“Cənab Prezident Hadrutda Xocavənd rayonunun nümayəndələri ilə görüşəndə çox mühüm məqamlara toxundu. İlk növbədə 30 il işğal altında olan bu bölgəni səfalət və demək olar ki, çox ağır bir vəziyyətə salan işğalçılar görəcəklər ki, Azərbaycanın Böyük Qayıdış layihəsi bu bölgəni necə cənnətə çevirəcək.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Millət vəkili qeyd edib ki, bir neçə istiqamətlərdə işlər artıq başlayıb və cənab Prezident baş planı təsdiq etdikdən sonra ümumiyyətlə, bu bölgədə tamamilə fərqli mənzərə olacaq.
“Bölgənin tarixi ilə bağlı, ermənilərin məhz İrandan bura köçürülməyini cənab Prezident xüsusi qeyd edib. Ümumiyyətlə, ermənilər Qarabağa ya İrandan, ya Rusiya imperiyası dövründə Osmanlı imperiyasının ərazisindən köçürülmüşdü. Əsas məqsəd də erməniləri burada yerləşdirərək, Azərbaycan türklərini öz qardaşları ilə bir-birindən ayırmaq olub.
İranda çox vaxt qeyd edirlər ki, biz Ermənistanla bir millət iki dövlətik. Hər iki müharibə dövründə, birinci və ikinci Vətən müharibəsi dövründə və müharibə bitəndən sonra ermənilərə belə dəstək vermək, onların demək olar ki, canfəşanlığı bilavasitə məhz sıx maraqlarla bağlıdır. Digər ölkələrdən də biz belə bir dəstək görürük. Məsələn, status vermək tələbləri ilə rastlaşırıq. Statusu o ölkələr versinlər ki, onların ermənilərə böyük qayğıları var. Məsələn, İranda bütün milli azlıqlar arasında heç bir milli azlığın ermənilər qədər yüksək səviyyəli haqları yoxdur. Onların məktəbləri var, kilsələri var, hətta alkoqol istehsal etmək hüquqları var. Kaliforniyada bir milyon yarım erməni məskunlaşıb. Fransada da ermənilər məskunlaşıblar. Kim status vermək istəyirsə, öz ərazisində versin. Azərbaycan artıq heç kimə öz ərazisində imkan verməyəcək ki, gəlib Azərbaycandan nələr isə tələb etsin.
Münaqişə bitib, Azərbaycan Silahlı Qüvvələri bu münaqişəyə son qoyub və beynəlxalq hüquq normaları çərçivəsində BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan icra edib, Minsk Qrupunun yerinə bütün işləri Azərbaycan görüb. Ona görə də, kim erməni qardaşlarına status vermək istəyirsə, öz ərazisində, öz ölkəsində bunu edə bilər”, deyə Asim Mollazadə bildirib.