PDF Oxu

Siyasət

  • 3 239

İslam: fanatizim, yoxsa vəhdət? - BƏHRUZ QULİYEV YAZIR

İslam: fanatizim, yoxsa vəhdət? - BƏHRUZ QULİYEV YAZIR

Prezident İlham Əliyev: “Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.”

İslam dini səmavi dinlər arasında ən gənci olsa da, onun nəinki müsəlmanlar, bütövlükdə bəşər övladı üçün əhəmiyyətli inanc mənbəyi olduğunu söyləyə bilərik.

Müqəddəs Qurandakı ayələr vasitəsi ilə İlahi kəlamlarının müəyyən etdiyi meyarlar və dəyərlər bütün dünya xalqlarının, millətlərinin bir araya gələrək, məhz İslam dini altında birləşməsini ehtiva etməkdədir. Əbəs deyil ki, məhz islam dinində irəli sürülən kəlamlar həm də milli-irqi ayrıseçkiliyin Allah qatında qəbuledilməz olduğunu vurğulayır. İslam dini bütün dövrlərin, bütün sivilizasiyaların dinidir və ondan əvvəl gəlmiş və zaman-zaman assimilyasiyaya uğramış əvvəlki dinləri də bütövləşmək dəvəti ilə tamamlayır.

İslam dininin müəyyən bəşəri modelləri mövcuddur

Əsrlərdən bəri müxtəlif xalqlar, millətlər arasında davam etmiş müharibələr, işğallar və iğtişaşlar səbəbindən islam dini də ondan əvvəl gəlmiş dinlər kimi bir sıra hallarda ya təhrif olunmuş, ya da ayrı-ayrı məqsədlərə yönəlmiş şəkildə təbliğ edilərək şəxslərin mənfəətlər əldəetmə maraqlarına hesablanmışdır. Əlbəttə ki, belə bir arzuedilməz mövcudluq nəticə etibarı ilə bəşəriyyət üçün göndərilmiş sonuncu səmavi dinin çoxsaylı məzhəblərə, qollara ayrılmasına şərait yaratmışdır.

Lakin etiraf edək ki, islam dininin bütövlükdə qorunub-saxlanılmasında, paralel olaraq həm dünyəvi, həm də ilahi tələblərə cavab verməsi gerçəkliyində fəaliyyət göstərən, çox olmasa da, müəyyən bəşəri modelləri mövcuddur. Düzdür, bu modellər bir-birindən tamamilə fərqlənir, lakin ümumilikdə onlar islamın, onun tarixi, mənəvi və s. ənənələrinin güvənliyinin saxlanılmasına xidmət edirlər. Həmin modellərə nümunə olaraq qardaş Türkiyəni, Pakistanı, Səudiyyə Ərəbistanını göstərə bilərik. Bu ölkələrin siyasi idarəçilik formaları fərqli olsa da, dini inanc və vəhdətlik prizmasından yanaşma tərzləri demək olar ki, mütənasibliyi nümayiş etdirir. Türkiyədə din dövlətdən ayrıdır, amma dövlətin öz tarixi ənənələrinə söykənərək, hətta siyasi məsələlərdə belə müəyyən addımlarını paralel olaraq atması islamın həm də dünyəvi olaylar qarşısındakı rolunu artırır. O cümlədən, Türkiyədə müxtəlif din mərkəzləri, dini icmalar rahatlıqla fəaliyyətlərini davam etdirirlər. Əbəs deyil ki, bu gün dünyada islamın Türkiyə modeli öz xüsusiyyətləri ilə seçilməkdədir.

Səudiyyə Ərəbistanı isə, məlum olduğu kimi, birbaşa islam qanunları ilə idarə olunur və nə qədər maraqlı görünsə də, bu ölkənin islamın paytaxtı, yaranışı mərkəzi olmasına rəğmən orada da digər müxtəlif dini konfessiyaları öz fəaliyyətlərini qurmaqdadırlar. Düzdür, bir sıra hallarda, yəni məzhəbçilik məsələlərində müəyyən dərəcəli fikir ayrılıqları olsa da, həmin fikir ayrılıqları normal qaydada – din bilicilərinin, alimlərinin müzakirələri, diskussiyaları ilə yoluna qoyulurlar. Bütövlükdə isə islamın Səudiyyə Ərəbistanı modeli həm müəyyən sərtliyi, həm də nəzərəçarpacaq yumşaqlığı ilə seçilməkdədir. Səudiyyə Ərəbistanında dini dözümlülüyün mövcud olduğunu söyləmək mümkündür.

Pakistan İslam Respublikası barədə də eyni fikirləri bölüşə bilərik. Bu ölkədə də çoxsaylı ayrı-ayrı dini konfessiyalar, məzhəblər mövcuddur. Lakin heç bir halda bu yöndə qarşıdurmalar baş vermir. Həmçinin, dövlətlə din bir araya gələrək artıq uzun illərdir ki, respublikanın inkişafında mühüm rollarını oynayırlar.

İranın zərərli “islam modeli” qığılcımlarının təhlükəsi

Ancaq elə “modellər” də var ki, onlar heç bir halda islam dininin vəhdət, birlik, qeyri ayrı-seçkilik çağırışlarına, İlahi dəvətlərinə cavab vermirlər - əksinə, fundamental müsəlmançılığın fanatizm yolu ilə parçalanmasına gətirib çıxarırlar. Belə bir “model” qonşu İran İslam Respublikasında tətbiq edilməkdədir. Ancaq İranın həm də Azərbaycanla qonşu olduğunu da qeyd etsək, haqqında bəhs edəcəyimiz zərərli “model” qığılcımlarının nə qədər təhlükəli olduğu qənaətinə gələrik.

Bildiyimiz kimi, özünü İslam Respublikası kimi təqdim edən İranda əsas dini-məzhəbi ağırlıq şiəlik üzərində dayanır. Yəni bu gün İran idarəçiliyinin dövlət strukturlarından tutmuş parlamentinə qədər və s. strukturlarına kimi əsas çəki şiə məzhəbi daşıyanlara aiddir. Yalnız cüzi şəkildə sünni və s. məzhəb nümayəndələri, habelə digər din daşıyıcıları mühüm vəzifələrdə yer almaqdadırlar. Lakin təəssüflə qeyd edə bilərik ki, İranda şiəlik məzhəbi, əslində, sui-istifadə mənbəyinə çevrilib və heç bir halda Allahın, Peyğəmbərin, onun ailəsinin getdiyi yolu tərənnüm etdirmir. Əksinə, İranda islam və şiəlik pərdəsi altında əxlaqsızlıq, dini-mənəvi dəyərlərə xas olmayan ifratçılıq barədə faktlar bu və ya digər şəkildə yayılmaqdadır. Təkcə sosial şəbəkələrdə, media aləmində belə faktlar minlərlədir.

İran həmsərhəd ərazilərimizi işğalçı Ermənistanla birgə narkotranzit kimi istifadə edib

Və nə qədər maraqlı görünsə də, İranda əmmamə və əba geyinib, özlərini şiəliyin tədris mərkəzi olan Qum şəhərinin “üləmaları”, “ayətullahları” adlandıran şəxslərin övladları istər İranın özündə gizli şəkildə, istərsə də Qərbi Avropa ölkələrində dinin inkar etdiyi, haram buyurduğu əməllərə əl atırlar, içki, gecə həyatı, narkomaniya, pozğunluq kimi yaşam tərzlərinə qapılırlar. Maraqlıdır ki, bu barədə onların “aşırı dindar” valideynləri xəbərdar olsalar da, heç bir tərbiyəvi tənbehlərə getmirlər. Əksinə, İranda sadə xalqdan, dini ocaqlardan, müqəddəs məkanlardan, ziyarətgahlardan qazandıqları pul-paralarını sevimli avropalı övladlarına yollayıb, necə deyərlər, kef çəkmələrinə daha geniş şəraitlər yaradırlar. Təbii ki, sadə iranlılar bu məsələlərdən halidirlər, amma ifadə edərkən, onları şallaq, həbs, hətta edam qərarları gözləyə bilər. Üstəlik, əldə edilən vəsaitlərin narkotik tranzitlərinə də sərf edildiyini sübut edən yüzlərlə faklar mövcuddur. Təkcə 30 illik işğal altında qalmış İranla həmsərhəd ərazilərimizin işğalçı Ermənistanla birgə narkotranzit kimi istifadə olunmasını qeyd edərsək, artıq bu məsələnin nə qədər islama, dinə zidd olduğunu vurğulaya bilərik.

O cümlədən, İranda aşırı radikal şiəçilik vasitəsinin ayaq açıb-yürüməsi təəssüf ki, zaman-zaman bizim ölkənin - Azərbaycanın da sərhədlərini aşa bilib. Biz, elə də uzağa getməyərək, 2015-ci ildə baş vermiş radikal şiə qruplaşmalarının Nardaranda törətdikləri qanlı iğtişaşları göstərə bilərik. Dini fanatizm və dağıdıcılıq çayırı kimi kök atan bu təhlükəli faktor eyni zamanda, milli zəmində də özünü göstərir, soyunu, kökünü unudan azərbaycanlılar zəhərli təbliğatlara uymaqla öz milli kimliklərindən belə imtina edirlər. Daha dəqiq desək, şovinizmlə yoğrulan dini fanatizm halları artıq sözdə dini məcradan aşkar siyasi və iyrənc məcraya doğru uzanır, kirli maraqların realizəsinə hesablanır.

Bu gün İran İslam Respublikası adlandırılan aşırı teokratiya idarəçiliyi öz cəmiyyətini dəmir çərçivə, yaxud barmaqlıqlar arasında saxlaması ilə yanaşı, həm də onun qonşu ölkələrə, xüsusilə də müstəqil, demokratik, multikultural və ən əsası, tolerantlıq etalonu kimi qiymətləndirilən Azərbaycan Respublikasına sirayət etməsinə cəhdlər göstərir. Biz bunu son vaxtlar məhz həmin maraqların yenidən baş qaldırması fonunda müşahidə etməli olduq.

Azərbaycan hüquqi və demokratik ölkə olması ilə yanaşı, həm də müsəlman ölkə kimi öz ayrıca, özünəməxsus islam modeli ilə dünyaya örnək göstərir. Dini fanatizmi deyil, vəhdət prinsiplərini qoruyub-inkişaf etdirən Azərbaycanda nəinki bu dinin ayrı-ayrı məzhəb nümayəndələri eyni məscidlərdə çiyin-çiyinə namaz və ibadətlərini həyata keçirirlər, həm də digər dinlərin nümayəndələri ilə qardaşlıq və barış içində yaşayırlar.

Bu gün Azərbaycana nə İran modeli, nə digər ölkələrin modeli lazım deyil. Eləcə də, Azərbaycana kənardan dini “təsir”, yaxud hər hansı göstərişə” də entiyac yoxdur və olmayıb, çünki Azərbaycanın öz dəyişilməz, möhkəm dayaqlara söykənən yanaşması var - bu, vəhdətlik və tolerantlıqdır. Azərbaycan xalqı və dövləti üçün əsas meyar multikulturalizm, tolerantlıq, bütün dinlərə hörmətlə yanaşma gerçəkliyidir və bu yanaşma ölkəmizdə tarixlər boyu, əsrlərdir ki, davam edir, bundan sonra da edəcək.

Azərbaycan çoxəsrlik tolerantlıq ənənələrinə, dövlət-din münasibətləri modelinə malik olan, fərqli sivilizasiyaların qovşağında yerləşən bir diyardır

Prezident İlham Əliyev öz çıxış və nitqlərində ölkəmizdəki dini-milli və etnik mühiti dəyərləndirərkən vurğulayıb ki, Azərbaycan zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən bir diyardır. “Ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub- saxlanmasında bizim xalqımıza xas olan humanizm və multikulturalist dəyərlərin müstəsna rolu vardır. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir”, deyə dövlət başçımız vurğulayıb.

Artıq göründüyü kimi, Azərbaycan dövləti bütün sahələrdə və bütün idarəçilik mexanizmlərində öz uğurlu tolerantlıq və multikultural modelini tətbiq edir və əbəs deyil ki, dünyanın bir çox aparıcı ölkələri bu modelə heyran qaldıqlarını gizlətmirlər. Çünki nümunə götürüləsi çox amillər vardır.

Azərbaycanda bütün xalqlar, millətlər, dinlər və məzhəblər bir araya gələrək 44 günlük Vətən müharibəsində sarsılmaz vəhdətçiliyi, birliyi bu modellə sübuta yetirdilər. Ən əsası isə, əgər bu vəhdəti pozmağa çalışan hər hansı xarici qüvvələr yenidən meydana çıxmağa cəhdlər göstərsələr, onlar bir daha yumruq kimi birləşərək həmin zərərli təsirləri dərhal aradan qaldıracaqlar.

Biz sözlə, İslam dini dünyəvi dindir, eyni zamanda, Azərbaycandan dünyaya təbliğ edilən sülh və əmin-amanlıq dinidir, bu, Azərbaycan modelidir!

Bəhruz QULİYEV, "Səs" qəzetinin baş redaktoru

Digər xəbərlər