“Şuşaya gedən zaman təəssüratlarımız olduqca qarışıq oldu. Yəni həm kədər dolu, həm də qürurverici təəssüratlarımız var”. Bunu Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Şuşaya Füzuli şəhərindən keçməklə getdik. Mən Füzuli şəhərində sonuncu dəfə 1990-cı ildə olmuşam: “Faktiki olaraq gördük ki, şəhər yerlə-yeksan olub, yoxdu şəhər. Yəni Ağdam kimi Füzuli şəhərində dağılıb. Burada bir daha erməni vandalizminin, vəhşiliyinin şahidi olduq. O cığırı ki, Şuşaya doğru bizim qəhrəman əsgərlərimiz açıblar bu gün o yol Zəfər yolu adlanır. O yolun möhtəşəmliyinə valeh olduq. Qısa müddət ərzində burada çox böyük işlər görülüb. Artıq Zəfər yolu tam olaraq istifadəyə verilib və həmin yolla biz Şuşaya daxil olduq. Azərbaycan ordusu, əsgəri həqiqətən də çox möhtəşəm zəfər qazanıb. Bu gün Şuşada bərpa-quruculuq işləri aparılır, çox böyük işlər görülür. Elə yol boyu da bunun şahidi olduq. Amma qarşıda hələ çox görüləcək işlər var. Hazırda rus hərbiçilərinin məsuliyyət dairəsi adlandırılan ərazilərinin də tam olaraq Azərbaycanın nəzarətində olması və həmin ərazilərin də bərpa olunması üçün bizim görüləcək işlərimiz var. Məhz bundan sonra 30 ildən artıq müddət ərzində geri qayıtmalarını səbirsizliklə gözləyən vətəndaşlarımızın həmin ərazilərdə məskunlaşdırılması üçün bu gün bəlkə əvvəlkindən də artıq birliyə ehtiyacımız var. Dövlətimizin yanında olub dövlətimizə dəstək vermək lazımdır. Yəni millət olaraq bir olmalıyıq ki, bu hədəfə çataq və o günlərin də sevincini yaşayaq”.
GÜLYANƏ