İran məhkəməsi ötən ilin Azərbaycan ordusuna dəstək məqsədi ilə Ərdəbilin Ciral parkında aksiya keçirmiş 12 nəfər azərbaycanlı fəala hökm oxuyub. SİA-ya daxil olan məlumata görə, hökmdə bildirilir ki, Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtaza Pərvin, Müctəba Pərvin, Həmin Heydəri, Məhəmməd Colani, Səccad Colani, Sübhan Bəxşi, Mehdi Xuşmənd, Pərviz Siyabi və Bəhmən Xeyrcu hərəsi ayrı-ayrılıqda hüquq-mühafizə orqanlarının tələblərinə məhəl qoymadıqlarına görə 7 ay 16 günlük həbs cəzası alıblar.
Fəallara ictimai sabitliyi pozduqlarına görə bundan əlavə 74 şallaq cəzası da kəsilib.
Qeyd edək ki, Qarabağın erməni işğalından azad edilməsi uğrunda Vətən müharibəsinə başlayan Azərbaycan ordusuna dəstək məqsədi ilə İranın bir çox əyalətlərində və şəhərlərində soydaşlarımız tərəfindən kütləvi dəstək aksiyaları keçirilib. Onlardan biri də 2020-ci ilin 28 sentyabrında Ərdəbilin Ciral parkında baş tutub. Polis aksiya iştirakçılarına qarşı aşırı zor gücü tətbiq edərək onları döyüb və həbs edib.
Cənubi Azərbaycanın digər bölgələrində, eləcə də Tehranda keçirilən aksiyalarda çoxsaylı soydaşlarımız saxlanılaraq məhkəmələr qarşısına çıxarılıblar. Onların təşkilatçıları saxlanılsalar da, sonradan müəyyən edilmiş girovlar müqabilində müvəqqəti olaraq azadlığa buraxılıblar. Lakin məhkəmələr öz işlərini davam etdirirlər.