“Biz bilməliyik ki, Ermənistan tərəfindən gətirilən həmin xəritələr tam reallığı əks etdirirmi. Çünki onların Ağdama və Cəbrayıla verdikləri minalanmış xəritələrin cəmi 25 faizi düz çıxıb. Paşinyan deyir ki, mənim düz və qeyri-düzgün xətirələrim yoxdur, onlar bir xəritədir. Hələ Paşinyan minalanmış xəritələri gətirsin, baxaq görək, onlar düzdürmü”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezident İlham Əliyevlə görüşmək istədiyini və bu görüşə minalanmış xəritələrini aparmağa və əvəzində isə Hadrut ətrafında saxlanılan terrorçuların qaytarılmasını istədiyini bildirməsinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, Hadrut ətrafında saxlanılanlar terrorçulardır: “Həbs edilmiş diversantların içərisində cinayət törətmiş adamlar var. Yəni həmin diversantlar iki əsgərimizi və bölgədə elektrik xətlərinin çəkilməsi ilə məşğul olan iki mülki vətəndaşımızı öldürüblər. Bu baxımdan, həmin cinayətləri törətmiş şəxslər qəti şəkildə qaytarıla bilməzlər. Əgər onlar həmin cinayət əməllərinin törədilməsində iştirak etməyiblərsə, qaytarmaq mümkündür. Ancaq fakt budur ki, onlar terrorçudurlar, cəzalarını da almalıdırlar”.
sia.az