"İranın 90-cı illərin əvvəllərindən başlayaraq həmişə Ermənistana müxtəlif platformalarda kömək etməsi faktı heç kimə sirr deyil. Bunu Azərbaycanda da, İranda da, dünyada da hamı bilir. İranın ümumiyyətlə, Qafqazla bağlı siyasəti həmişə çox mürəkkəb, qeyri-səmimi olub". Bunu SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, sözdə bizi din qardaşı adlandırsalar da, həmişə müsəlman qanı tökən erməni faşistlərinə dəstək olublar. Onlara istər maddi, istərsə də mənəvi dəstək veriblər. Yanacaqla və ərzaqla yardım ediblər. Eyni zamanda Şuşanın işğalı da İranın iştirakı ilə üçtərəfli görüş zamanı olmuşdur. Baxmayaraq ki, üçtərəfli müqavilə imzalanmışdı. İran bu görüşün təşəbbüskarı təşkilatçısı kimi ölkələrin ərazi bütövlüyünün tanınmasına zəmanət vermişdi. Ancaq ondan sonra heç bir addım atılmadı. Azərbaycanın ərazi bütövlüyü tanınsa da, İranın rəsmi və qeyri-rəsmi yollarla maşınları gələrək oranın bütün əmlaklarının talan edilməsində də fəal iştirak etmişdilər.
Musa Quliyev bu haqda fikrini belə izah edib: "Müharibə zamanı İranın bəyanatları neytral olsa da, müharibədən sonrakı dövrdə bölgədə davamlı sülhün və əməkdaşlığın olması Ermənistandan daha çox İranı narahat etdi. Bunun səbəbi aydın deyil. Amma hər halda bu yaxın qonşuluq əlaqələrinə uyğun deyildir. İranın son zamanlar istər dövlət səviyyəsində, istərsə də ayrı-ayrı şəxslər səviyyəsində özünü aparması heç bir qonşuluq və tarixi yaxınlıq münasibətlərinə sığmır. İran bir müsəlman və qonşu dövlət kimi öz siyasətində səmimi olsa daha yaxşı olar.
Ümumiyyətlə, İranda 30 milyona yaxın azərbaycanlının yaşaması faktorunu da onlar göz önünə almalıdırlar. Hesab edirəm ki, cənab Prezidentin Suqovuşan və Cəbrayılda etdiyi xəbərdarlıqdan İran rəsmiləri və İrandakı ermənipərəst qüvvələr lazımi dərsi götürəcəklər".