PDF Oxu

Siyasət

  • 3 842

“Müharibə cinayətkarları mütləq layiq olduqları cəzaları alacaqlar” - ANAP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Müharibə cinayətkarları mütləq layiq olduqları cəzaları alacaqlar” - ANAP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Moskvada üç ölkənin xarici işlər nazirlərinin 11 saat davam edən danışıqlarından sonra 10 oktyabr 2020-ci il tarixdən humanitar atəşkəs barədə razılıq əldə olundu. Çəkdiyi imzaya sadiq olan Azərbaycan rəhbərliyi silahlı qüvvələrə atəşi dayandırmaq barədə tapşırıq verdi və ordumuz yüksək intizam nümayiş etdirərək atəşkəsə əməl etdi”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, ancaq imzalanmadan bir neçə saat keçməmiş Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistanın Berd rayonundan raket atəşinə tutuldu: “Bu vəhşi hücum nəticəsində 8 nəfər həlak oldu, 34 nəfər (16 qadın, 6 uşaq) yaralandı, 10-dan artıq yaşayış evi, 100-dən yuxarı mülki obyektlər zərər gördü.

Ermənilərin Berd rayonundan Gəncəni raket atəşinə tutmasında əsas məqsəd Azərbaycanı təxribata çəkmək və Ermənistan ərazisinin bizim tərəfimizdən atəşə tutulmasına nail olmaq idi. Yalnız bu halda KTMT-ni hərbi əməliyyatlara cəlb etmək mümkün ola bilərdi. Lakin Azərbaycan rəhbərliyi bu təxribata uymadı və Ali Baş Komandan - “biz dinc əhali ilə müharibə aparmırıq, həlak olan həmvətənlərimizin qisasını döyüş meydanında alacağıq!”-dedi.

Həmin günlərdə hamıya məlum idi ki, Ermənistan ərazisindən Gəncəyə raket atılması barədə göstərişi yalnız erməni silahlı qüvvələrinə rəhbərlik edən Baş nazir Nikol Paşinyan tərəfindən verilə bilər. Baxmayaraq ki, ermənilər bu iddiaları təkzib edir və ümumiyyətlə, raketin Ermənistan ərazisindən atıldığını boyunlarına almırdılar, dövlətimizin rəsmi şəxsləri faktlar əsasında bunu sübut etdilər.

Bu gün N.Paşinyan hələ cinayət məsuliyyətinə cəlb olunmayıb. Dinc Azərbaycan əhalisinə raket hücumu barədə əmr verməsi ilə qürrələnən A.Arutyunyan da, Xocalı faciəsinin əsas təşkilatçılarından olan V.Sarqsyan da hələ layiq olduğu cəzanı almayıblar. Ancaq həm onlar, həm də digər müharibə cinayətkarları məsuliyyətə cəlb olunacaq və mütləq layiq olduqları cəzaları alacaqlar”.

GÜLYANƏ

Digər xəbərlər