin siyasi irsi dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli liderimizin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bundan sonra da faydalanacaqdır.O, xilaskarlıq üçün doğulmuşdu. Bütün ömrünü bu işə sərf etdi. O, birinci dəfə xalqını gerilikdən çıxarıb yüksəltməklə xilas etdi. İkinci dəfə xalqını parçalanıb məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. O, xalqı ilə yaşadı, xalqını yaşatdı. Hələ sağlığında xalqın qəlbində özünə əbədi abidə ucaldan, millətin ümummilli liderinə çevrilən Heydər Əliyev Azərbaycan xalqı durduqca onunla yaşayacaqdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz – ulu öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”.

Ülkər Məmmədova
Xəzər rayonu, Ə.Quliyev adına 121 №li tam orta məktəbin müəllimi

sia.az

Digər xəbərlər