PDF Oxu

Siyasət

  • 9 008

Ermənistanın müharibə cinayətləri: Gəncə terroru TƏHLİL

Ermənistanın müharibə cinayətləri: Gəncə terroru TƏHLİL

Prezident İlham Əliyev: "Hədəf məhz Gəncə şəhərinin əsas prospektində mülki əhalini məhv etmək idi"

"Müharibə dövründə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü. Özü də ən maraqlısı budur ki, gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Bilirsiniz, bu, ifrat həyasızlıqdır. Bəs kim edib? Biz özümüz vurmuşuq?" Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalına müsahibə verərkən bildirib. Bu, ermənilərin növbəti təxribatı idi. Gəncə terroru bir daha erməni xislətini ortaya qoymuş oldu. İllər, qərinələr keçsə də belə ermənilərin faşist ideologiyası tarixin dönəmlərində özünü göstərmiş və son dövrdə də bunun acı nəticəsini yaşamış olduq. 2020-ci ilin oktyabr ayında cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə ayrı-ayrı zamanlarda bombalanması erməni vəhşiliyinin bir nümunəsi olaraq dünya ictimaiyyətinin gözü qarşısında baş verdi. Gəncəyə ilk hücum 4 oktyabrda baş verdi və 1 mülki şəxs Əliyev Tunar Qoşqar oğlu şəhid oldu, 30-dan çox mülki şəxs yaralandı. Bu raket hücumu müharibənin getdiyi ərazidən kənarda edilən ilk ciddi hücum idi. Qeyd edək ki, birinci dəfə OTR-21 TOÇKA ballistik raketindən Gəncə şəhəri vuruldu. Daha sonra Gəncə bir daha raket hücumuna 5 oktyabrda məruz qaldı. Hücum nəticəsində 3 mülki şəxs yaralandı. Üçüncü raket hücumunda həlak olan və yaralanan olmadı. Düşmənin silahlı qüvvələrinin 11 oktyabr tarixində gecə saat 02 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak oldu, 28 nəfər yaralandı. Çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəydi. Ermənistan silahlı qüvvələri "Toçka-U" raket sistemindən istifadə edərək, Gəncədə insanların sıx yaşadığı məntəqəni atəşə tutdu. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən, elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almışdır.

"BU, DÜNYADA ANALOQU OLMAYAN HƏYASIZLIQDIR"

Ermənistanın mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da vardır. "İllər boyu deyirdilər ki, azərbaycanlılar erməniləri ittiham etmək üçün Xocalıda soyqırımını özləri təşkil ediblər", - deyə bildirən Cənab Prezident bunun dünyada analoqu olmayan həyasızlıq olduğunu bildirib: "Hərçənd, bu tipli raketlər barədə az-çox anlayışı olan bütün insanlara məlumdur ki, tapşırıq verilir, hədəf seçilir və raket düz həmin hədəfə doğru gedir. Yəni, hədəf məhz Gəncə şəhərinin əsas prospektində mülki əhalini məhv etmək idi. Onların siyasətinin və deyərdim ki, mənliyinin göstəricisi budur. Onlar döyüş meydanında məğlubiyyətin acığını çıxmağa və ya bizdən qısas almağa çalışırdılar. Bu, birincisi. İkincisi, onlar düşünürdülər ki, bizi dayandıracaqlar. Onlar fikirləşirdilər ki, zərər çəkmiş insanlar öz ölkəsinin hakimiyyətindən hərbi əməliyyatların dayandırılmasını tələb edəcəklər, onların niyyəti belə idi. Lakin onlar yanılırdı. Onlar ordunun döyüş qabiliyyəti və Azərbaycan xalqının mənəvi ruhu baxımından bizi lazımınca qiymətləndirmirdilər. Yaxınlarını itirmiş, özləri uçqunların altından güclə çıxmış insanlar deyirdilər ki, yalnız irəli gedin. Mən çoxlu sayda müraciətlər, məktublar alırdım, yazırdılar ki, biz ölməyə hazırıq, lakin öz torpaqlarımızı qaytarmalıyıq. Ermənilərin bu niyyəti də baş tutmadı".

XX YÜZİLLİKDƏ İNSANLIĞA QARŞI TÖRƏDİLƏN ƏN AMANSIZ SOYQIRIMI

Ötən əsrin ən böyük faciələrindən biri kimi tariximizdə iz salan Xocalı soyqırımı XX yüzillikdə insanlığa qarşı törədilən ən amansız faciələrdən sayılır. 1992-ci il fevralın 25-dən 26 - na keçən gecə - Xocalı soyqırımı xalqımızın növbəti faciəsinin yaşadığı bir tarixdir. Yeddi min əhalisi olan Xocalı erməni terrorçu qrupları keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasının tərkibində olan 366-cı alıyının köməyi ilə müxtəlif növ silahlardan atəşə tutularaq yerlə-yeksan edilmişdir. Qəddarcasına həyata keçirilmiş terror əməliyyatı nəticəsində 613 nəfər şəhid olmuş, onlardan 56-sı xüsusi qəddarlıqla qətlə yetirilmiş, 487 nəfər ağır yaralanmış 1430 nəfər əsir götürülərək, amansız işgəncələrə məruz qalmış, onların 135 nəfərinin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri isə qocalar olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 27 ailənin hərəsindən yalnız bir nəfər sağ qalmışdır.

"BİZ HƏRBİ CİNAYƏTKARLARIN MƏSULİYYƏTƏ CƏLB EDİLMƏSİ ÜÇÜN CİDDİ HÜQUQİ TƏDBİRLƏR GÖRƏCƏYİK"

44 günlük Vətən müharibəsində ermənilərin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması onların çirkin niyyətlərini bir daha göz önündə canlandırdı. Uşaq, qoca terrora məruz qaldı. Elə Bərdədə də yaşanılan hadisələr də ermənilərin faşist əməllərini təsdiqlədi. Beləliklə, dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlər törədirlər. Bütün bunların planı əvvəldən hazırlanmışdır. "Hərbi cinayətlər üzrə beynəlxalq tribunal kifayət qədər siyasiləşdirilmiş, ikili standartlara, fərqli yanaşmalara əsaslanan təsisatdır və son illərin hadisələri bunu dəfələrlə sübut edib", - bildirən Cənab Prezident qeyd edib ki, Ermənistanın Qərbdə mövcud olan bu cür lobbist potensialı, Ermənistanın bir sıra Qərb ölkələri ilə xüsusi münasibətləri nəzərə alınmaqla, tam səmimi deyirəm, bizim buna nail olacağımıza ümid etmək çətindir:"Hətta buna nail olsaq belə, onun Azərbaycana qara yaxmaq üçün növbəti vasitəyə çevrilməyəcəyinə, ədalətli məhkəmə olacağına zəmanət yoxdur. Lakin bununla bərabər, əlbəttə, müharibə dövründə törədilmiş hərbi cinayətlərlə bağlı bütün faktlar sənədləşdirilib və təbii ki, biz hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün ciddi hüquqi tədbirlər görəcəyik".

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, dövlətimizin gücü, rəşadətli ordumuzun dönməzliyi nəticəsində xalqımız qələbə sevincini yaşadı. Bu gün işğaldan azad olunan torpaqlarda Azərbaycan bayrağı dalğalanır və yeni bir həyat canlanır. Qarabağ Azərbaycandır!

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər