“Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq bölgəyə yeni reallıqlar gətirib. Bu reallıqlar və Azərbaycanın qələbəsi artıq dünya tərəfindən qəbul olunur. Lakin bir sıra dairələr var ki, bu günə qədər hələ də ya Azərbaycanın qələbəsini həzm edə bilmir, ya da yeni yaradılmış reallıqlara uyğulaşa bilmir. Bunlardan biri də Azərbaycanın hər zaman dost və qonşuluq münasibəti bəslədiyi İrandır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.Onun sözlərinə görə, İranın son zamanlar Azərbaycana qarşı qərəzli, böhtan xarakterli bəyanatlarla çıxış etməsi və bunun əyalət mollasından başlamaqla rəsmi İranın mövqeyinə çatması qəbuledilməzdir: “İran əsassız iddialar edir ki, guya Azərbaycanda üçüncü dövlətin yəni, İsrailin hərbi birləşmələri mövcudur və bu da İran üçün bir təhdiddir. Eyni zamanda ara-sıra burada terrorçuların yerləşməsi barədə də əsassız iddialar edib. Cənab Prezident bu günlərdə Cəbrayıl səfəri zamanı bu məsələyə xüsusi toxunaraq qeyd edib ki, əgər, belə sübutları varsa, Azərbaycana təqdim etsinlər. Bu açıqlama özü elə İrana tərsinə vurulmuş sillədir”.Deputat qeyd edib ki, İran XİN naziri Moskvaya səfərə gedib və elə hava limanında təyyarədən enər -enməz döyülmüş uşaq kimi üçüncü bir dövlətdən şikayətlənməyə başladı ki, bu da hansısa dövlətin XİN nazirinə yaraşmayan addım idi: “Həmçinin, Moskvada keçirilən mətbuat konfransında İran jurnalistinin Rusiya XİN nazirinə Xəzərin statusu ilə bağlı ünvanladığı suala Lavrov qəti və prinsipal bir cavab verdi. O qeyd etdi ki, Xəzər dənizinin ratifikasiyası hələ uzun illərdir yeganə ölkə İran tərəfindən edilməyib. Ona görə də hərhansı üçüncü dövlətlərin burada hərbi təlimlərini keçirməsi qanunazidd addım deyil. İran jurnalistinin ikinci sualı isə Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimləri ilə bağlı idi. Lavrov bu suala da konkret cavab verərək bildirdi ki, məhz Azərbaycan da eyni zamanda sərhədləri yaxınlığında İranın hərbi təlimlərindən narazılığını ifadə edib”.C.Osmanov vurğulayıb ki, İranın son günlər əsassız iddialarına bölgənin digər dövlətləri tərəfindən lazımı cavablar verilir: “Eybi zamanda İran Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən hava məkanını da bağlayıb. Bu Azərbaycan üçün heç bir çətinlik yaratmadı. Çünki beynəlxalq konvensiyalara uyğun olaraq artıq münaqişə keçmişdə qaldığı üçün Azərbaycan Zəngəzur dəhlizi üzərindən uçuşlara başlayıb və bu da tamamilə qanuna müvafiq bir addımdır. İranın bu cür sərsəm bəyanatları, gülünc, əsassız iddiaları və birbaşa Azərbaycana qarşı qərəzli mövqe ilə çıxış etməsi birmənalı olaraq İranın özünə, onun gələcək inkişaf parametrlərinə və bölgədə artıq onun yeri olmadığına işarədir. İranın Azərbaycana qarşı qərəzli mövqedə çıxış etməsi məhz onun özünü bölgədə bir çox məsələlərdə kənarda qoyacaq”.
sia.az