“Müxalifətin qarışqanı fil eləməsi ümumən qəbul ediləndir. Amma gərək o qarışqanın da həqiqətən mövcudluğunu sübut edib, sonra onu böyüdüb fil etmək haqqında düşünəsən. Müxalifət adlandırılan siyasi oyunbazların filə döndərmək istədikləri qarışqa yoxdur”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müxalifət təmsilçiləri özlərini reklam etmək və gündəmdə qalmaqdan ötəri hər cür yaramaz əməllərdən istifadə edirlər: “Onlar məhz bu əməllərinə görə xarici qüvvələr tərəfindən maliyyə yardımları alırlar. Xarici pozucu qüvvələr öz məkrli istəklərini həyata keçirmək üçün müxalifət təmsilçilərindən bir vasitə kimi istifadə edirlər. Xaricdə olan bəzi qüvvələr Azərbaycan dövlətinin inkişafına qısqanclıq hissi ilə yanaşır, əldə olunan uğurlardan narahat olurlar. Ancaq birmənalı şəkildə demək olar ki, nə xaricdə olan bəzi qüvvələrin, nə də daxildə olan müxalifətin ölkəmiz ilə bağlı məkrli istəkləri heç vaxt baş tutmayacaqdır. Təəssüflər olsun ki, müxalifət qüvvələri Azərbaycanı istəməyən qüvvələrin maraqlarına xidmət edirlər. Amma onların nə deməsindən və nə etməsindən asılı olmayaraq bu qüvvələr heç nəyə nail olmayacaqlar. Çünki müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur və heç zaman da onlara ictimai dəstək olmayacaq”.
Gülyanə