"Cənab Prezident öz çıxışlarında dəfələrlə deyib ki, 44 günlük Vətən Müharibəsində qazandığımız möhtəşəm Zəfər bölgəyə yeni reallıqlar gətirdi. Bu yeni reallıqlar təkcə region dövlətləri arasında qüvvələr balansını, siyasi, iqtisadi, hərbi münasibətləri ehtiva etmir, həm də keçib gəldiyimiz tarixi yola daha cəsarətlə baxmağı, bu yola səpələnmiş daşları yığıb öz yerinə qoymağı, bəzən də bu daşları yerdən qaldırıb, yollarımıza düzənlərin başına vurmağı zəruri edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Əziz Ələkbərli deyib.Onun sözlərinə görə, tarixin sübh çağından üzü bəri çoxlu sayda imperiya və dövlətlərin beşiyi olmuş Azərbaycan, nəhayət, növbəti dəfə özünün layiq olduğu və haqq etdiyi zirvəyə qalxıb: "Bu zirvədən artıq dörd tərəf ovuc içi kimi görünür, dünyanın oğrusu da, doğrusu da, əyrisi də, düzü də gözümüzün qabağındadır. Əslində, biz 1991-ci ildə bərpa etdiyimiz müstəqilliyi doya-doya yaşamadıq. 1988-ci ildə alovlandırılan Qarabağ münaqişəsi, ardınca 1988-1991-ci illərdə tarixi torpaqlarımız olan Qərbi Azərbaycandan 300 min soydaşımızın, sonra da suveren ərazilərimizdən 800 minə yaxın vətəndaşımızın dədə-baba yurdlarından qəddarlıqla qovulması, torpaqlarımızın işğal edilməsi müstəqilliyin azad havasını ciyərlərimizə dərindən çəkməyə bizə imkan vermədi. Biz ilk dəfədir ki, müstəqilliyin zəfərini, zəfərin müstəqilliyini yaşayırıq. Bu siyasi terminlərə öz məna yükünü qaytarmağın da vaxtı çatmışdır. Bu milləti Zəfərə qovuşduran və Zəfəri bu millətə bəxş edən Müzəffər Ali Baş Komandanın taleyinə tariximizin müstəqillik anlayışına aydınlıq gətirmək də yazılıb. Bəli, 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı və Cümhuriyyət mayın 28-də dünyaya bəyan etdiyi İstiqlal Bəyannaməsinin elə ilk maddəsində “Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir” deyə Azərbaycanın müstəqilliyini elan etdi. Buna görə də 28 may tarixinin Müstəqillik Günü kimi təsbit edilməsi taleyin hökmüdür. Lakin təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti həmin vaxt cəmi 23 ay yaşadı və 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının işğalı nəticəsində Azərbaycan öz müstəqilliyini itirdi".Əziz Ələkbərli fikirlərinə davam edərək həmçinin qeyd edib ki, nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi: "Konstitusiya Aktında Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu” elan etdi. 6 fəsil, 32 maddədən ibarət Konstitusiya Aktında göstərildi ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Bundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı, himni və gerbi bərpa olundu. Göründüyü kimi, hər mənada 1991-ci il oktyabrın 18-də Azərbaycan tarixində baş vermiş hadisə 1920-ci ildə itirilmiş müstəqilliyin bərpa olunmasıdır. Ona görə də 18 oktyabr tarixinin Müstəqilliyin bərpası günü kimi qəbul edilməsi də tamamilə qanunauyğundur. Beləliklə, Azərbaycanın yeni tarixi yazılmaqda davam edir, bu tarixi yaradan da, yazan da Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir".
Arzu Qurbanzadə