PDF Oxu

Siyasət

  • 4 581

Bölgədə yaranmış yeni reallıqların detalları - EKSPERT RƏYİ

Bölgədə yaranmış yeni reallıqların detalları - EKSPERT RƏYİ

“Azərbaycan dövləti və xalqı üçün 44 gün sadəcə torpaqlarının işğaldan azad olunması baxımından deyil, həm də onun əsl dostun, düşmənin ya da daha təhlükəlisi üzdə bir cür görünüb, reallıqda isə tamam fərqli addımlar atan tərəflərin üzə çıxması baxımından əhəmiyyətli, strateji günlərdir. İlkin vaxtlarda Azərbaycan bölgədə yaranmış yeni reallıqlara İranın verdiyi reaksiyaları emosional reaksiyalar kimi dəyərləndirsə də hadisələrin axarı, ya da Azərbaycanın bəyanatlarına, mövqeyinə İranın məhəl qoymaması onu göstərdi ki, məgərsə İran regionda Azərbaycanın gücünün artmasından, mövqeyinin və nüfuzunun daha da möhkəmlənməsindən olduqca böyük narahatlıq keçirir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.Onun sözlərinə görə, 90-cı illərdən bu yana Ermənistanı özünə qardaş hesab edən İran bircə faktı nəzərə almalı idi ki, Azərbaycan dövləti heç bir zaman qonşu dövlətin torpağını işğal etməyib, ya da ərazi iddiası ilə çıxış etməyib: “Azərbaycan tərəfi səsləndirdiyi bəyanatlarla hər zaman əzəli torpaqlarını işğaldan azad edəcəyini bildirib və beynəlxalq hüquqa uyğun olaraq da buna tam haqqı çatır. Regionda daimi sülhə doğru addımların atıldığı bir zaman kəsiyində İran öz xarici siyasətində, atdığı addımlarda, səsləndirdiyi bəyanatlarda bu məsələləri nəzərə almalı idi. Axı hətta müharibə bitəndən sonra İran ən ali səviyyədə bəyan etmişdi ki, bərpa-quruculuq işlərində Azərbaycana dəstək olacaq. Təəssüf ki, son zamanlar bunun əksinə olan davranışların şahidi olduq. Sərhəddə silah-sursat yığmaq bu məqamda nəyə və kimə lazım idi? İranın əlində bir fakt, bircə faktı da yox idi ki, burada İsrail amili var. Azərbaycan illər ərzində ən yüksək səviyyədə mövqeyini səsləndirdi ki, heç bir zaman öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan verməyəcək. İran isə illər ərzində Ermənistanla müxtəlif sahələr üzrə müqavilələr imzaladı, əməkdaşlıq etdi, biznes forumları keçirdi. Ermənistanın “newsarmenia” nəşri 4 oktyabr 2021-ci il tarixində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zoxuri ilə görüşündən xəbər verdi ki, bu görüş əsnasında səfir Tehranın qardaş Ermənistanla münasibətləri ən yüksək səviyyədə inkişaf etdirməyə çalışacağını vurğulayıb. İran Ermənistanı qardaş hesab edir”.Politoloq qeyd edib ki, yeni yaranmış geosiyasi reallığa uyğun olaraq Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan altılıq platforması ilə çıxış etdi: “Bu təşəbbüsü ilk dəstəkləyən ölkə Azərbaycan oldu. Rusiya da bu təşəbbüsü dəstəklədi. Sonuncu dəfə Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Moskvada keçirilən mətbuat konfransında bildirdi ki, bu gün gündəlikdə duran məsələ bölgədə “3+3” formatının yaradılması imkanlarıdır. Formatda Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə təmsil olunacaqlar. Sözügedən format nəqliyyat, kommunikasiyaların açılmasını özündə ehtiva edir ki, bundan da bütün region ölkələri, xalqları faydalanacaq. Yeni yaranmış reallıq regional aviasiya təhlükəsizliyi qaydalarında da dəyişiklikləri qaçılmaz etdi. “Azərbaycan Hava Yolları” aviaşirkəti oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başladı. Yəni, artıq Azərbaycan beynəlxalq konvensiyalara uyğun olaraq Zəngəzur dəhlizinin üzərindəki hava məkanından istifadə edərək uçuşlar yerinə yetirir. Eynilə, Ermənistanın mülki təyyarələri də Azərbaycan hava məkanından kəçən dəhlizlərdən istifadə edə bilərlər. Bu məsələ təbii ki, regionda kommunikasiyaların açılmasının növbəti nümunəsidir. Bütün region ölkələrinin qarşısında yeni iqtisadi perspektivlər açan 11 yanvar 2021-ci ildə imzalanmış Moskva bəyanatı Cənubi Qafqazın iqtisadi mənzərəsini, nəqliyyat xəritəsini yeni reallıqlar əsasında formalaşdırmağı nəzərdə tuturdu. Bu məsələ həm də Ermənistanın illər ərzində düşdüyü blokadadan çıxmasına kömək edir. Belə ki, Ermənistanın tranzit ölkəyə çevrilməsi ilə İranın hava məkanından istifadə etməsinə ehtiyac qalmır”.Ş.Həsənova vurğulayıb ki, digər bir reallıq isə Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşü, Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlıq formatıdır ki, bu da danışıqlar və təmasların artıq başlamasından xəbər verir: “İstisna olunmur ki, gələcəkdə də bu cür görüşlər keçirilsin. Azərbaycan hər zaman ən yüksək səviyyədə bəyan edib ki, danışıqlara, dialoqa açıqdır, çünki Azərbaycanın çəkinəcəyi heç bir məsələ yoxdur. Hətta işğal dövründə belə dövlətimiz bəyan edirdi ki, fikir ayrılıqları danışıqlar yolu ilə həll oluna bilər. Azərbaycan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiqdir, qarşı tərəfdən də bunu gözləyir. Həll olunmayan məsələlər həllini tapmalıdır. Sərhədlərin delimitasiyası üzrə danışıqlar başlamalıdır, kommunikasiyalar açılmalıdır. Bu baxımdan da təbii ki, görüşlərin keçirilməsi lazımdır. Bəlli qüvvələr də nəzərə almalıdırlar ki, danışıqların, müzakirələrin baş tutması təbii bir prosesdir, bu başlayıb və mütləq davam edəcək”.

Aysel Məmmədova

sia.az

Digər xəbərlər