PDF Oxu

Siyasət

  • 3 583

Vətənə sədaqət, xalqa xidmət nümunəsi - TƏHLİL

Vətənə sədaqət, xalqa xidmət nümunəsi - TƏHLİL

Mehriban xanım Əliyeva: "Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam".

Azərbaycanın çoxəsrlik tarixi dövründə böyük tarixi şəxsiyyətlər yetişmiş, onlar beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib, ölkəmiz haqqında olan reallıqları dünya ictimaiyyətinə çatdırıblar. Ölkənin ictimai-siyasi, mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadınları cəmiyyətdə böyük nüfuz sahibi olduqlarını əməlləri ilə təsdiqləyib. Təbii ki, qadın gözəlliyi, qadın iradəsi, saflığı və sədaqəti xalqımızın milli-mənəvi dəyərləri sistemində formalaşmışdır. Azərbaycanın mütəfəkkir qadınlarının bütün sahələrdə əməyi olub və Azərbaycan xanımının dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində müstəsna rola malik olması bir həqiqətdir. Qətibə xanım, Sara xatun, Məhin banu, Xeyransa bəyim, Tuti Bikə və başqaları Azərbaycan qadınının nümunəsi kimi tarixin dönəmlərində şəxsiyyətləri və əməlləri ilə özlərini təsdiqləmişdilər. Hər zamanın böyük simaları olub. Hər dövrün yetişdirdiyi ziyalı bir missiya olaraq Azərbaycanın sosial, iqtisadi, mədəni inkişafına imza ata biləcək məsələləri öz üzərinə götürməklə xalq qarşısında vətəndaşlıq borcunun ödənilməsinə cəhd edir.

Bu gün müasirimiz olan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da məhz belə qadınların davamçısı olaraq Azərbaycanın ictimai-siyasi, mədəni həyatında müstəsna rola malikdir. Mehriban xanım Əliyevanın vətənpərvərliyi, milli heysiyyat kimi mənəvi dəyərləri, məhz onu hər bir insanın doğma simasına çevirib. Hər zaman xalqın yanında olan onun problem və qayğıları ilə maraqlanan və onların çözülməsinə çalışan Mehriban xanım Əliyeva həqiqətən də insanların ümid, pənah yeridir. Xeyirxahlıq, haqq-ədalət ünvanıdır. Ulu Öndər Heydər Əliyev ideyalarını davam etdirən Fondun şaxəli fəaliyyəti Azərbaycanın sosial, iqtisadi, mədəni həyatında əks-səda doğuraraq, birmənalı qəbul edilir. Hər bir addımı böyük rəğbətlə qarşılanan Fondun humanitar missiyada fəaliyyət proqramlarının həyata keçirilməsi vətəndaşdların qayğı və problemlərinin həllində müstəsnadır. Həyata keçirilən bütün layihələr vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır. Uşaq bağçalarının, orta məktəblərin, səhiyyə müəssisələrinin təmir və inşası, eləcə də, əqli, fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq olması, şəkərli diabet, böyrək çatışmazlığından əziyyət çəkənlərə pulsuz və yüksək səviyyədə yardım və kömək göstərilməsi Heydər Əliyev Fondunun qısa bir zaman məsafəsində gördüyü işlərin uğuru olaraq qəbul edilir. Mehriban xanım Əliyeva isminə böyük bir məhəbbət və ehtiram hissi yaratmışdır. Öz varlığı ilə məmləkətinə şərəf gətirən Mehriban xanım Əliyeva Azərbaycan qadını, Azərbaycan İnsanı obrazını yaradıb. Azərbaycan haqqında olan təsəvvür, insan haqqında olan təsəvvür Onun layihələri əsasında tamam fərqli bir şəkildə meydana çıxıb. Bütün dünyaya müstəqil dövlətdə yaşayan qadın obrazının lazımi şəkildə təqdiminə nail olub.

"AZƏRBAYCAN XALQI ONA ÇOX BÖYÜK RƏĞBƏTLƏ, SEVGİ İLƏ YANAŞIR"

Azərbaycan Prezidenti İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan tarixində ilk dəfə olaraq Birinci xanım institutunu formalaşdırdı. Azərbaycan Prezidenti İlham Əliyevin Mehriban Əliyeva haqqında söylədiyi fikirləri vurğulamaq yerinə düşər: "Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır".Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində biz onun həqiqətən də Cənab Prezidentin silahdaşı olduğunun bir daha şahidinə çevrildik. Müharibədən sonrakı mərhələdə də Mehriban xanım Əliyevanın dövlət başçısı ilə birlikdə işğaldan azad olunan ərazilərə səfər etmişdir. İşğaldan azad olunan ərazilərdəki erməni vandallıqları onu dəhşətə gətirmiş və sonradan öz paylaşımlarında bunu ictimaiyyətin diqqətinə çatdırmışdır.

"VƏTƏN NAMİNƏ CANINDAN KEÇMƏYƏ HAZIR OLAN OĞULLAR TƏRBİYƏ ETMİŞ VALİDEYNLƏRİN QARŞISINDA BAŞ ƏYİRƏM"

Hər zaman öz paylaşımları ilə şəhid analarına təsəlli olan Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində Vətən müharibəsində şəhid olanların xatirəsinin yad edilməsilə bağlı etdiyi paylaşımda bildirib ki, Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib: "Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir. Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq!"Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir. Belə ki, Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirib və bu davamlıdır.

Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində 27 sentyabr - Anım Günü ilə əlaqədar etdiyi paylaşımda qeyd edib: "Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər".

İNSAN ÖZ YOLUNU, PEŞƏSİNİ SEÇƏNDƏ HƏR HANSI BİR İŞİNƏ, ƏMƏYİNƏ VİCDANLA YANAŞMALIDIR

44 gün davam edən müharibədə Müzəffər Azərbaycan Ordusunun təcavüzkar Ermənistanı məğlub edərək, işğaldan azad etdiyi Vətən torpaqlarında bu gün həyata keçirilən tikinti-bərpa işlərində Mehriban xanım Əliyevanın da həyata keçidiyi layihələr töhfəsini verməkdədir. Böyük Qayıdışın möhtəşəm olacağına əminik və bu işdə Mehriban Əliyevanın payı müstənsa olacaqdır. Artıq bu işlərin ilkin addımlarını və reallaşan layihələri görürük. Şuşada olan Yuxarı Gövhərağa, Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verilib. Bu məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan M.P. Vaqifin büstü öz əvvəlki yerinə qaytarılıb. Görülən işlər kifayət qədərdir. Damarlarında azərbaycanlı qanı qövr edən Böyük Ziyalının işığında Azərbaycanın hər bir bölgəsində əməyini, layihələrini görürük. Bu hər kəsi qürurlandırır.

Həqiqətən də səmimi hisslər, səmimi münasibət, səmimi görüşlər Mehriban xanım Əliyevanı insanlara daha da yaxınlaşdırır. Xalqın ən çətin və şad günündə onlarla fikirlərini paylaşan Mehriban Əliyevanın "Sizin Mehriban" ifadəsi onunla isti münasibətin daha da sıx olmasına səbəb olub. İnsanlar onu doğması tək qəbul edir və ən çətin anlarında həqiqətən də ümid qapılarına üz tüturlar."Vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır", - deyən Mehriban xanım Əliyeva gələcək fəaliyyətini, məhz bu prinsiplər əsasında quracağına əminlik ifadə etmişdir: "Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam". Həqiqətən də belə oldu. Mehriban xanım bütün fəaliyyəti dövründə xalqın maraqlarını əsas götürərək, ictimai, sosial layihələri ilə öz ətrafında böyük imic formalaşdırıb.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər