Ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin dünyanın bir çox ölkələrinə məxsus mətbuat səhifələrinə bir-birinin ardınca verdiyi müsahibələr bütün dünyanın diqqət mərkəzindədir və böyük maraqla qarşılanır. Ali Baş Komandanın dünyaca məşhur mətbuat orqanlarına verdiyi müsahibələr sayəsində Azərbaycanın mövqeyi, özü də haqlı, ədalətli mövqeyi barədə artıq bütün dünya ictimaiyyəti günü-gündən daha müfəssəl məlumatlar əldə edir, bu barədə bilir və ölkəmizin sülhə, təhlükəsizliyə, inkişafa verdiyi tövhələr demək olar ki, artıq heç kim üçün sirr deyil.Cənab Prezident bundan əvvəl verdiyi müsahibələrdə olduğu kimi, İspaniyanın EFE Agentliyinə də müsahibəsində Azərbaycanın mövqeyinin müharibə bitəndən sonra da dəyişməz olaraq qaldığını diqqətə çatdırıb. “Biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik, bütün bu təşəbbüslər tərəfimdən və digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanmışdır”, deyən dövlət başçımız Ermənistanın hələ də buna müsbət cavab vermədiyini də vurğulayıb. Bu da təsadüfi deyildi və reallıqların, həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün çox vacib idi və bu baxımdan çatdırıldı da. Bildirildi ki, əgər Ermənistan tərəfi buna müsbət cavab versəydi biz bu il ərzində daha çox irəliləyişə nail ola bilərdik.Ali Baş Komandan Ermənistan siyasi isteblişmentində revanşizm cəhdlərini nümayiş etdirən bəyanatlar, tarixən və beynəlxalq hüquq normalarına əsasən bizə məxsus olan əraziləri təkrar ələ keçirmək məqsədilə planlar irəli sürdükləri haqda da bir çox məsələləri müsahibə zamanı nəzərə çatdırıb. Bu da əbəs yerə deyildi. Çünki, Azərbaycanın sülh yaratmaq, bölgənin təhlükəsizliyi, inkişafı üçün daha böyük nailiyyətlər əldə etməyə çalışması, bu istiqamətdə əməli tədbirlər görməsi fonunda Ermənistanın buna maneçilik törətməsi haqda bütün dünyaya informasiya vermək Azərbaycan həqiqətlərinin, eləcə də bölgədə, Cənubi Qafqazda reallıqların nədən ibarət olduğu barədə məlumatların çatdırılması deməkdir. Nəticə etibarı ilə də bütün bunlar dünya ictimaiyyətinin fikirlərinin, baxışlarının Azərbaycanın xeyrinə dəyişməsi anlamına gəlir. Xüsusilə, erməni lobbisinin bütün dünyada əks təbliğat təşkil etdiyi bir dövrdə bunun nə qədər əhəmiyyətli olduğunu sadalamaqla bitən deyil ki, bu da cənab Prezidentin uğurlarındandır.Sözügedən agentlik Azərbaycan tərəfinin ermənilərə qismən muxtariyyət kimi imkanlar təklif etməsi barədə xatırladır, bunun qüvvədə olub-olmadığı və artıq müzakirə predmeti olub-olmadığını soruşduğu zaman da ölkə rəhbəri tutarlı cavab verib. Dövlət başçısı bildirib ki, Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə verməyə hazır idik, lakin bu gün, müharibə bitəndən və münaqişə öz həllini tapdıqdan sonra, bu təkcə mənim mövqeyim deyil, bu, dünyanın, beynəlxalq ictimaiyyətin əksər hissəsinin mövqeyidir ki, artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri də yoxdur.“Dağlıq Qarabağ mövcud deyil, bizim ərazimizdə belə inzibati vahid yoxdur”, deyən Ali Baş Komandan nəzərə çatdırır ki, bu il iyulun 7-də Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı Fərman imzalayıb, iki iqtisadi zona - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb və onlar bütün bu ərazini əhatə edir. Ölkə rəhbəri vurğulayıb ki, bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır, Azərbaycan vətəndaşlarıdır və fərqli dini, yaxud etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi onların da eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Bu isə o deməkdir ki, cənab Prezident ölkə ərazisində yaşayacaq ermənilərin istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqlara malik olmasına şərait yaradılması fonunda status məsələsinə qayıtmağın mümkünsüz olduğunu bir daha təsdiqləyir. Hətta ölkə başçısı açıq bir mesaj da verir ki, status yoxdur və hər kəs bu məsələni unutmalıdır. Yəni, vurğulayır ki, ermənilərin statusu barədə bar-bar bağıran ermənipərəst qüvvələr, dövlətlər də status barədə unutmalı, bu səylərindən əl çəkməlidirlər.İspaniyanın EFE Agentliyinin, dırnaqarası hərbi əsirlər barədə suallarını da dövlət rəhbərimiz çox məntiqi cavablarla, tutarlı arqumentlərlə cavablandırıb və bir daha xatırladıb ki, hərbi əsirlər müharibə dövründə, hərbi əməliyyatların getdiyi dövrdə götürülən əsirlərdir və biz onları müharibə bitdikdən sonra qarşı tərəfə təhvil vermişik, amma, Ermənistan tərəfinin nəzərdə tutduğu hərbi əsirlər deyil, onlar bu kateqoriyaya daxil deyillər, bu adamlar işğaldan azad olunmuş ərazilərə noyabrın sonunda - müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra göndərilənlərdir. Diqqətə çatdırılıb ki, onlar azad etdiyimiz ərazilərdə dekabrın əvvəlində saxlanılıblar və 62 nəfərdən ibarət olan bu insanların bəziləri cinayətlər törədiblər, bizim hərbçilərimizə hücum edərək dörd nəfəri qətlə yetiriblər, bir sözlə, bunlar müharibə əsirləri deyil, azərbaycanlı mülki əhaliyə və hərbçilərə hücum etmək məqsədilə göndərilmiş terrorçu və diversiya qrupunun üzvləridir. Bir qədər açıq şəkildə desək ölkə başçısı ermənilərin hərbi əsirlər barədə uydurmalarını, bəhanələrini də kəsib və Azərbaycanda hərbi əsirlərin saxlanıldığı barədə Ermənistanın siyasi-hərbi rəhbərliyinin iddialarının da puç olduğunu sübut edib, göstərib.İşğal altında 30 ilə yaxın saxladıqları ərazilərdə basdırdıqları minaların xəritələrinin onlarda olmadığı barədə Ermənistan tərəfinin bir müddət əvvəl bəyan etmələri fonunda sonradan xəritələrin bir hissəsinin təhvil verilməsi, bu xəritələtin də dəqiqliyinin 25 faiz olması barədə cənab Prezidentin dedikləri erməni yalançılığını ifşa etdi. Ermənistan tərəfi ifşa olundu və müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri verməməsi nəticəsində mülki vətəndaş və hərbçilər olmaqla, 150 nəfərin həlak olması və ya ağır yaralanması ilə nəticələnən hadisələrdə bu işğalçı dövlətin rolunun və maraqlarının olduğu da önə çəkildi. Bu isə erməni təbliğat maşınının illərlə, onillərlə formalaşdırdığı dırnaqarası haqlı, amma, guya məzlum erməni mifini də darmadağın etmək deməkdir.Avropa İttifaqının kömək məksədi ilə etdiyi təkliflər barədə ölkə başçısına ünvanlanan suala da layiqli cavab verilib. Cənab Prezident Avropa İttifaqının kömək barədə təşəbbüslərini dəstəklədiyini bildirib və Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin Azərbaycana səfəri zamanı bu barədə müzakirələrin aparıldığını, fəal şəkildə çalışmaqla bağlı birgə niyyətimizin olduğunu, bunu ifadə etdiyini də diqqətə çatdırıb. Ölkə rəhbəri Avropa İttifaqının bu məsələ ilə bağlı ədalətsiz yanaşması barədə iradlarını da bildirib. Avropa İttifaqının Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesi barədə, əslində isə həmin həcmdə məbləğin eyni şərtlərlə Azərbaycana da təklif ediləcəyi gözləntiləri barədə də xatırladıb. Cənab Prezident bildirib ki, burada bərabərlik olmalıdır, çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik və bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Bir sözlə, ölkə başçısı vurğulayıb ki, həmin iqtisadi yardım paketinin qeyri-balanslı olması göz önündədir və bizə iqtisadi dəstəklə əlaqədar onlardan təklif gözləyirik. Daha dəqiq desək, Prezident İlham Əliyev Avropa İttifaqına da öz mesajlarını çatdırıb bu müsahibədə və çox güman ki, hər kəs öz hesabını götürüb. Bu baxımdan deyilənlər məhz vaxtında verilən mesajlardır ki, hər kəs öz hesabını götürsün. Kimsə hesabını götürməsə belə, bundan sonra eyni şəkildə, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana təklif olunmazsa, burada bərabərlik olmadığının, Avropa İttifaqının ikili yanaşma sərgilədiyinin hər kəs şahidi olacaq və bunu təsdiqləyəcək ki, bu da qurumun onsuz da azalmaqda olan nüfuzuna, imicinə əhəmiyyətli dərəcədə xələl gətirilməsi ilə, hətta zərbə vurulması ilə nəticələnə bilər.Ölkə başçısı işğaldan azad edilmiş ərazilərimizə vətəndaşlarımızın nə zaman köçürüləcəyi barədə sualı da cavablandırarkən, ermənilərin həmin ərazilərdə minalar basdırdığını, bu ərazilərin daim sayı artırılan öz minatəmizləyənlərimiz və hərbçilərimiz hesabına təmizləndiyini, təmizlənən ərazilərdə artıq qəsəbələrin, kəndlərin, şəhərlərin tikilməyə başladığını, infrastrukturun yaradıldığını da diqqətə çatdırıb. Azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayrıldığını da nəzərə çatdıran dövlət başçısı həmin ərazilərdə 30 il ərzində heç nə edə bilməyən Ermənistandan Azərbaycanın fərqini də göstərib. Bunu sübut edib ki, biz işğalçı deyilik, işğalçı ermənilərdən fərqli olaraq, işğalçının dağıtdığı, viran qoyduğu yerləri abad edənlərik.Əslində bu həqiqətləri bütün dünya da görməlidir və ölkə başçısının müsahibələrində qeyd etdiyi məqamlar da dünya ictimaiyyətinin diqqətinə bu həqiqətlərin təqdim olunmasıdır. Bu baxımdan cənab Ali Baş Komandanın dünyaca tanınan agentliklərə, nəşrlərə, mətbuat orqanlarına müsahibələri onun informasiya cəbhəsində, media müstəvisində də mükəmməl qələbələri kimi xarakterizə edilir. Məsələn, digərləri kimi, elə İspaniyanın EFE Agentliyi vasitəsi ilə də bu həqiqətlər sözsüz ki, ən azından həmin agentliyin öz auditoriyasına çatdırılır, eləcə də geniş öxucu kütləsi bu barədə məlumatlanır, Azərbaycanın haqlı olduğu barədə informasiyalar əldə edirlər.Ölkə rəhbəri regional əməkdaşlıq məsələləri barədə agentliyin suallarını cavablandırarkən nəzərə çatdırıb ki, biz “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyə Prezidentinin təklifini dəstəklədik, amma Ermənistan hələ ki, buna cavab verməyib. Bununla da ölkə başçısı yenə də Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe sərgilədiyinə diqqəti cəlb edib. Ələlxüsus, bu işğalçı ölkənin hələ də qeyri-konstruktiv mövqedən çıxış etdiyini məhz dünya ictimaiyyətinin diqqətinə Ali Baş Komandan çatdırıb və bu baxımdan da ölkə rəhbərinin İspaniyanın EFE Agentliyinə müsahibəsi də bundan əvvəlkilər kimi uğurlu müsahibə olaraq xarakterizə edilir.Ölkə başçısı bu müsahibəsində də əbəs yerə bildirmir ki, biz bu təklifi, regional əməkdaşlıq barədə təklifi tam dəstəkləyirik və təsadüfi olaraq qeyd etmir ki, əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq. Bununla dövlət başçımız düşmənçilik hərəkətlərinə qarşı olduğumuzu, Azərbaycanın sülhün tərəfində olduğunu, təhlükəsizliyin daha da yüksək səviyyədə təminatı üçün çalışdığını diqqətə çatdırır. Bəli, məhz dünya ictimaiyyətinin diqqətinə çatdırır ki, bizim Ermənistanla fərqimiz budur və Azərbaycan işğalçı ölkədən məhz sülhsevərliyi ilə fərqlənir.Əlbəttə ki, bütün bunlar, yəni, ölkə rəhbərinin çıxışları, bir-birinin ardınca dünya mediasına verdiyi müsahibələri, qətiyyətli mövqeyi nəinki dünya ictimaiyyəti, dünya dövlətləri, eləcə də beynəlxalq qurumlar tərəfindən yaxşıca başa düşülür və Azərbaycan haqqında Ermənistanın, erməni təəssübkeşlərinin yanlış olaraq formalaşdırdığı fikirləri alt-üst edir. Bir sözlə, cənab Prezidentin fikirləri ilə ermənilərin, ermənipərəstlərin, Ermənistanın təəssübkeşlərinin, onları dəstəkləyənlərin uzun illər, onilliklər boyunca Azərbaycan əleyhinə apardığı təbliğat puça çıxır və bu da Azərbaycanın, Ali Baş Komandanın informasiya savaşında, diplomatik müstəvidə növbəti qələbəsi deməkdir.
sia.az