“ATƏT-in Minsk Qrupunun həmsədr olan dövlətlərinin xarici işlər nazirləri bir araya gələrək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü mümkün hesab etmişdilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.
Onun sözlərinə görə, bundan öncə dəfələrlə Azərbaycan Respublikasının Prezidenti bəyan etdi ki, Ermənistan prezidenti ilə danışıqlara hazırdır: “Ancaq Dağlıq Qarabağın statusu məsələsi müzakirə predmeti ola bilməz. Çünki zamanında dəfələrlə Dağlıq Qarabağın statusunun müzakirəsi ilə bağlı Azərbaycan tərəfinin təkliflərini Ermənistan birmənalı şəkildə rədd etdi və şərt qoydu ki, ya Dağlıq Qarabağ müstəqil olmalıdır, ya da Ermənistanla birləşməlidir. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu məsələni kökündən həll etdi. Cənab Prezident birmənalı şəkildə daim bəyan edib ki, bu məsələ müzakirə mövzusu deyil. Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə yalnız Azərbaycanın ərazi bütövlüyünün tanınması, delimitasiya və demarkasiya məsələlərinin önə çıxarılması məsələri müzakirə oluna bilər. Bundan əlavə 10 noyabr üçtərəfli bəyannaməsinin şərtlərinin yerinə yetirilməsi və oradan silahlı qüvvələrin ərazidən çıxarılması, Zəngəzur dəhlizinin bərpası kimi məsələlər müzakirə oluna bilər. Yəni Azərbaycan tərəfi qalib tərəf kimi bu danışıqlara getməyə hazırdır. Bunun da nəticəsi heç vaxt Azərbaycanın ziyanına ola bilməz”.
Arzu Qurbanzadə