Vətən müharibəsinin ildönümünün qeyd edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov, partiyanın fəalları Vətən müharibəsinin şəhidi Fətəliyev Səmural Ayaz oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarını ziyarət edərək, əziz xatirəsini böyük ehtiramla anıblar. Daha sonra şəhidimizin anım mərasimi doğulub boya-başa çatdığı ata ocağında davam etdirilib. Mərasimdə Vətən müharibəsinin qəhrəmanı, şəhid Mehrab Niftəliyevin atası Zöhrab Niftəliyev, qəhrəman şəhidlərimizin valideynləri, Əlibəyqışlaq kənd sakinləri və məktəblilər iştirak ediblər. Mərasimdə Yusif Abidov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün xalqımız haqq-ədalət uğrunda müharibədə Zəfər çalmış Vətən övladlarını heç zaman unutmayacaq. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, daim ürəklərdə yaşayacaqlar.
Sonra Y.Abidov mərasimdə iştirak edən şəhid valideynlərinin qayğıları ilə maraqlanaraq, YAP Quba rayon təşkilatı tərəfindən şəhid ailələrinə, qazilərə hər zaman diqqət və qayğı göstərildiyini, bundan sonra da şəhid ailələrinin, qazilərin diqqətdə saxlanılacağını bildirib. Anım mərasimində Vətən müharibəsi qəhrəmanı, şəhid Mehrab Niftəliyevin atası Zöhrab Niftəliyev Prezident Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdiyi böyük diqqət və qayğıya görə, minnətdarlıqlarını bildirib.
Nəzakət ƏLƏDDİNQIZI